“Azərbaycan öz dəhliz infastrukturunu daha üst səviyyədə həyata keçirir” Gündəm

“Azərbaycan öz dəhliz infastrukturunu daha üst səviyyədə həyata keçirir”

“Azərbaycan kifayət qədər say və strateji əhəmiyyət baxımından yüksək olan nəqliyyat, kommunikasiya və enerji dəhlizlərinin qovşağında yerləşir. Bu dəhlizlərin böyük əksəriyyəti ölkəmiz tərəfindən təşəbbüs olaraq irəli sürülüb, sonra həyata keçirilib və Azərbaycan bir çoxunda tərəfdaş olaraq çıxış edib. Rusiya, Azərbaycan və İranın məhz strateji dəhliz olaraq yanaşdığı Şimal-Cənub dəhlizidir”.

Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.

E.Əmirov əlavə edib ki, bu dəhlizə ən çox ehtiyacı olan isə İran və Rusiyadır: “Belə bir ortamda onların təbii ki, Azərbaycanla bu qəbildən münasibətlərə üstünlük verməsi başa düşüləndir. Nəzərə alsaq ki, hər iki ölkə kifayət qədər beynəlxalq sanksiyalar içərisindədir və dəhliz infrastrukturunun qurulmasında digər tərəfdaş ölkələr arasında götürdükləri öhdəliklərin yerinə yetirilməsində bilavasitə bu sanksiyalar öz mənfi təsirini göstərir. Buna görə də Azərbaycan digər dəhliz tərəfdaşları ilə müqayisədə öz dəhliz infastrukturunu daha üst səviyyədə həyata keçirən, təmin edən ölkədir. Sanksiyalardan əlavə olaraq Rusiyanın apardığı müharibə, İranın bir müddət əvvəl körfəzdə partladılmış limanı və digər geosiyasi risklər Şimal-Cənub dəhlizi ilə bağlı tərəddüdlü məqamları hələ də aktual saxlayır və açıq suallar qalmaqdadır. Hesab edirəm ki, Şimal-Cənub dəhlizinin perspektivinin daha yaxşı olması üçün və bu dəhlizin imkanlarından maksimum yararlanmaq üçün İranla qərbin və Rusiya ilə qərbin münasibətlərində normallaşmaya ehtiyac var. Təbii ki, müharibəninin bitməsi də bu şərtlərdən biridir”.

Röya İsrafilova