Yaddaşlarda yaşayanlar Ədəbiyyat

Yaddaşlarda yaşayanlar

“Dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”

(Qədim Yunan mütəfəkkiri Sokrat)

Dünyada gözəl, nəcib peşələr çoxdur. Həkim insanların sağlamlığının keşiyində dayanır, xəstələrə şəfa verir. Mühəndis fabrik, zavodları tikir, binalar ucaldır, yollar çəkir, körpülər salır. Kosmonavt fəzanı fəth edir, müxtəlif planetlərin sirlərini öyrənir. Fəqət bütün peşələrin fövqündə dayanan müqəddəs bir peşə də vardır. Bu müəllimlikdir. Həkim də, mühəndis də, kosmonavt da seçdikləri sənətin sirlərini məhz müəllimdən öyrənirlər. Müəllim elm, bilik xəzinəsinin qapısını insanların üzünə açan bir varlıqdır.

Bu xəzinəyə inamla daxil olanlar həyatın enişli – yoxuşlu yollarında büdrəmir, öz biliyi və əməlləri ilə cəmiyyətin inkişafına töhfələr verirlər. Elə buna görə də dünyada müəllim əməyinin bənzəri yoxdur. İslam dünyasının parlaq simalarından olan Həzrəti Əli “Mənə bir hərf öyrədənin köləsi olaram” deyirdi.

Deyirlər ki, hər kəsin taleyində müəllimin yeri vardır. Bu həqiqətən belədir. Əllərimizdən tutub bizə hərfləri, oxumağı, saymağı öyrədən müəllimi kim xatırlamaz axı? Məktəb partası arxazında keçən illərdə müəllimlər bizə qətrə - qətrə Vətənə, torpağa sevgi hissi aşılayıblar. Bütün həyatımız boyu gərəyimiz olan informasiyanın yarıdan çoxunu məhz müəllimlərimizdən öyrənmişik. Məhz əziz müəllimlərimizin sayəsində bütün varlığımızla xalqımızın əsrlərin sınağından çıxan adət - ənənələrinə, milli – mənəvi dəyərlərinə bağlanmışıq, dünyagörüşümüz, həyata sağlam baxışımız formalaşıb. Bütün uğurlarımızın arxasında müəllimlərimizin illər boyu çəkdikləri gərgin zəhmət dayanır. Alim də, sərkərdə də, yaşından, mövqeyindən asılı olmayaraq hər bir şəxs müəllim qarşısında baş əyir, ona səcdə qılır, onu həmişə xoş duyğularla yada salır.

Yazının annotasiya hissəsinin uzun alınması mənim xatirimdə həmişə həzin, xoş xatirələrlə andığım, daim xatırladığım əziz müəllimim rəhmətlik Əliağa müəllim xarakterini açmaqdan ötrü idi. Onun üzərimizdə olan haqqı, sevimli peşəsinə qəlbən vurğunluğu, eləcə də uşaq xatirələrimizdə yaşatdığımız müsbət xüsusiyyətlərini dolğun göstərmək üçün bir azcana sözlərə xəsislik etmədim. Öncədən onu da deyim ki, yazını çoxdan yazmaq istəyirdim. Amma srağagün Qeyrət Qaraşovla keçmiş müəllimlərimizi anarkən söhbət rəhmətlik Əliağa müəllim üstə gəldi. Məsləhətləşdik ki, hər ikimizin müəllimi ( yaxşı müəllim kimi yadımızda qalan) olmuş Əliağa müəllim haqqında bir xatirə yazısı yazım.

1977-78-ci tədris ilindən biz qonşu Hamarkənd orta məktəbində oxumağa başladıq. Müəllimlərimiz çox idi, əksəriyyəti də Respublikanın müxtəlif bölgələrindən. Yerli müəllimlər barmaqla sayılası qədər idi. Gələnlər də sadəcə dərslərini deməklə kifatətlənirdilər. Amma onların içində ilk baxışda zəhmli görünsə də qəlbi ipək kimi həlim, ürəyiyumuşaq biri var idi. Bütün dərsini həm təlim, həm də tərbiyə üstündə qururdu. Hər bir dərsinə yaradıcı yanaşar, bizdən öyüd – nəsihətini əsirgəməzdi. Hətta tənəffüsdə bizimlə maraqlanar, göstərişlərini verərdi. El təəssübü çəkən bir insan idi O. Bəli, həmsöhbət olduğum insanların əksəriyyəti Əliağa müəllim şəxsiyyətini məhz bu aspektdən dəyərləndirdilər. Elə bu mənada da, “Yaxşı müəllim nə deməkdir” sualına V.A. Suxomlinski belə cavab verirdi:” O, ilk növbədə, uşaqları sevən insandır, onlarla ünsiyyətdən sevinc tapır, inanır ki, hər bir uşaq yaxşı insan ola bilər, uşaqlarla dostluq etməyi bacarır, uşaqların sevincini və kədərini ürəyinə sala bilir, uşağın qəlbini oxuyur və heç vaxt unutmur ki, özü də vaxtilə uşaq olub” . Bəli müəllimimiz Əliağa müəllim də məhz bu xüsusiyyətlərə malik insan idi.

