XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransı başlayıb İqtisadiyyat

XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransı başlayıb

Prezident İlham Əliyev: "Azərbaycan hər zaman istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını uzlaşdırmağa çalışır"
Barak Obama: "Azərbaycan dünyanın enerji resursları ilə təchizatının təmin edilməsində mühüm rol oynayır və yaxın 2 ildə bu sahədə Avropanın böyük təchizatçısı olacaq"
Devid Kemeron: "Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün həyati əhəmiyyətə malikdir"

Dünən Bakı Ekspo Mərkəzində XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransı başlayıb. Energetika Nazirliyi və ARDNŞ-in dəstəyi, "İTE Group Pic" və "İteca Caspian" şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir.
APA-nın verdiyi məlumata görə, sərginin təntənəli açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak edib.
Bundan başqa, dövlət başçısı sərgi və konfrans iştirakçılarına məktub da göndərib. Dövlət başçısı sərgi və konfransın həm qlobal, həm regional səviyyələrdə əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə zəmin yaradacağına, dünyada neft-qaz sahəsindəki proseslərə töhfəsini verməklə mühüm görüş yeri olduğunu bir daha sübuta yetirəcəyinə inandığını bildirib.
Məktubda qeyd olunub ki, dünyanın ən iri şirkətləri ilə 1994-cü ildə imzalanmış sazişlərlə başlayan inkişaf yolu bu gün Azərbaycanı Avrasiyanın enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşına çevirib: "Ötən müddət ərzində ölkəmiz neft siyasətində davamlı və yüksələn xətt üzrə inkişaf nümayiş etdirərək, qlobal transmilli layihələrin istər təşəbbüskarı, istərsə də icraçısı rolunu layiqincə gerçəkləşdirib. "Şahdəniz" layihəsinin işlənməsinin ikinci mərhələsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP layihələri respublikamızın mövqeyini və qlobal tərəfdaşlığını möhkəmləndirən uğurlu addımlardır.
Dövlət başçısı sərgi və konfransın həm qlobal, həm regional səviyyələrdə əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinə zəmin yaradacağına, dünyada neft-qaz sahəsindəki proseslərə töhfəsini verməklə mühüm görüş yeri olduğunu bir daha sübuta yetirəcəyinə inamını ifadə edib.
Sərgi və konfransda yüksək səviyyəli qonaqlar arasında Böyük Britaniya baş nazirinin Azərbaycanda ticarətin inkişafı üzrə xüsusi elçisi Çarlz Hendri, Norveçin neft və energetika nazirinin müavini Kare Fostervold, Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Metin Kilci, Türkiyə nəqliyyat nazirinin müavini Firudun Bilgin, Enerji Xartiyasının baş katibi Urban Rusnak, Bolqarıstan Xarici İşlər Nazirliyinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Laçezar Matev, BP şirkətinin baş icraçı direktoru Robert Dadli, ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə baş məsləhətçisi Daniel Ştayn də var.
Xatırladaq ki, Sərgi iştirakçılarının ümumi sayının 35 faizini yerli şirkətlər təşkil edir. Ümumiyyətlə, sərginin bütün ekspozisiyası üzrə artım 100 faizdir. Bakı Ekspo Mərkəzinin 3 pavilyonunu və xarici meydançasını əhatə edən sərginin ekspozisiyası neft hasilatı və enerji resurslarının nəqli sahəsində innovasiyalı texnologiyalar, neft və qazın saxlanılması üçün sistemlərin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri tematik bölmələrindən ibarətdir.
XXI Beynəlxalq Neft və Qaz sərgi və konfransının açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev vurğulayıb ki, Azərbaycan son illər uğurları tərəfdaşları ilə birgə əldə edib. Prezident qeyd edib ki, 1994-cü ildə ilk Beynəlxalq Neft və Qaz sərgisi keçirilib, daha sonra Əsrin Müqaviləsi imzalanıb: "Əsrin Müqaviləsi imzalanmasaydı, iqtisadi inkişafdan, əsl müstəqillikdən söhbət gedə bilməzdi. Azərbaycan yalnız xarici sərmayədən asılı olacaqdı. Əsrin Müqaviləsində iştirak edən şirkətlərə təşəkkür edirəm ki, bizə inandılar. Xüsusi ilə BP şirkətinə təşəkkür etmək istəyirəm, Azərbaycanda ən böyük sərmayədardır. 20 ildir ki, biz bir yerdəyik. Gələcəkdə də BP və ARDNŞ-in əməkdaşlığı bölgədə neft-qaz sektorunun inkişafını müəyyən edəcək. Azərbaycan etibarlı tranzit ölkədir, etibarlı tərəfdaşdır və imzası verdiyi söz qədər dəyərlidir. Biz həmişə verdiyimiz sözə sadiq qalmışıq".
