“Azərbaycanın Qəzza böhranının nizamlanması prosesində müsbət təsir imkanlarına malikdir” Siyasət

“Azərbaycanın Qəzza böhranının nizamlanması prosesində müsbət təsir imkanlarına malikdir”

“Azərbaycan prezidentinin Qəzza sammitinə dəvət alması ölkəmizin beynəlxalq siyasətdə artan rolunu və təsir imkanlarını bir daha nümayiş etdirir. Rəsmi Bakının son illər qlobal platformalarda fəal iştirakı Azərbaycanın aparıcı dövlətlər sırasında mövqeyini möhkəmləndirdiyini göstərir”.

Bunu politoloq Elçin Xalidbəyli “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

O qeyd edib ki, bu dəvət Azərbaycanın artıq dünyanı idarə edən güc mərkəzləri sırasında qəbul olunmasının bariz nümunəsidir: "Prezident İlham Əliyevin iştirak etdiyi beynəlxalq tədbirlərin miqyası və xarakteri Bakının siyasi çəkisini daha da artırır. Azərbaycanın Yaxın Şərq böhranının həllində xüsusi rolu mümkündür. Azərbaycan həm Fələstinin müstəqilliyini ilk tanıyan ölkələrdəndir, həm də İsraillə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bununla yanaşı, Türkiyə ilə müttəfiqlik modeli Bakının regional təsir imkanlarını daha da gücləndirir. İsrail-Türkiyə əlaqələrinin normallaşmasında Azərbaycanın rolu danılmazdır”.
E.Xalidbəyli əlavə edib ki, ABŞ və Qərbdə nüfuzlu lobbi dairələri də Azərbaycanın Avraam sazişinə qoşulmasında maraqlı olduqlarını gizlətmirlər: “Bu fakt Azərbaycanın regional əhəmiyyətini artırmaqla yanaşı, Qəzza böhranının həllində vasitəçilik imkanlarını da aktuallaşdırır. Bakıdan siyasi-diplomatik potensialından istifadə olunmasını istəyirlər. Prezident İlham Əliyevin sammitə dəvəti Azərbaycanın Qəzza böhranının nizamlanması prosesində müsbət təsir imkanlarına malik olduğunu təsdiqləyir. Trump planının həyata keçirilməsi və ya regional dialoqun genişləndirilməsi istiqamətində Azərbaycanın iştirakı mümkündür. Bakı Yaxın Şərqdə uzunmüddətli böhranın həllinə real töhfə verə biləcək siyasi iradə mərkəzi kimi qəbul olunur”.

Günel Elxan