Məlikov Əliağa Xudayar oğlu 1925-ci ildə Yardımlı rayonunda anadan olmuşdu. Hələ üç yaşı olarkən atası Molla Xudayar rəhmətə gedir. Uşaqlığı çətin və əzablı bir dövrə təsadüf edir Əliağa müəllimin. Özündən üç yaş böyük və iki yaş kiçik iki bacısı ilə birlikdə yetim qalırlar. Elə bu səbəbdən də erkən yaşlarından ağır zəhmətə qatlaşır, (yeri gəlmişkən bu onun gələcək həyatına da təsirsiz ötüşməyib. Ömrü boyu bəlkə də nəinki kənddə , hətta bölgədə ən zəhmətkeş kişilərdən idi.) böyüyür, oxuyur və bacılarını da böyüdür. 1941-ci ildə məktəbi əla qiymətlərlə başa vurur. Məktəbi bitirdiyi il ağrılı-acılı Sovet-Alman müharibəsinin başlandığı ilə təsadüf etdiyindən müəllimlər cəbhəyə yola salınmış, bu hal onsuzda kadr çatışmazlığını bir az da qabartmışdı. Elə bunun nəticəsində də 12 fevral 1942-ci ildə Yardımlı rayon Xalq Maarif Şöbəsinin 62 saylı əmri ilə 34 nəfər müəllimlikdən azad olunaraq ordu hissələrinə göndərilir. Həmin o ağrı-acılı günlərdə başqa bir əmrlə orta məktəblərin IX və X sinifləri ləğv edilərək, həmin siniflərin şagirdlərindən müəllim kimi istifadə edilməsi məqsədəmüvafiq hesab edilir. Bu məqsədlə yaxşı oxuyan uşaqlar RXMŞ nəzdində imtahan edilərək məktəblərə müəllim göndərilirlər. Əliağa müəllim də bu imtahandan müvəffəq qiymət alaraq Yardımlı rayonunun Gügavar ibtidai məktəbinə həm müəllim, həm də müdir təyin olunur.

Oxuyub təhsilini artırmaq ideyası onu bir an da rahat buraxmırdı. Elə bu məqsədlə də 1942-ci ildə Lənkəran Pedaqoji Texnikumuna daxil olur. Bir il oxuyandan sonra, 1943-cü ildə Pedaqoji Texnikumu Bakı şəhərinə köçürürlər. Nə qədər çətin, ağrı-acılı olsa da, Əliağa müəllim Bakı şəhərində təhsilini davam etdirir. Nəhayət 1944-cü ildə Pedaqoji Texnikumu müvəffəqiyyətlə başa vuraraq doğma kəndi – Yardımlı rayon Hamarkənd orta məktəbinə müəllim təyin olunur. Elə bu vəzifədə də nə az, nə çox, düz 46 il şərəflə fəaliyyət göstərir. Yarım əsrə yaxın bir müddətdə Tanrı bəxşişi ömrünü xəsislik etmədən gənc nəslin təlim – tərbiyəsinə sərf edir. Böyük Mustafa Kamal Atatürk demiş, özü şam kimi yanıb tükənərək ətrafını işıqlandırır Əliağa müəllim.

Müəllim əməyini çox vaxt bağban əməyi ilə müqayisə edirlər. Bağban min bir zəhmətlə yetişdirdiyi ağacın bəhrəsini görəndə sevindiyi kimi , öz yetirmələrinin də xoş sorağını alanda Əliağa müəllimin də qəlbi sevincdən dağa dönürdü. Əliağa müəllim hansı kənddən, kimliyindən, kimin uşağı olmasından asılı olmayaraq şagirdlərinin gələcək həyatı ilə maraqlanar , tövsiyə və göstərişlərini verərdi. Beləcə tərəfsizliyi, düzlüyü, ürək yandırması, haqsızlığa dözməməsi, dini dəyərlərə tapınması sayəsində Tanrı payı ömrünü, gözlərinin nurunu, ürəyinin hərarətini təmənnasız olaraq şagirdləri ilə paylaşar, onların gələcək həyat yollarında nurlu, işıqlı mayaka çevrilirdi Əliağa müəllim. Çəkdiyi zəhmətin bəhrəsini gördükcə, sevimli şagirdlərinin xoş sorağını aldıqca qəlbi fərəhlə dolar, ürəyi qürurla döyünərdi.

