“TN-nin bəzi ixtisasların bir ixtisas qrupundan digərinə keçirilməsi ilə bağlı müəyyən təklifləri var” Müsahibə

“TN-nin bəzi ixtisasların bir ixtisas qrupundan digərinə keçirilməsi ilə bağlı müəyyən təklifləri var”

Məleykə Abbaszadə:"Həmin təklifləri nəzərə alaraq qəbul qaydalarını elan edəcəyik"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin Trend-ə müsahibəsini təqdim edirik.
- Qəbul imtahanlarında 0-100 bal arasında nəticə göstərənlərin sayı ötən ilki qəbulla müqayisədə necə dəyişib?
- 2015-ci ildə ölkədə 0-100 bal toplayanların sayı azalıb. 2014-cü ildə bütün məzunların 19,81 faizi, 2015-ci ildə 14,15 faizi 0-100 bal toplayıb. 2014-cü illə müqayisədə 2015-ci ildə 100-200 bal arasında nəticə göstərənlərin sayı 13,05 faizdən 11,66 faizə enib. 200-300 bal toplayanların sayı demək olar ki, əvvəlki həddə qalıb. 2014-cü ildə bütün məzunların 11,22 faizi, 2015-ci ildə 10,99 faizi 200-300 bal toplayıb. 2014-cü ildə 300-500 bal toplayanların sayı 15,18 faiz, 2015-ci ildə 14,94 faiz, 500-700 bal toplayanların sayı 2014-cü ildə 6,42 faiz, 2015-ci ildə 6,92 faiz olub. Nisbətən azalma 0-100 və 100-200 bal toplayanlar arasında olub. İmtahanda iştirak edənlərin 2014-cü ildə 66 faizi, bu il 58 faizi cari ilin məzunları idi. Amma 0-100 və 100-200 bal toplayanların sayında azalmanın səbəbi yeni qəbul qaydaları ilə bağlıdır. Çünki hər il aşağı balla xüsusi qabiliyyət tələb edən ixtisaslara sənəd verən abituriyentlər, əsasən də idmançılar, bu ilki qəbulda daha çox V ixtisas qrupuna sənəd veriblər. Bu ilki qəbulda idman ixtisaslarına çox böyük axın olub. 6000-ə yaxın abituriyent idman ixtisasını seçərək qabiliyyət imtahanlarında iştirak edib. 0-100 və ya 100-200 bal intervallarından danışanda isə söhbət yalnız I-IV ixtisas qrupuna aid olan 0-700 ballıq şkaladan gedir, yəni V qrup üzrə ali məktəblərə və kolleclərə qəbul imtahanında iştirak edən abituriyentlərin nəticələri bu statistikada əks olunmayıb.
"I Avropa Oyunlarının keçirilməsi ilə bağlı idman ixtisaslarına böyük axın oldu"
- İdman ixtisasına marağın belə çox artmasının səbəbi nə olub?
- Mənə elə gəlir ki, bunun birinci səbəbi I Avropa Oyunlarının keçirilməsi ilə bağlı olub. Bu oyunlar abituriyentləri həvəsləndirdi. Onlar gördülər ki, idmanda karyera qurmaq mümkündür, idman sağlam həyat və karyeranın əsası ola bilər. İkincisi isə, bu axın qəbul qaydalarına edilən dəyişikliklə bağlı olub. 2015-ci ildə ilk dəfə ali məktəblərə qəbul yeni qaydalarla aparılıb. Qəbul imtahanları vermək istəməyən, yalnız buraxılış imtahanı verən hər bir şəxs orta ixtisas təhsili müəssisələrinə 3 fəndən imtahan verməklə qəbul oluna bilərdi. 2014-cü ildə buraxılış imtahanlarının nəticələri əsasında orta ixtisas təhsili müəssisələrinə qəbul IX sinif üzrə aparılıb. 2015-ci ildə isə bu, XI sinif üzrə tətbiq edilib. 