18:34
497
“ABŞ rəsmisinin Ermənistana mümkün səfəri ilk növbədə simvolik dəstək xarakteri daşısa da, bunun arxasında daha ciddi siyasi mesajlar dayanır”.
Bunu politoloq Vaqif Hüseyn “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun hər hansı ölkədə iqtidara münasibətində həm şəxsi-siyasi, həm də dövlət səviyyəsində yanaşmalar mövcuddur:
“ABŞ vitse-prezidenti JD Vancein Macarıstana səfəri daha çox Donald Trumpın Viktor Orbána şəxsi dəstəyi kimi qiymətləndirilirdi. Lakin ABŞ dövlət katibi Marco Rubionun Ermənistana mümkün səfərinin artıq ABŞ dövlətinin strateji yanaşmasının göstəricisi olduğunu vurğulayıb.Vaşinqton Ermənistandakı mövcud hakimiyyəti dəstəkləməklə regiondakı siyasi maraqlarını və layihələrini qorumağa çalışır.
Burada Trampın adı ilə əlaqələndirilən marşrut məsələsi də var və ABŞ həmin xəttin təhlükəsizliyinin qorunmasının tərəfindədir”.
Politoloq hesab edir ki, Rubio Ermənistana mümkün səfəri zamanı yalnız simvolik mesajlarla kifayətlənməyəcək:
“Paşinyanın son dövrlər Rusiyaya qarşı daha sərt ritorika sərgiləməsi müəyyən təminatlar aldığı görüntüsünü yaradır. ABŞ göstərmək istəyəcək ki, Ermənistan üzərinə təzyiqlər olarsa, onun arxasında dayanmağa hazırdır. ‘Arxanızdayıq’ mesajı isə yalnız sözlə ifadə olunmur, bunun real siyasi və təhlükəsizlik elementləri də olmalıdır.
Vaşinqton bu dəstəyi konkret addımlarla nümayiş etdirərsə, həmin səfər artıq təkcə simvolik xarakter daşımayacaq, həm də Ermənistan hakimiyyətinə real siyasi dəstək kimi qiymətləndiriləcək”.
Günel Elxan