“Bütün banklar qapısını kasıb qadınların üzünə baǧlayır” İqtisadiyyat

“Bütün banklar qapısını kasıb qadınların üzünə baǧlayır”

Məhəmməd Yunus: "Banklar kasıb müştərilərin borcunu ödəmədən öləcəyini düşünür"

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində "Sosial biznes - inkişafa gedən yol" adlı beynəlxalq konfrans keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru Ədalət Muradov Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus haqqında iştirakçılara məlumat verərək qeyd edib ki, o, sosial biznes və makrokreditləşmənin əsas yaradıcılarından hesab olunur: "Məhəmməd Yunus Banqladeşdə yerləşən "Gramen" bankı və 50-dən çox şirkətin qurucusudur. Onun davamlı yenilikləri və təşəbbüskarlıq fəaliyyətinə görə "Fortune" jurnalı 2012-ci ilin mart ayında professora "Zəmanəmizin ən böyük təşəbbüskarlarından biri" adını verib. 2006-cı ildə M. Yunis və "Gramen" bank birgə Nobel sülh mükafatına layiq görülüb. Cənab Yunus 20-dən çox universitetin 55 fəxri adına sahibdir. O, 26 dövlətdən 112 mükafatla qiymətləndirilib və bu dövlətlərdən 10-u professoru dövlət mükafatı ilə təltif edib".
Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov vurğulayıb ki, sosial rifahın yüksəlməsi Azərbaycan iqtisadiyyatının əsas xəttidir. Ölkədə insan potensialının inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilməlidir. Təhsil naziri Mikayıl Cabbarov isə bildirib ki, Azərbaycanda çox qısa zamanda aşağı gəlirli iqtisadiyyatdan orta gəlirli iqtisadiyyata keçid edilib: "İlk planda hər zaman insan kapitalı durur. Təhsil sisteminin insan kapitalının formalaşdırılmasında xüsusi rolu olub. Ölkədə ümumtəhsil müəssisələrinin 70 faizindən çoxunun əsaslı şəkildə təmiri və ya tikilməsi, eləcə də dövlət hesabına xaricdə təhsilin genişləndirilməsi kimi tədbirlər əhəmiyyət kəsb edir. Sosial biznesin kökündə gəlir əldə etmək dayanmamalıdır. Təhsilin kökü daimi ünsiyyətdədir. Əmək bazarı üçün kadr hazırlığında ali təhsil müəssisələrinin rolu danılmazdır. Bu gün tələbələr arasında yeni təfəkkürlü yanaşmalarda sosial biznes baxımından inkişafın olması sevindirici haldır. Sosial biznes fəlsəfəsi cəmiyyəti bütöv və harmonik məfhum kimi görür".
Çıxış edən Məhəmməd Yunus isə deyib ki, bank sahəsində fəaliyyətə başlayanda çılğın fikirləri olduğu üçün bəzi insanlar ona əqli çatışmazlığı olan biri kimi yanaşıb: "Biz bank sahəsində fəaliyyətə başlamaqla bütün ənənəvi bank prinsiplərini kökündən dəyişdik. Sən nə qədər varlısansa, bank üçün bir o qədər cəlbedicisən. Amma biz kasıb insanlar üçün çalışmaǧa başladıq. Bizim müştərimiz olmaq üçün sən sadəcə heç nəyinin olmadığını, kasıb olduğunu sübut etməlisən. Ənənəvi banklar daha çox kişi müştərilərlə işləyir. Bizim 8,5 milyon müştərimizin isə 97%-i qadındır. Bankın Banqladeşin 80 min kəndində filialı fəaliyyət göstərir". M. Yunus deyib ki, dünyanın maliyyə sistemi yanlış qurulub. "Bütün banklar qapısını qadınların, xüsusən də kasıb qadınların üzünə baǧlayır. Bu isə məntiqsizdir! Kasıb olmaq insanın günahı deyil. Banklar nəyəsə görə düşünür ki, kasıb müştərilər xəstə olur və bank borcunu ödəmədən öləcəklər. Ancaq bizdə müştərilərin saǧlamlıǧı sıǧortalanır. Biz bir bank olaraq gəlir əldə etmirik, mənfəət güdmürük, əksinə, insanların problemlərinin həlli üçün çalışırıq".
Tədbirdə Yunus Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti arasında birgə əməkdaşlıq memorandumu imzalanıb. Bundan başqa, universitetdə Yunus Sosial Biznes Mərkəzinin açılışı olub.