SOCAR rəsmisi: TANAP və TAP boru kəmərlərinin birləşdirilməsi fiziki prosesdir İqtisadiyyat

SOCAR rəsmisi: TANAP və TAP boru kəmərlərinin birləşdirilməsi fiziki prosesdir

TANAP və TAP boru kəmərlərinin birləşdirilməsi fiziki prosesdir. Boru kəmərlərinin qaynaq olunmasını şərh edən SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib ki, burada söhbət TANAP və TAP-ın bir-birinə fiziki olaraq qaynaq edilməsindən gedir.
"Belə ki, TANAP və TAP-ın 48 düymlük boruları qaynaqlanıb. Bu, fiziki prosesdir. Lakin bu, o demək deyil ki, boru kəməri ilə qaz nəql edilə bilər. Ümumilikdə bütün mexaniki işlərin ilin sonunda və ya gələn ilin əvvəlində tamamlanması nəzərdə tutulur. Yalnız bundan sonra boru kəmərinə sınaq məqsədilə təbii qazın vurulmasından söhbət gedə bilər", - deyə SOCAR rəsmisi əlavə edib.
Qeyd edək ki, TANAP və TAP boru kəmərlərini bir-birinə birləşdirən "qızıl qaynaq" hər iki şirkətin nümayəndələrinin iştirakı ilə Türkiyə-Yunanıstan sərhədindəki Meriç çayı sahilində həyata keçirilib. Bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. İyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi iyunun 30-da başlayıb. TANAP boru kəməri ilə bu vaxtadək Türkiyəyə 400 milyon kubmetrdən çox Azərbaycan təbii qazı nəql olunub. Bu həcm dekabrın sonuna kimi 1 milyard kubmetrə çatacaq. TANAP-la 2019-cu il ərzində 2 milyard kubmetr, 2020-ci ildə 4 milyard kubmetr və 2021-ci ildə isə 6 milyard kubmetr Azərbaycan təbii qazı Türkiyəyə nəql ediləcək. TAP ilə Azərbaycan təbii qazının 2020-ci ildə Avropaya çatdırılması nəzərdə tutulur. TANAP layihəsi üzrə kapital xərcləri 8 milyard dollardır və indiyədək 5,7 milyard dollar xərclənib. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla təxminən 82 faizi icra olunub.