Dövlət başçısı deyib ki, Azərbaycanın imkanları bölgədə neft-qaz siyasətinin müəyyən edilməsində əhəmiyyətli rol oynayır. Prezident İ. Əliyev keçən sərgidən sonra "Şahdəniz-2" müqaviləsinin imzalandığını qeyd edib: "İnanıram ki, növbəti sərgiyə qədər də yeni-yeni uğurlara imza atacağıq".
Dövlət başçısının sözlərinə görə, Azərbaycan hər zaman istehsalçıların, tranzit ölkələrin və istehlakçıların maraqlarını uzlaşdırmağa çalışır: "Biz buna nail ola bilmişik. Digər tərəfdən neft-qaz resurslarından başqa məqsədlə istifadə etməmişik, əməkdaşlığı dərinləşdirmişik. Bu əməkdaşlıq mühitinin coğrafiyası getdikcə genişlənir. Yaxın müddətdə yeni tərəfdaşlarla uzunmüddətli əməkdaşlığa başlayacağıq".
Azərbaycanın dünya neft ölkəsi kimi tanındığını söyləyən prezident bu gün Azərbaycanın Avropa və dünyada daha çox qaz istehsalçısı kimi tanındığını da vurğulayıb: "Milli təhlükəsizlik enerji təhlükəsizliyi ilə bağlıdır, bu iki amili ayırmaq mümkün deyil. Əsrin Müqaviləsindən 2 il sonra "Şahdəniz" qaz yatağının işlənməsinə dair bağlanan müqavilə böyük əhəmiyyət kəs edir. Bu yataq dünyanın ən böyük qaz yataqlarından biridir və bizim qaz potensialımızın 50 faizini təşkil edir. Bizim digər böyük qaz yataqlarımız Ümid, Abşeron və digərləri də var. Bu yataqlarda qaz ehtiyatı ən azı 2,5 trilyon kubmetrə bərabərdir. Bu isə Azərbaycan və Avropanın uzun müddətli enerji təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayacaq".
Azərbaycanın 7 ildir ki, qaz resurslarını dünya bazarına çıxardığını xatırladan prezident İ. Əliyev neft və qazın 7 kəmərlə nəql edildiyini nəzərə çatdırıb: "Bizim ehtiyatlarımız üçün regional bazarlar kifayət etmir, daha böyük bazarlara çıxmalıyıq. Cənub Qaz Dəhlizinin reallaşması bu gün böyük dərəcədə "Şahdəniz" qaz yatağından asılıdır. Bu yatağın işlənilməsi ilə bağlı bütün məsələlər həllini tapıb".
Dövlət başçısı qeyd edib ki, Azərbaycan öz qazının Avropaya nəqli ilə bağlı layihələrin həyata keçməsində maraqlıdır: "Yol verə bilməzdik ki, Cənub Qaz Dəhlizi bir ideya kimi qalsın. Trans Anadolu Qaz Kəməri - TANAP layihəsinin reallaşması üçün böyük səy göstərmişik. 2012-ci ildə Azərbaycan və Türkiyə arasında müqavilə imzalanıb, artıq praktiki işlərə başlanıb. Çox şadam ki, BP də TANAP-ın səhmlərinə sahib olub. TANAP Cənub Qaz Dəhlizinin reallaşmasına böyük təsir göstərəcək".
Dövlət başçısı bildirib ki, neft-qaz sektorundan əldə edilmiş gəlirlər xalqın rifah halının yaxşılaşmasına, infrastruktur layihələrə yönəlib: "Şəffaflıq bizim üçün ən böyük prioritetdir. Şəffaflıq təmin edilməsəydi, bu qədər vəsait yığa bilməzdik. Biz həm ölkə daxilində həllini gözləyən layihələrə, insanların rifah halının yaxşılaşmasına, həm də TANAP, TAP kimi qlobal layihələrə vəsait sərf edirik. "Şahdəniz-2" layihəsi bundan sonra uzunmüddətli, dayanıqlı inkişafımızı təmin edəcək. Yüzlərlə, minlərlə Azərbaycan şirkəti podratçı kimi çalışacaq, on minlərlə iş yeri açılacaq, qeyri-neft sektoru inkişaf edəcək. Çünki tikinti, quraşdırma layihələrində qeyri-neft sektoru çalışacaq. Azərbaycanın qeyri-neft sektoru hər il ən azı 9-10 faiz artır, iqtisadiyyatın diversifikasiyası təmin edilir".
