Azərbaycanda maliyyə amnistiyası elan olunacaq İqtisadiyyat

Azərbaycanda maliyyə amnistiyası elan olunacaq

Artıq neçə illərdir BAXCP belə bir təkliflə çıxış edir

Tərlan

Azərbaycanda maliyyə amnistiyası ilə bağlı xüsusi qərar layihəsinin hazırlanması istiqamətində iş aparılır. APA-nın məlumatına görə, bunu vergilər naziri Fazil Məmmədov bəyan edib. Qeyd edək ki, söhbət ölkədə ümumi gəlirlər bəyannamə sisteminə keçid prosesi çərçivəsində qeyri-qanuni, vergidən yayınma yolu ilə əldə edilmiş və gizlədilmiş əmlakın və gəlirlərin leqallaşdırılmasından gedir. Belə ki, F.Məmmədovun sözlərinə görə, amnistiya olmadan ümumi bəyannamə sisteminə keçmək olmaz. Nazirin fikrincə, bu və digər səbəblərə görə, əmlak və digər sərvətlərin leqallaşdırılması üçün müvafiq amnistiya sistemini tətbiq etmək zərurəti var. Eyni zamanda F.Məmmədov bildirib ki, amnistiya barədə qərarın nə vaxt veriləcəyi hələ dəqiq məlum deyil.
Dünya Bankının ekspertlərinin rəyinə görə, Azərbaycanda "çirkli pulların" mənbəyi sayılan gizli sektorun ümumi iqtisadiyyatdakı payı 60%-ə çatır. Hökumət qurumları isə
bunu nisbətən etiraf etməklə 9%-dən danışır. Hər halda müxtəlif yanaşmalar əsasında Azərbaycanda "gölgə iqtisadiyyatında" 5-10 milyard dollar arasında pul qazanıldığı söylənilir. Əslində gizli iqtisadiyyatla, "çirkli pullarla" inzibati mübarizə əksər hallarda özünü doğrultmur. Azərbaycan şəraitində isə bu xüsusilə effektsiz ola bilər. Hətta hansı yollarlasa milyonlar əldə etmiş insanların sıxışdırılması onların öz vəsaitlərini xarici ölkələrə daşımasını daha da sürətləndirə bilər. 5-10 məmurun həbs edilməsi də məsələni həll etməyəcək. Onsuz da onların yığdıqları öz adlarında deyil. Deməli, ölkə yenə heç nə əldə edə bilməyəcək. Vəziyyətdən çıxış yolunu isə artıq bir neçə ildir ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (VAXCP) təklif edir: ölkədə iqtisadi amnistiya elan edilməlidir. Görünür, artıq hökumətdə də bu qənaətə gəliblər ki, ölkədə maliyyə amnistiyasının elan olunması vacibdir.
Qeyd edək ki, artıq qonşu Gürcüstanda və Rusiyada hökumət belə bir addım atıb. Rusiyada milyonçulara imkan verildi ki, gizlətdikləri vəsaitləri leqallaşdırsınlar. Əvəzində rəsmiləşdirilən həmin vəsaitdən 12-15% vergi tutulur. Bundan həm dövlət büdcəsi qazanır, həm də sahibkar "çirkli pulları" "yumaqla" onu gizlətmədən və qorxmadan istifadə edir. Bu çox yaxşı yanaşmadır və Azərbaycan Rusiyanın təcrübəsindən yararlana bilər. Əgər Azərbaycanda ildə ən azı 5 milyard dollar "çirkli pul" qazanıldığını nəzərə alsaq, maliyyə amnistiyası verilməklə onun 10%-lik vergiyə cəlb edilməsi dövlət büdcəsinin əlavə 1 milyard dollar qazanması imkanı deməkdir. Əlbəttə, bütün milyonçuların öz pullarını birdən-birə ortalığa çıxaracağı inandırıcı görünməyə bilər. Amma bir çoxlarının öz əmlaklarını leqallaşdırmaq naminə buna gedəcəyi və dövlət büdcəsinin gəlir əldə edəcəyi gözləniləndir.
