14:45
665
ABŞ dövlət katibi Marko Rubio İranla razılaşma barədə açıqlama verərək hələ yekun nəticə olmasa da əhəmiyyətli irəliləyiş əldə olunduğunu bildirib. O eləcə də deyib ki, Trampın sonda İranın nüvə ambisiyaları baxımından daha güclü mövqeyə gəlməsinə səbəb olacaq hansısa razılaşmaya gedəcəyi fikri absurddur.
Məsələ ilə bağlı xalqcebhesi.az-a açıqlama verən AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı qeyd edib ki, ABŞ dövlət katibinin bu açıqlaması təsadüfi deyil: “Çünki, artıq son zamanlar belə bir fikir formalaşmışdı ki, Amerika və İran arasındakı gərginlik söz savaşından o tərəfə keçmir və bu proses bu formada bir müddət davam edəcək. Ciddi bir irəliləyişin əldə olunacağına inam günü-gündən azalırdı. Bunun fonunda təbii ki, Rubio dünyaya göstərmək istəyir ki, biz yerimizdə sakit oturmamışıq, prosesi başa çatdırmaq istəyirik və bunun üçün də müəyyən addımlar atırıq. İndi o qarşıda bir neçə saat deyir. Biz o saatları da yaşayacağıq, görəcəyik ki, nələr baş verəcək. Hesab edirəm ki, indiki vəziyyətdə nələrinsə baş verəcəyinə inam kifayət qədər azdır. Bu baxımdan da düşünürəm ki, Trampsayağı açıqlamalar heç nəyi həll etməyəcək. Amma boğazlarla bağlı nələrin baş verəcəyinin indi şahidi ola bilərik”.
C.Abbaslının sözlərinə görə, ola bilər ki, Hörmüz boğazında müəyyən qədər yumşalma olsun: “Amma daha başqa nələrinsə baş verəcəyini, yeni savaşın başlayacağını, yaxud da İran tərəfinin danışıqlar masasına oturub təslim olmaq anlamına gələn sənədə qol çəkəcəyini düşünmək mümkün deyil. Rubionun Trampla bağlı dedikləri inandırıcıdır. Tramp indiki şəraitdə İrana heç bir güzəştə getməyəcək. Çünki zatən baş verən qırx günlük savaşda Amerika tərəfi zəif kimi göründü. Bunun fonunda İranla danışıqlar masasına oturub əlini zəiflədəcəyi hər hansı bir sənədə qol çəkməz. Amma istənilən halda ABŞ dövlət katibinin bu açıqlamalarının danışıqlar prosesinə müəyyən qədər təsir edəcəyi də istisna deyil. Hesab edirəm ki, bu tipli açıqlamalar bundan sonra da bir müddət davam edəcək və nəticələrini biz bu ilin sonuna kimi deyil, gələn il görə bilərik. Yəni deməyim odur ki, bu gərginlik hələ bir müddət davam edəcək”.
Röya İsrafilova