Prezident bu uğurların əsasının Əsrin Müqaviləsi və bu beynəlxalq sərginin fəaliyyətə başlaması ilə bağlı olduğunu vurğulayıb: "Biz bu kapitalı insan kapitalına çevirdik. Təhsil, kosmik sənaye və digər sahələrə qoyulan sərmayə bizi inkişafa aparır. Bizim xarici borcumuz ümumdaxili məhsulumuzun 8 faizini təşkil edir, işsizlik 5 faizdir. Rəqabətqabiliyyətliliyə görə Azərbaycan dünyada 39-cu yerdədir. Zəngin neft və qaz resurslarımız olmasaydı, bundan səmərəli istifadə etməsəydik, bu inkişaf üçün bizə böyük müddət lazım olacaqdı".
Tədbirdə ABŞ prezidenti Barak Obama XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014 sərgisinin iştirakçılarına təbrik məktubu da oxunub.
Təbrik məktubunda Azərbaycanın dünyanın enerji resursları ilə təchizatının təmin edilməsində mühüm rol oynadığını vurğulayan B.Obama Azərbaycanın yaxın 2 ildə bu sahədə Avropanın böyük təchizatçısı olacağını qeyd edib. Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsinin Azərbaycanla beynəlxalq tərəfdaşlar arasında gərgin iş və sıx əməkdaşlıq tələb etdiyini bildirən ABŞ prezidenti qeyd edib ki, ABŞ bu layihənin həyata keçirilməsinə Avropaya qaz ixracının genişləndirilməsi yolunda vacib addım kimi baxır və kömək etməyə hazırdır.
ABŞ prezidenti vurğulayıb ki, enerji resurslarının təchizatçısı kimi Azərbaycanın rolu iqtisadiyyatın diversfikasiyasına yardım edəcək, qanunun aliliyini möhkəmləndirməyə icazə verəcək, eləcə də ölkə xalqının həyat səviyyəsinin yüksəlməsinə imkan yaradacaq.
O, ABŞ-ın bu sahələrdə Azərbaycanla əməkdaşlığı qiymətləndirdiyini bildirib.
Məktubu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar oxuyub.
Böyük Britaniyanın baş naziri Devid Kemeron da sərgi iştirakçılarına təbrik məktubu göndərib. Baş nazir məktubunda qeyd edib ki, enerji Avropa ölkələrinin iqtisadi rifahı və inkişafı üçün çox mühüm faktordur və Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün həyati əhəmiyyətə malikdir.
D.Kameron bildirib ki, 2013-cü ildə Trans-Adriatik qaz kəməri layihəsinin həyata keçirilməsi istiqamətində irəliləyiş əldə olunub və bu, layihənin həyata keçirilməsi yolunda əhəmiyyətli addımdır.
O, 2014-cü ildə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması üçün bir çox işin görülməli olduğunu da vurğulayıb.
Böyük Britaniya və Azərbaycan arasında əlaqələrə toxunan D.Kameron ölkələr arasında ikitərəfli münasibətlərlə fəxr etdiyini vurğulayıb.
Onun sözlərinə görə, mövcud ticarət əlaqələrinin əsasını Azərbaycanın neft-qaz sektoruna böyük sərmayələr yatıran BP kimi şirkətlərlə münasibətlər təşkil edir.
Avropa Birliyinin enerji komissarı Günter Ottingerin təbrik məktubunda da qeyd edilir ki, Cənub Qaz Dəhlizi ilə bağlı əhəmiyyətli irəliləyiş əldə olunub: "Azərbaycan qazının 2019-cu ilə qədər Avropaya çatdırılması istiqamətində qarşıda həlledici addımlar durur. Cənub Qaz Dəhlizi Avropanı enerji təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir. Avropanın il ərzində 550 milyard kubmetr qaza ehtiyacı var. Cənub Qaz Dəhlizi sayəsində Azərbaycan Avropanın qaza olan tələbatının minimum 10, maksimum 20 faizini ödəyə bilər. Tansxəzər kəməri ilə bağlı Türkmənistanla danışıqları da dəstəkləyirik. Biz gələcək əməkdaşlığa nikbin baxırıq".