

Pandemiyadan təsirlənən qurumlar üçün üzvlük haqlarının artırılması təxirə salınmalıdır.
"APA-Economics" xəbər verir ki, Bakıda keçirilən ASOSAI İdarə Heyətinin 62-ci iclasında təşkilatın maliyyə vəziyyəti ilə bağlı çıxış edən Çin Ali Audit Qurumunun rəhbəri və ASOSAI Katibliyinin nümayəndəsi Kai Hou, üzvlük haqları ilə bağlı mühüm təklif irəli sürüb.
O bildirib ki, ASOSAI-nin illik sabit gəlirləri hazırda 150 941 ABŞ dolları təşkil edir. Lakin INTOSAI tərəfindən planlaşdırılan 25%-lik üzvlük haqqı artımının pandemiyadan təsirlənmiş ali audit qurumları üçün əlavə maliyyə yükü yaradacağını nəzərə alaraq, bu artımın təxirə salınması tövsiyə olunur.
"Pandemiyadan sonra bəzi qurumlar hələ də bərpa mərhələsindədir. Biz təşkilat daxilində həmrəylik göstərməliyik və bu artımı ertələməklə onların üzərinə düşən yükü azalda bilərik", – deyə Kai Hou qeyd edib.
Onun sözlərinə görə, təşkilatın hal-hazırda 500 min dollardan artıq ehtiyat vəsaiti mövcuddur və bu məbləğ ASOSAI-nin fəaliyyətlərini ən azı 3–5 il müddətinə maliyyələşdirmək imkanına malikdir.
Qeyd edək ki, məsələ ASOSAI İdarə Heyətinin gündəliyində rəsmi müzakirəyə çıxarılıb və təklifin təsdiqlənəcəyi təqdirdə üzvlük haqlarının artımı daha uyğun zamana təxirə salınacaq.