İRİA heyəti Çad Respublikasında rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib İqtisadiyyat

İRİA heyəti Çad Respublikasında rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nümayəndə heyəti Çad Respublikasında rəsmi səfərdə olub. Heyətin tərkibində dövlət şirkətləri və texnopark rezidentlərinin rəhbər nümayəndələri də yer alıb.

Bu barədə "APA-Economics"ə İRİA-dan bildirilib.

Səfər Çad Respublikasının telekommunikasiya, rəqəmsal iqtisadiyyat və idarəetmənin rəqəmsallaşdırılması naziri cənab Mişel Bukarın dəvəti ilə baş tutub.

Səfər çərçivəsində Çad Respublikasının Baş naziri Allamaye Halina ilə İRİA-nın heyəti arasında rəsmi görüş keçirilib. Görüşdə innovasiya, təhsil və rəqəmsal inkişaf üzrə əməkdaşlıq istiqamətində əlaqələrin möhkəmləndirilməsi, Azərbaycanın rəqəmsal məhsullarının ixrac potensialı, birgə layihə imkanlarının araşdırılması və təcrübə mübadiləsi müzakirə edilib.

Çad Respublikasının telekommunikasiya, rəqəmsal iqtisadiyyat və idarəetmənin rəqəmsallaşdırılması naziri cənab Mişel Bukarla görüş keçirilib. Görüşdə Çad Respublikasında həyata keçirilən və planlaşdırılan rəqəmsal layihələr, rəqəmsallaşma və innovasiya istiqamətində prioritet fəaliyyət istiqamətləri və strateji hədəflər, Azərbaycan Respublikası ilə Çad Respublikası arasında imzalanmış memorandumlar çərçivəsində əməkdaşlıq imkanları, innovasiya ekosisteminin inkişafı, rəqəmsal infrastrukturun qurulması və dövlət xidmətlərinin rəqəmsallaşdırılması sahəsində təcrübə mübadiləsi müzakirə edilib.

Səfər çərçivəsində İRİA heyəti, həmçinin Çad Respublikasının bir sıra nazirlik və dövlət qurumlarının rəhbər heyəti ilə görüşlər keçirib. Görüşlər zamanı rəqəmsal hökumət infrastrukturunun inkişafı, kibertəhlükəsizlik və innovasiya istiqamətlərində potensial əməkdaşlıq imkanları üzrə müzakirələr aparılıb. İRİA heyətinin tərkibində yer alan Azərbaycanın texnopark rezidentləri də bu görüşlərdə iştirak edərək rəqəmsal məhsulların potensial ixrac imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, səfərin əsas məqsədi Azərbaycanın rəqəmsal məhsul və həllərinin Çad Respublikasında tanıdılması və ixracına dəstək göstərilməsi, irimiqyaslı layihələrin reallaşdırılma imkanlarının müzakirəsi, həmçinin iki ölkə arasında rəqəmsal sahədə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

İRİA heyəti Çad Respublikasında rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edibİRİA heyəti Çad Respublikasında rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edibİRİA heyəti Çad Respublikasında rəqəmsal inkişaf üzrə əməkdaşlığı müzakirə edib