“Rubionun səfəri Paşinyana siyasi dəstək mesajıdır” Gündəm

“Rubionun səfəri Paşinyana siyasi dəstək mesajıdır”

“ABŞ dövlət katibi Marco Rubionun Ermənistana mümkün səfəri daha çox simvolik və siyasi dəstək xarakteri daşıyır”.

Bu fikirləri politoloq Şakir Ağayev “xalqcebhesi.az”-a açıqlaması zamanı deyib.

Ekspert qeyd edib ki, “Armenpress”in yaydığı məlumata görə, Rubionun sabah Ermənistana gəlməsi və bir sıra ikitərəfli sənədlərin imzalanması gözlənilir:
“Bu sənədlərin yaxın perspektivdə ciddi praktik nəticə verməsi inandırıcı görünmür. Bu, daha çox Ermənistanın indiki hakimiyyətinə dəstək kimi qiymətləndirilə bilər. Bilirsiniz ki, iyunun 7-də seçki keçiriləcək. Bir müddət əvvəl Avropa liderləri, xüsusilə Fransa Prezidenti Emmanuel Makron Ermənistanda olmuş və Paşinyan hakimiyyətinə dəstəklərini ifadə etmişdilər. İndi isə Rubionun səfəri də həmin siyasi dəstəyin davamı kimi görünür”.

Politoloq vurğulayıb ki, bundan əvvəl ABŞ rəsmilərinin səfərləri zamanı da müxtəlif müqavilələr imzalansa da, onların real nəticələri praktikada müşahidə olunmayıb:
“İstər modul atom elektrik stansiyası layihəsi, istərsə də investisiya məsələləri ilə bağlı razılaşmaların indiyə qədər konkret nəticəsi yoxdur. Bu baxımdan, Rubionun səfəri də daha çox simvolik xarakter daşıyır.
ABŞ dövlət katibi Hindistana səfərindən sonra Ermənistana gəlir və səfərin nəticələri yalnız sonradan daha aydın görünəcək.
Hər halda, Rubio gəlib getdikdən sonra müəyyən məqamlar üzə çıxacaq. Amma əsas məsələ iyunun 7-də keçiriləcək seçkilərdir. Həmin seçkilərin nəticələri və bundan sonra Ermənistan siyasətinin hansı istiqamətdə davam edəcəyi region üçün önəmli olacaq”.

Günel Elxan