“The Economist” Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib İqtisadiyyat

“The Economist” Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib

“The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit” (EIU) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.

“APA-Economics” xəbər verir ki, EIU ölkə iqtisadiyyatındə gələn il 3% civarında iqtisadi artım olacağını proqnozlaşdırıb.

EIU-nun qiymətləndirməsinə əsasən, Azərbaycan 2026-cı ildə sabit, lakin artım potensialı olan iqtisadiyyatlar qrupuna daxildir.

EIU hesab edir ki, gələn il qlobal iqtisadi artım 2,4% təşkil edəcək. Asiya regionu ən yüksək templə inkişaf edən bölgə olaraq qalır – Hindistan və Vyetnamda artım 5–7%, Çin və İndoneziyada isə 4–5% aralığında proqnozlaşdırılır. Afrika və Yaxın Şərq ölkələrində orta artım 3–4%, Avropa İttifaqı ölkələri və Böyük Britaniya üçün artım 1–2%, ABŞ üçün isə təqribən 2% səviyyəsində gözlənilir.

"The Economist" Rusiya və bir sıra Şərqi Avropa ölkələrində artımın 2%-dən aşağı qalacağını, region ölkələri - Qazaxıstanda iqtisadi artımın 3,5–4%, Gürcüstanda 4–4,5%, Türkiyədə 3% təşkil edəcəyini müəyyən edib.

Qeyd edək ki, 2026-ci ilin büdcə layihəsində ölkədə ortamüddətli iqtisadi artım 3,5% səviyyəsində proqnozlaşdırılıb. Cari il üzrə bu rəqəm 3%, 2026-cı il üzrə 2,9%, 2027-ci il üzrə 3,3%, 2028-i il üzrə 3,1% və 2029-cü il üzrə 4,8% müəyyən edilib. Beynəlxalq maliyyə təşkilatlarının isə növbəti ildə Azərbaycanda iqtisadi artımla bağlı gözləntiləri 2,4%-3,1% aralığındadır.