2015-ci ildə müəyyən ali məktəblərdə xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər 3 fəndən - "Ana dili", "Riyaziyyat" və "Xarici dil"dən imtahan verməklə, yəni yalnız buraxılış imtahanının nəticəsinə görə ali məktəblərə qəbul olunublar. Abituriyentlər üçün məhdudiyyət qoyulmamışdı, onlar həm buraxılış imtahanı, həm də qəbul imtahanı verərək hər ikisinin nəticələri əsasında müsabiqələrdə iştirak edə bilərdilər. Əvvəllər abituriyentlərin əlində bir qəbul göstəricisi var idi, indi isə onların əlində iki göstərici - həm buraxılış, həm də qəbul imtahanlarının göstəricisi olub. Qəbul imtahanlarının göstəricisi əsasında I-IV qruplardan birini, buraxılış imtahanlarının nəticələri əsasında V ixtisas qrupunu seçib qabiliyyət imtahanında iştirak edərək ali məktəbə qəbul oluna bilərdi. Bu imkandan kifayət qədər insan istifadə edib. Təbii ki, biz oxumaq istəyən bütün abituriyentlərin biliyinə uyğun olaraq, onların hamısı üçün təhsil almaq imkanının yaradılmasını istəyirik. Son 3 ildə onu müşahidə edirik ki, əsas müsabiqə vəziyyəti dövlət sifarişli yerlər üzrə yaranır. Abituriyentlərin dövlət sifarişli yerləri olan ixtisaslara marağının yüksək olmasının da səbəbi aydındır. Dövlət ali məktəblərinin müəyyən ödənişli plan yerləri üzrə ixtisaslarına da maraq var. Abituriyentlərin özəl ali məktəblərə marağı yoxdur. 2015-ci ildə özəl ali məktəblərdə plan yerlərinin 50 faizi boş qalmışdı. Amma elə özəl ali məktəblər ki, oraya hətta dövlət sifarişli yeri qazanan abituriyentlər də gedirlər. Çox bilikli abituriyentlərin təhsil aldığı ali məktəbdə də daha rəqabətli tədris mühiti formalaşır.
"Bu il 8-ci sinifdə oxuyanlar gələn il yalnız test imtahanı verməyəcəklər"
- Bu il orta məktəb məzunları üçün buraxılış imtahanlarının keçirilməsi qaydaları necə olacaq?
- Qaydalar ötən ilki kimi olacaq, buraxılış imtahanlarında da ötən ilki fənlər üzrə imtahan veriləcək. Yeni fənlər hələ ki, əlavə edilməyəcək. Tam orta təhsil bazası üzrə buraxılış imtahanı verənlər üçün xarici dil fənni üzrə düzgün cavabların qiymətləndirilməsi balının sayı bir qədər az idi. Biz 5 bala qədər toplayanlara "iki", 6 bal toplayanlara "üç" yazırdıq. Amma bu il 6 baladək toplayanlara "iki", 7 bal toplayanlara "üç" yazacağıq. İndiyədək xarici dil fənləri üzrə 6-15 sualın düzgün cavablandırılmasına görə "üç", 16-24 sualın düzgün cavablandırılmasına görə "dörd" qiyməti verilirdi. Amma bu il 7-24 suala düzgün cavab "üç", 17-24 suala düzgün cavab "dörd" qiymətləndiriləcək.
- Xarici dil üzrə qiymətləndirmə şərtləri getdikcə sərtləşdiriləcək?
- Xarici dil üzrə də 7 bal toplayanlar "iki almalıdırlar. Elmi nöqteyi-nəzərdən 0-7 bala "iki" qiyməti verilməlidir. Yalnız 8 suala cavab verən buraxılış imtahanında "üç" almalıdır. Amma xarici dil imtahan fənni kimi ikinci ildir ki, tətbiq olunur. Ona görə də qiymətləndirmə üçün balı yavaş-yavaş qaldırırıq.
- Bəzi ekspertlər hesab edir ki, 3 fənn üzrə buraxılış imtahanının keçirilməsi düzgün deyil, çünki bu halda məzunların biliyi düzgün qiymətləndirilmir. Buna görə də bu fənlərin sayı artırılaraq, heç olmasa, 4-5-ə çatdırılmalıdır...
