“Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” kampaniyası Neftçala və Salyanda İqtisadiyyat

“Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” kampaniyası Neftçala və Salyanda

13 May

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) səyyar formada daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətlərini göstərən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” sosial aksiyası çərçivəsində ilk dəfə həftə ərzində iki rayonun 5 kəndinin sakinlərinə qeydiyyat xidmətləri göstəriləcək. Komitədən bildirilib ki, ölkə vətəndaşlarının mülkiyyət hüquqlarını rahat formada həyata keçirməsi üçün ƏMDK “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının keçirilmə formatını dəyişməklə xidmətləri daha əlçatan edir. Sosial aksiya əhalinin bilavasitə ərazi ofislərinə getmək kimi çətinliyini aradan qaldırır. Xidmətlərin birbaşa kənd və qəsəbələrə gətirilməsi ilə sakinlər əlavə məsafə qət etmədən qeydiyyat üçün müraciət edir. Bölgələrdə yaşayan vətəndaşların daşınmaz əmlakın səyyar qeydiyyatı xidmətlərindən istifadəsini daha da optimallaşdırmaq məqsədilə artıq sosial kampaniya həftə ərzində fərqli ərazilərdə keçiriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu həftə səyyar qeydiyyat xidmətləri Neftçala və Salyan rayonlarının 5 kəndini əhatə edəcək. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” aksiyası mayın 13-də Neftçala rayonu, Xolqarabucaq, mayın 14-də Aşağı Qaramanlı kəndlərində, mayın 15-də Salyan rayonunun Arbatan, mayın 16-da Marışlı, mayın 17-də isə Seyid Sadıxlı kəndlərində keçiriləcək. Sakinlər fərdi yaşayış evləri, torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı, o cümlədən plan-sxemin, texniki pasportların tərtibi ilə bağlı sənədlərini mobil ofisə təqdim edə bilərlər. Səyyar ofisdə xidmətlər 09:00-dan 17:00-dək göstəriləcək.

Sosial kampaniya çərçivəsində daşınmaz əmlakın qeydiyyatında tətbiq edilən yeniliklər ilə bağlı vətəndaşlar maarifləndirilir. Belə ki, sakinlərə elektron çıxarışın əldə edilməsi və ondan istifadə qaydaları, tələb olunan sənədlər, eyni zamanda, xidmət haqqı və dövlət rüsumu barədə məlumat verilir.