Qarabağın iqtisadiyyatına yerli və xarici investisiyalar cəlb olunacaq İqtisadiyyat

Qarabağın iqtisadiyyatına yerli və xarici investisiyalar cəlb olunacaq

Azad edilmiş ərazilərə xarici sərmayə cəlbi Azərbaycan iqtisadiyyatına investisiyaları xeyli dərəcədə artıracaq. İqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə deyib ki, Azərbaycan öz ərazilərini erməni işğalından azad etdikdən sonra həmin ərazilərin bərpası, insanların orada təhlükəsiz şəkildə məskunlaşdırılması, iqtisadi inkişafın təmin edilməsi, ölkə iqtisadiyyatına inteqrasiya edilməsi və digər bu kimi çağırışlar qoyur. Azərbaycanın bu istiqamətdə prioritetləri dayanıqlı inkişaf məqsədlərinin prioritetləri ilə üst-üstə düşür. İşğal dövründə ermənilər həmin ərazilərdə yaşayış evlərini, sosial obyektləri dağıdıb, iqtisadiyyatı məhv edib, ekoloji fəlakət törədib. Həmin ərazilərin bərpa edilməsi isə böyük maliyyə vəsaiti tələb edir.
Qarabağa sərmayələrin cəlb olunması prosesində əsas maliyyə qaynaqları dövlət investisiyaları, xarici maliyyələşmə (ianələr; investisiyalar; kreditlər; qrantlar; borcların silinməsi; humanitar yardımlar), bank kreditləri, əhalinin vəsaitləri, sahibkarların yatırımları, müxtəlif fondların vəsaitləridir (Dirçəliş Fondu, Yaşat Fondu və s.). Hazırda bu sahədə əsas investor dövlətdir və növbəti illərdə dövlət büdcəsindən bu sahəyə ayrılacaq investisiyaların artırılacağı gözləniləndir.
İşğaldan azad olunan Qarabağda bərpa və yenidənqurma işlərinin maliyyələşdirilməsində hələlik daha çox dövlət büdcəsinin vəsaitlərindən istifadə olunur. Qarabağa böyük qayıdışın təmin edilməsi, şəhər və kəndlərinin yenidən qurulması və bərpası üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat nəzərdə tutulub. 2021-ci ilin 6 ayı ərzində bu vəsaitin 16,9 faizi və ya 372,1 milyon manatı istifadə olunub. İlin ikinci yarısında da bu proses uğurla davam etdirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Cəbrayıl şəhərində 960 şagird yerlik akademik Mehdi Mehdizadə adına tam orta məktəbin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 500,0 (beş yüz) min manat ayrılıb. Habelə Cəbrayıl şəhər 150 çarpayı yerlik mərkəzi xəstəxanasının layihələndirilməsi və tikintisi məqsədilə 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Səhiyyə Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb. Bununla yanaşı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının fəaliyyətinin təşkili və onun ərazisində infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılması məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulmuş vəsaitdən İqtisadiyyat Nazirliyinə ilkin olaraq 500 min manat ayrılıb.
Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş ərazilərdə sivil həyatın yenidən qurulması üçün çox böyük həcmdə vəsait tələb olunur. Söhbət ortalama 100 milyard manat vəsaitdən gedir. Təsəvvür edin ki, erməni işğalçılarının Azərbaycana vurduğu ziyan 800 milyard dollardan artıq hesablanır. İşğal nəticəsində 7 rayon mərkəzi, 6 şəhər, 12 qəsəbə, 830 kənd, 700 xəstəxana və tibb müəssisəsi, 6 dövlət teatrı, 368 klub və 85 musiqi məktəbi, 150 min yaşayış evi və mənzil, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 160 körpü və digər infrastruktur obyektləri, 6000 sənaye, kənd təsərrüfatı və digər müəssisələr məhv edilib. İşğal olunmuş ərazilərdə vaxtilə 1 milyon hektardan çox kənd təsərrüfatı sahəsi, o cümlədən 127,7 min hektar suvarılan torpaq və 34,6 min hektar üzüm və meyvə bağları var idi. Onların 30 ildə dağıtdıqlarını indi biz yaxın on il ərzində milyardlarla vəsait xərcləməklə hər şeyi yenidən qurmalı olacağıq.