İqtisadi amnistiya indiyədək müxtəlif yollarla milyonlarla dollar vəsait yığmış azərbaycanlılara imkan verər ki, öz pullarını qorxmadan yerli banklara əmanət şəklində yerləşdirsinlər, şirkətlər açaraq bank hesablarına vəsait qoysunlar, biznes qursunlar, sahibkarlıqla məşğul olsunlar, pul qazansınlar və s. Milyonçuların öz vəsaitlərini gizlətməsinin, aparıb xarici banklara yerləşdirməsinin qarşısını almaq üçün onların təhlükəsizliyinə təminat vermək lazımdır. Amma bu şərtlə ki, həmin vəsaitlərin Azərbaycan iqtisadiyyatının inkişafına cəlb olunmasına nail olunsun, sahibkarlıq inkişaf etsin, əhali üçün yeni iş yerləri açılsın. Bunun üçün isə ölkədə daha geniş iqtisadi azadlığın olması vacibdir.
Azərbaycanda "gölgə iqtisadiyyatı" (bunu gizli iqtisadiyyat da adlandırırlar) və yaxud rəsmi uçotdan yayınan təsərrüfat fəaliyyəti böyük çəkiyə malikdir. Bunu yerli və xarici ekspertlər, elə hökumət də dolayısıyla təsdiqləyir. Amma narahatlıq doğuran odur ki, hökumət "gölgə iqtisadiyyatı"nın leqallaşdırılması istiqamətində lazımi səviyyədə addımlar atmır. Əgər Azərbaycanda rüşvətxorluğun və korrupsiyanın səviyyəsini azaltmaq, gizli iqtisadiyyatı leqallaşdırmaq mümkün olsaydı, büdcənin həcmi indikindən xeyli artıq olardı. İtirən isə dövlət büdcəsidir. Əlbəttə, Azərbaycan büdcəsinin vəziyyəti MDB ölkələrinin bir çoxu ilə müqayisədə heç də pis vəziyyətdə deyil. Ancaq hər halda bu sahədə Azərbaycanın imkanları daha böyükdür. Çünki iqtisadi potensialı baxımından Azərbaycan qonşularından bir neçə dəfə üstündür. Ona görə də əslində adambaşına düşən büdcə gəlirləri xeyli yüksək olmalıdır.
Bunun belə olmaması ilk növbədə ölkədə gizli iqtisadiyyatın təşəkkül tapması, rüşvətxorluq və korrupsiya ilə sıx bağlıdır. Azərbaycanda gizli iqtisadiyyatın yüksək səviyyəsi, vergilərin gizlədilməsi büdcə gəlirlərinin aşağı olması ilə nəticələnir. Hətta bəzi hökumət rəsmiləri də ölkədə gizli iqtisadiyyatın büdcə gəlirlərinin həcminə zərbə vurmasını dolayısı ilə də olsa inkar etmirlər. Bunlar vaxtında aradan qaldırılsaydı, indi büdcənin gəlirlər hissəsi təkcə neftin hesabına artmazdı. Təsəvvür edin ki, indi dövlət büdcəsinin gəlirlərinin 70%-ə qədəri məhz neftin hesabına təmin edilir. Qeyri-neft sektorunun böyük bir hissəsi qeyri-leqal fəaliyyət göstərdiyindən, gəlirlər rəsmi uçotdan gizlədildiyindən bu sahənin büdcə gəlirlərində payı kiçik rəqəmlərdən ibarətdir.
Həm də şəffaf iqtisadiyyat olsaydı, müəllim, həkim, mədəniyyət işçisi və s. indikindən 2-3 dəfə artıq maaş alardı. İş adamı büdcəyə vergi vermək əvəzinə gəlirlərini gizlədir. On görə də gizli iqtisadiyyatın qarşısı maksimum alınmalı, vergi intizamı gücləndirilməlidir ki, büdcənin gəlirləri əhəmiyyətli həcmdə artsın. Gizli iqtisadiyyat, korrupsiya ölkədə gəlirlərin ədalətsiz bölgüsünə, yoxsulluğa da yol açır. Bunu aradan qaldırmaq üçün təkcə qanunların qəbulu kifayət deyil, hökumət çalışmalıdır ki, iqtisadi azadlıqları daha da genişləndirsin. Digər bir əsas məsələ ortalıqda olan yüksək korrupsiya reallığıdır. Əlbəttə, korrupsiya dünyanın bütün ölkələrində, hətta inkişaf etmiş dövlətlərdə də var. Amma Azərbaycanda bu sahədəki vəziyyət daha acınacaqlıdır. Bundan çıxış yolu ilə isə korrupsiyaya qarşı sistemli mübarizə, iqtisadi amnistiyanın elan edilməsi, şəffaflığın artırılması və iqtisadi azadlıqların genişləndirilməsidir.