- Biz fənlərin sayını tədricən qaldırmaq istəyirik. Biz 2018-ci ilədək buraxılış imtahanlarında tədricən fənlərin sayının artırılması barədə öz təklifimizi hələ 2014-cü ildə Təhsil Nazirliyinə təqdim etmişdik. Birgə müzakirə əsasında 2015-ci ildə buraxılış imtahanına yalnız bir fənn əlavə edildi. İmtahan heç olmasa, iki il bu modellə keçirilməlidir. Növbəti fənnin əlavə edilməsi üçün biz mütləq Təhsil Nazirliyi ilə yeni razılaşdırma aparmalıyıq. 2012-ci ildən siniflər üzrə aparılan monitorinq imtahanlarının nəticələrinin araşdırılmasına dair materialları 4 cild şəklində 2015-ci ilin fevral ayında Təhsil Nazirliyinə təqdim etmişik.
Hazırda Azərbaycanda yeni kurrikulum əsasında oxuyanlar 8-ci sinifdə təhsil alırlar. Onlar 2017-ci ildə buraxılış imtahanı verəcəklər. Yeni kurrikulum əsasında oxuyan bu şagirdlər 9-cu sinifdə yalnız test imtahanı verməyəcəklər. Onlar üçün müəyyən yazı işi, açıq sual da olacaq, həm də fənlərin sayının artırılması nəzərdə tutulub. Hansı fənnin artırılacağı müzakirələr nəticəsində bəlli olacaq.
- Bu il ali məktəblərə qəbul qaydaları dəyişdiriləcək?
- Qəbul qaydalarını dəyişdirməyəcəyik. Ali məktəblərə qəbul qaydaları ötən ilki kimi olacaq. İxtisas qruplarının sayında, fənlərin, sualların sayında heç bir dəyişiklik olmayacaq. "Abituriyent" jurnalının 1-ci sayında qəbul qaydaları, proqramları, model suallar çap olunacaq. Təbii ki, model suallar dəyişir. Model suallar həmin ilin qəbul proqramına əsaslanır, əvvəlki ilin qəbulun nəticələri ilə elmi-metodiki seminarın təhlili əsasında yeni model suallar çap olunacaq. Buna görə də yeni qəbul proqramı və model test tapşırıqları nəzərə alınmalıdır. Amma hazırda Təhsil Nazirliyi ilə də müəyyən danışıqlar aparılır. TN-nin bəzi ixtisasların bir ixtisas qrupundan digərinə keçirilməsi ilə bağlı müəyyən təklifləri var. Həmin təklifləri nəzərə alaraq qəbul qaydalarını elan edəcəyik.
- Təhsil Nazirliyi hazırda müəllim peşəsinin nüfuzunun qaldırılması məsələsinə çox ciddi fikir verir. Sizcə, müəllim hazırlığının daha təkmil formada aparılması üçün hansı dəyişikliklər edilməlidir?
- Təhsil Nazirliyinin müəllim peşəsinin nüfuzunun artırılması üçün göstərdiyi təşəbbüs çox yaxşıdır. Mənə elə gəlir ki, biz bunun nəticəsini iki ildən sonra görəcəyik. Amma burada bir məsələ də var. Yalnız qəbul imtahanında yaxşı nəticə göstərən abituriyentlər arasında seçimin aparılması ilə bağlı dəyişikliklər olmalı deyil, bakalavr və magistratura pilləsində tədrisin özü də müasirləşməlidir. Mütəxəssis kimi təklif edə bilərəm ki, ali məktəblərdə müəllimlərin hazırlığı proqramlarına, kurrikulumlara yenidən baxılsın. Bakalavr səviyyəsində müəllim ixtisası üzrə oxuyanların tədris prosesi müasirləşməli və yeni metodikalar tətbiqi edilməlidir. Hələ 2013-cü ildə müəllimlərin qurultayında çıxışımda qeyd etmişdim ki, müasir qiymətləndirmə nəzəriyyəsi üzrə dərslər pedaqoji kadrları hazırlayan ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində tədris proqramlarına daxil edilməlidir.
Ali məktəblərdə tədris zamanı, ali məktəbdən sonra əlavə kurs şəklində deyil, qiymətləndirmə, kurrikulumlarla bağlı metodikalar tədris olunmalıdır. Bu məsələlər xüsusilə magistratura pilləsində daha çox diqqət mərkəzində olmalıdır ki, magistraturada oxuyan gələcək müəllimlər keçmiş metodologiyanı deyil, müasir metodologiyanı da mənimsəsinlər.