“Beynəlxalq simpoziumları Azərbaycanla birgə keçirmək istəyirik” Müsahibə

“Beynəlxalq simpoziumları Azərbaycanla birgə keçirmək istəyirik”

Türkiyənin Manisa vilayətinin Yunus Əmrə rayonunun bələdiyyə sədri Məhmət Çərçinin APA-ya müsahibəsini təqdim edirik.
- 1,5 il əvvəl yaradılmış bələdiyyənin Yunus Əmrə beynəlxalq simpoziumu təşkil etməsini təqdirlə qarşılamaq lazımdır. Bunu necə bacardınız?
- 2012-ci ildə qəbul edilən qanunla Manisaya böyük şəhər bələdiyyəsi statusu verildi. Yeni yaradılan 2 rayondan biri Yunus Əmrə idi. 30 mart 2014-cü ildə keçirilən seçkidə mən bələdiyyə başqanı seçildim. Rayonun 210 min əhalisi var. Biz Manisanın Qərb tərəfindəyik, şəhər Qərbə tərəf böyüyür. Bələdiyyəni sıfırdan qurduq. Həyata keçirilməsi gözləyən bir çox layihəmiz var. Normal bələdiyyəçilik işləriylə məşğul olarkən sosial-mədəniyyət işləri görməyin vacibliyini də düşündük. Yunus Əmrə türk-islam tarixində çox böyük bir insandır. Övliyalardan gələn haqq dostu, can dostu olub. Orta Asiyada, Azərbaycanda, Anadoluda, Balkanlarda, Mesopotamiyada çox yaxşı tanınır. Mövlananın, Yunus Əmrənin fikir və düşüncələri bu torpaqların çətin vaxtlarında bizə yol göstərib. Türkiyədə Yunus Əmrənin adını daşıyan şəhər olmadığından qərara gəldik ki, Konyada yüz illərdir, hər il dekabrın 17-də Mövlana günü keçirildiyi kimi, biz də Yunus Əmrə günləri təşkil edək.
- Yunus Əmrə şeirlərinin birində Şirvanlı Molla Qasımdan çəkindiyinə eyham vurur. Onun yaratdığı dalğa fəlsəfə baxımından Nəsimi və Füzulini, dil baxımından isə Molla Pənah Vaqifi öz içinə alaraq yüksəlir. Gələcəkdə Yunus Əmrə günlərindən birini Azərbaycanda keçirməyi düşünürsünüzmü?
- Çox gözəl olar. Azərbaycanın bir rayonuyla qardaş olarıq. Biz indi Bosniyadan, Makedoniyadan, Xorvatiyadan, Türkiyədən rayonlarla qardaş olduq, bunu davam etdirəcəyik. Mən millət vəkili olarkən Azərbaycana 3-4 dəfə getmişəm. Bakını və ətrafını gəzmişəm. Oradakı rayonlardan biriylə qardaş olaq, onlar buraya gəlsin, biz oraya gedək, birlikdə tədbirlər keçirək. Qardaş rayonlar olsaq, qarşılıqlı şəkildə problemlərimizi də müəyyənləşdirib onları birlikdə aradan qaldırmağa çalışarıq. Bizim də oralardan öyrənəcəyimiz şeylər varsa, öyrənək.
- 30 mart 2014 bələdiyyə seçkisi ərəfəsində bəzi millət vəkilləri istefa verərək bələdiyyə başqanlığına namizəd oldular. Paytaxtdakı siyasət xalqa xidmət üçün daha yaxşı vasitədir yoxsa yerli özünü idarədə?
- Bu önəmli sualınıza görə təşəkkür edirəm. Mən 2 dönəm Ədalət və İnkişaf Partiyasından (Ak Partiya) millət vəkili olmuşam. Bələdiyyəmizin əhalisi 10-15-20 min olsa, bəlkə bu qədər yorulmarıq. Amma 200 mindən çox əhalimiz var, yeni yaranmış bələdiyyəyik. Ona görə indi millət vəkili olduğum vaxtlardan 2 dəfə çox yoruluram.