Ərazilər minalardan təmizləndikdən, təhlükəsizlik təmin edidikdən, müasir infrastruktur yaradıldıqdan sonra yerli iqtisadiyyatın inkişafına yuxarıda qeyd olunan digər maliyyə mənbələri də cəlb olunacaq. Xüsusən də regionda özəl sektorun inkişafına xüsusi diqqət ayrılacaq və dövlət tərəfindən sahibkarlıq fəaliyyəti üçün stimullaşdırıcı addımlar atılacaq. Qarabağın iqtisadiyyatının müasir standartlar səviyyəsində yenidən qururlmasında sahibkarların mühüm rolu olacaq. Hazırda ölkə sahibkarlarının post-konflikt reabilitasiyada iştiraka hazırlıq səviyyəsi qiymətləndirilir və zəruri təşviq mexanizmləri hazırlanır. Çünki post-konflikt ərazilərin yenidən qurulmasında ölkə sahibkarlarının işgüzar fəallığının yüksəldilməsi mühüm əhəmiyyətə malikdir.
Hətta xarici şirkətlər də Qarabağın iqtisadiyyatına sərmayə yatırmağa maraq göstərirlər. Onların arasında bp kimi dünya miqyaslı böyük şirkətlər də var. Bu ilin iyun ayında Azərbaycan Respublikasının Energetika Nazirliyi və BP şirkəti Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalayıblar. bu sənəd işğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək “xalis sıfır emissiya”lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb. Növbəti onillik ərzində BP dünya üzrə bərpa olunan enerji işlənməsinə qoyduğu sərmayəni əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir və artıq uzunmüddətli və uğurlu tərəfdaşlıq qurduğu yerlərdə bu yönümdə yaranan imkanları araşdırır. Azərbaycanda otuz ilə yaxın enerji layihələrini təhlükəsiz və etibarlı şəkildə həyata keçirmək təcrübəsi olan bp Azərbaycanda “yaşıl enerji” keçidinə mühüm töhfələr verə bilər. Məsələ ondadır ki, Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi nəzərdə tutulur. Bu isə bərpa olunan enerji sahəsinə xarici investisiyanın cəlbi üçün geniş imkanlar yaradır. Gücü 240 MVt olan bpnin günəş enerjisi layihəsi də Qarabağa sərmayə cəlb olunması və digər investorların da güvəninin artırılması baxımından çox əhəmiyyətlidir.
BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti də bildirib ki, Azərbaycanda "yaşıl texnologiyalar" sahəsinin maliyyələşdirilməsi üçün böyük potensial var və təşkilat Azərbaycanın milli prioritetlərini dəstəkləyir: "Ölkənin strategiyaları və prioritetləri dayanıqlıdır və etimad doğurur, bununla əlaqədar biz Azərbaycanın "yaşıl" inkişafının maliyyələşdirilməsini dəstəkləyirik. Azərbaycanın "yaşıl" ekosistemi təkcə beynəlxalq münasibətlərin deyil, həm də tərəfdaşlıq və özəl münasibətlərin genişləndirilməsi üçün məkana çevriləcək”.
Artıq beynəlxalq qurumlar, yerli və xarici investorlar yaxşı anlayırlar ki, Qarabağın iqtisadiyyatının bərpası və inkişaf etdirilməsi yaxın onillikdə hökumətin əsas hədəflərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın həyata keçirilməsi də daxildir. Nəzərdə tutulan layihələrin reallaşdırılması Qarabağda iqtisadi canlanmaya səbəb olacaq. Bunun üçün böyük həcmdə maliyyə resursları tələb olunsa da, dövlət bu məqsədlə mərhələli şəkildə həm özü də vəsait ayıracaq, həm də digər maliyyə mənbələrindən vəsait cəlb edilməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirəcək. “Qarabağ Dirçəliş Fondu” da işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafını təmin edən, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işləri aparır. Şərqi Zəngəzur və Qarabağ iqtisadi bölgəsinə daxil olan rayonların hər biri özünəməxsus zəngin təbii resurslara, yüksək iqtisadi potensiala və inkişaf perspektivlərinə malikdir. Bu rayonların iqtisadiyyatında ənənəvi sahələrə üstünlük verilməklə yanaşı, rəqabətədavamlı qeyri-ənənəvi sahələri də inkişaf etdiriləcək.
Mahir Həmzəoğlu