Bir vaxtlar sevimli şagirdlərindən olan Yardımlı rayon Anzov kənd tam orta məktəbinin müəllimi Şirəli İsayev Əliağa müəllim haqqında ürək sözlərini belə ifadə etdi.” Əliağa müəllimin gəncliyi Sovet-Alman müharibəsinin qanlı-qadalı günlərinə təsadüf etmişdi. O bütün ömrü boyu gənc nəslin təlim – tərbiyəsi ilə məşğul oldu. Müəllimlik peşəsinə son dərəcə məsuliyyətlə yanaşırdı. Ciddi intizamlı idi. Həddən artıq düzlük tərəfdarı idi. Özünün və başqalarının haqqının tapdanmasına yol verməzdi. Şəxsi həyatında çox zəhmətkeş idi. Kəndin mərkəzində - həyətyanı sahəsində gözəl bağ salmışdı. Onun yetişdirdiyi meyvə və tərəvəz hamını heyrətləndirərdi.

Ciddi görkəmi, ağır təbiəti, verdiyi sözə zərgər dəqiqliyi ilə əməl etməsi Əliağa müəllimi bütün bölgədə böyük hörmət və nüfuz sahibi etmişdi. Onun hərəkəti, davranışı, sakit və məntiqli nitqi hamı üçün nümunə idi. İşlətdiyi ifadələr bu gün də camaat arasında səmimiyyətlə xatırlanır. Gözəl müəllim, zəhmətkeş insan Əliağa müəllim onu tanıyanların qəlbində həmişə yaşayacaqdır”.

Bir vaxtlar Əliağa müəllimin rəhbərlik etdiyi sinifin şagirdlərindən olan Yardımlı rayon Anzov kənd sakini Qeyrət Qaraşlı qeyd etdi ki, Əliağa müəllim 1982-83-cü tədris ilində oxuduğum 4-cü sinfin rəhbəri idi. Sonrakı illərdə isə müəllimim olub. Hələ o vaxtlar Əliağa müəllimdə müsbət mənada əsl insana, həqiqi pedaqoqa, ustad müəlliə xas olan bütün müsbət xüsusiyyətləri görmüşəm. O, bir müəllim olaraq hər bir şagirdinə qarşı həm tələbkar, həm də qayğıkeş idi. Hər birimizə ayrı-ayrılıqda fərdi yanaşardı. Ümumiyyətlə , Əliağa müəllim bu gün bizim ərazidə yaşayan və fəaliyyət göstərən böyük ziyalı ordusunun ali təhsil almasında böyük rol oynayanlardandır”

Əliağa müəllimlə bir vaxtlar çiyin – çiyinə çalışmış qocaman pedaqoq, ağsaqqal müəllim Yardımlı rayon Osnakəran kənd sakini Sərdar Əbişov onun həddən artıq qayğıkeş insan olduğunu qeyd edir. Sərdar müəllim qeyd edir ki, Əliağa müəllim xüsusilə biz gəlmə müəllimlərlə həmişə maraqlanar, haqqımızın tapdanmasına yol verməz, dəyərli məsləhətlərini bizdən əsirgəməzdi. Allah rəhmət eləsin!

Rəhmətlik atam həmişə Əliağa müəllimi, eləcə də onun ömür-gün yoldaşı xanım xatın Fizzə ananı səliqə - sahmanlı, çörək verən, evində qonağa qarşı son dərəcə diqqətcil bir insan kimi xatırlayardı.

Əliağa müəllimin əməyi yüksək dəyərləndirilmiş, Əmək veteranı adına, "Arxa cəbhədə fədakar əməyinə görə" və bir çox yubiley medalları ilə təltif edilmişdi.

Nə xoş bizlərə ki, Əliağa müəllim kimi şəxsiyyətdən dərs almış, müəyyən bilikləri əxz etmişik. Heç tərəddüd etmədən Əliağa müəllimin ömrünü bir kainata bənzətmək olar. Ömrünü, beynini, ruhunu elmi - əxlaqi biliklərlə qidalandırdığı , əlinə qələm verdiyi biz şagirdləri isə bu kainatın kiçik zərrələriyik.

Allah Əliağa müəllimə qəni – qəni rəhmət eləsin!

Sözardı olaraq: Rəhmətlik Əliağa müəllim dəyərli pedaqoq, yazıçı-publisist Zahir Məlikovun atasıdır.

Malik Balaşov, publisist