- Bələdiyyəni necə qurduğunuz barədə ətraflı məlumat verə bilərsinizmi?
- Yeni bir yeri yaratmaq çətindir, sıfırdan qurmaq çox yorucudur. Ancaq bu da var ki, bir yeri sıfırdan yaradanda doğru addımlar atmaq daha asan olur. Məni buraya prezident Ərdoğan namizəd göstərdi. Xalqımız isə səs verərək bu vəzifəyə gətirdi. Biz hörmətli Ərdoğanla uzun müddət birlikdə çalışdıq. Buraya gəlmək bir qismətdir. Taleyə inanırıq. Xalqımızın yanında etibarımız vardı, bizi seçdi. İndi isə bizim xalqa borcumuz var. Onlar bizə güvəndi, bu etimadı boşa çıxarmayacağıq. Önəmli olan nəticədir. Yunus Əmrə deyir: "Hepsindən iyice bir gönüle girmək". Xalqımızın könlünə girmək, onları xoşbəxt etmək bizim əsas vəzifəmizdir. Hələ yolun əvvəlindəyik, görüləcək çox işimiz var. Əlimizdəki maddi imkanlardan maksimum dərəcədə səmərəli istifadə etməyə çalışırıq.
- Onu necə edirsiniz?
- Biz maddi mənbələrimizdən ən səmərəli və rasional şəkildə istifadə etməyə çalışırıq. İstər bələdiyyəçilik xidmətlərində, infrastrukturda, şəhər salınmasında, istərsə də sosial-mədəni layihələrinin həyata keçirilməsində belə edirik. Qənaət etmək, investisiyaları düzgün planlaşdırmaq və düzgün istiqamətləndirmək, gəlirləri artırmaq məcburiyyətindəyik.
- Gəlirlərinizi investisiyalarla artırmağı planlaşdırırsınız yoxsa, bələdiyyə xidmətlərinin keyfiyyətini yüksəltməklə?
- Biz xalqa xidmət edərkən xalqdan heç bir şey tələb etmirik. Bizim sabit gəlirlərimiz var. Adam başına düşən vergilərdən bizə pul göndərilir, vergilərdən gəlir əldə edirik. Gələcəkdə yeni şəhər salma layihələriylə də gəlirimizi artırmağımız mümkündür. 1-2 ildə oralardan gəlir gözləyirik. Şəhəri Qərbə doğru böyütməyimiz lazımdır. Yeni mənzil sahələri, sənaye müəssisələri üçün yerlər açacağıq. Bunları açsaq, Manisaya daha çox yatırımçı gələcək. Bu da bələdiyyənin daha çox qazancı, daha çox iş yeri deməkdir. Bizim rayondakı sistemli sənaye bölgəsində 60 min nəfər işləyir. Bu, bir çox şəhərdən böyükdür. Bura dünyanın nadir sənaye bölgələrindən biridir. Oranı da böyütməyi düşünürük ki, bu da gəlirimizi artıracaq.
- Qurduğunuz şirkətlərdən biri küçələrə döşənən daşı istehsal edən şirkətdir. Bunu bazarın tələbinə uyğun şəkildə qurdunuzmu?
- Bizim inşaat firmamız, daş istehsal edən zavodumuz da var. Bunu 1 ildə qurduq. Zavodumuz 1 ildə 300 min kvadratmetr daş istehsal edib. Öz ehtiyacımızdan artıq qalanı satırıq. Oradan da pul qazanırıq.
- Bizə vaxt ayırdığınıza görə təşəkkür edirik.
- Gəldiyinizə görə, mən sizə təşəkkür edirəm. Gələn il Yunus Əmrə günlərinin çərçivəsini böyütməyi düşünürük. Simpoziumdakı məruzələri kitab şəklində çap edəcəyik. Azərbaycanı çox sevirəm, oraya çox getdim, yenə də getmək istəyirəm. Qardaşlarımızın hamısına salamlarımı çatdırın.