Azərbaycanlı sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursu keçəcək İqtisadiyyat

Azərbaycanlı sahibkar və menecerlər Almaniyada ixtisasartırma kursu keçəcək

24 sahibkar və menecerdən ibarət növbəti qrup 9 aprel - 4 may 2018-ci il tarixlərində Almaniyanın Ştutqart şəhərində yerləşən "Baden Vürttemberq İxrac Akademiyası" Tədris Mərkəzində təlim və istehsal müəssisələrində təcrübə keçəcək.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazirlik ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi arasında Anlaşma Memorandumuna müvafiq olaraq "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində işlər 2018-ci ildə də davam etdirilir.
Proqram çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkar və menecerlər Almaniyanın tədris mərkəzlərində ödənişsiz ixtisasartırma kursu keçir, beynəlxalq təcrübəyə yiyələnir, işgüzar əlaqələr qururlar.
İndiyədək 355 sahibkar və menecer "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.