“Gələcəkdə yalnışlara yol verməmək üçün biz bu dərsləri yaxşı öyrənməliyik” Gündəm

“Gələcəkdə yalnışlara yol verməmək üçün biz bu dərsləri yaxşı öyrənməliyik”

“Azərbaycan xalqı cəlb edildiyi 30 illik münaqişədən, müharibədən Azərbaycan Prezidentinin müdrik siyasəti, qətiyyəti sayəsində xilas olmağı bacardı. Biz Azərbaycan Prezidentinin sayəsində məğlub edilmiş kimi göstərilən bir xalqdan qalib xalqa çevrildik”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu əlavə edib ki, ancaq həm müharibənin gedişində, həm elə münaqişə dövründə bir şey aydın idi ki, işğalın davam etməsi, Ermənistanın qalib gəlməsi üçün istər beynəlxalq təşkilatlarda, istər siyasi liderlər tərəfindən Azərbaycanın milli iradəsi üzərində ciddi təzyiqlər vardı: “Erməni lobbisi, islamafob mərkəzlər status-kvonu qorumağa cəhd göstərirdilər. Belə olan halda qətiyyətli qərar qəbul etmək və qəbul edilmiş bu cəsarətli qərarı icra etmək yalnız böyük siyasətçilərə nəsib ola bilərdi ki, Azərbaycan Prezidenti bunu etdi”.

Deputatın sözlərinə görə, amma hazırda müharibədən artıq 5 il keçib və biz vaxtilə Azərbaycana meydan oxuyan, torpaqlarımızı işğal edən, ölkəmizə qarşı hərbi cinayətlər törədən separatçıların bu gün Azərbaycan ədalət mühakiməsi qarşısında cavab vermələrinə şahidlik edirik: “Bu da tamamilə fərqli bir reallıqdır. Dünənə qədər ağlımıza gəlməyən, olması mümkün hesab edilməyən bir hadisə bu günümüzün reallığıdır və biz bu prosesdə çoxsaylı ibrət dərsləri görürük. Ondan nəticə çıxarmaq, gələcəkdə yalnışlara yol verməmək üçün biz bu dərsləri yaxşı öyrənməliyik”.

O vurğulayıb ki, bunlardan biri də mühakimə edilən hərbi cinayətkarların, əslində, Ermənistan tərəfindən idarə olunduğu həqiqətidir: “Azərbaycan torpaqlarını işğal etmək üçün qondarma rejim yaradıb, onu Azərbaycanın ərazi bütövlüyünə qəsd etməyə sövq edən də Ermənistan hakimiyyəti olub. Amma bütün bu qaranlıq günlərimizin, məşəqqətli keçmişimizin fonunda bir gur işıq, zəka, parlaq istedad var ki, bu, Azərbaycan Prezidentinin həm xalqımızın lideri kimi, həm xalqımızın böyük övladı kimi, həm də böyük sərkərdə və strateq kimi xalqımıza bəxş etdiyi qələbənin işığıdır, nurudur. Bu keyfiyyətlər, bu reallıq bizi heç şübhəsiz ki, gələcəkdə daha böyük qələbələrə aparacaq, daha güclü, qüdrətli Azərbaycana qovuşduracaq”.

Röya İsrafilova