F.KÖÇƏRLİNİN “BALALARA HƏDİYYƏ” KİTABI Ədəbiyyat

F.KÖÇƏRLİNİN “BALALARA HƏDİYYƏ” KİTABI

F.Köçərli vətənpərvər bir ziyalı kimi "Balalara hədiyyə" kitabında həm yazılı ədəbiyyatımızdan, həm də şifahi xalq yaradıcılığımızdan dəyərli örnəklər verməklə milli oyanış, özünüdərk, maarif və mədəniyyətin yüksəliş məsələsini ön plana çəkib

2-ci yazı

Sayaçı sözlərinin çap olunduğu ikinci mənbə "Balalara hədiyyə" məcmuəsidir. Sayaçı sözləri barədə ilk elmi məlumat verən ədib "Köçərilərin övza və əhvalı" məqaləsində bu nəğmələrin tərəkəmələrin məişət tərzindən doğduğunu bildirir. Bütün ömrü boyu bu nəğmələrin toplanması və araşdırılması ilə məşğul olan Firidun bəy Köçərli ananın dediyi layla ilə qoyun və ya keçiyə edilən müraciətlər arasında yaxınlıq görərək yazırdı: "Necə ki ana şirin və dadlı dil ilə balasına laylay çalır, habelə də bizim tərəkəmə xalqı – qoyun becərənlər öz qoyunlarını mehriban və şirin dil ilə vəsf qılırlar. Təfavüt ancaq bundadır ki, ana övladını "balam" sözü ilə yad edir, amma qoyun sahibi qoyununu "nənəm" kəlməsi ilə oxşayır". Kitabda sayaçı sözləri ilə bağlı nümunələr "Səlam əleyk say bəylər" ifadəsi ilə başlayır:

Səlam əleyk say bəylər,
Bir-birindən yey bəylər!
Saya gəldi gördünüz?
Salam verdi aldınız?
Alnı təpəl qoç, quzu
Sayaçıya verdiniz?

Verilmiş örnəklərdən belə bir nəticəyə gələ bilərik ki, sayaçı nəğmələri öz ilkin məzmun xüsusiyyətlərini nisbətən fəal qoruyan nümunələr olub:

Bu saya kimdən qaldı?
Adəm atadan qaldı.
Adəm ata gələndə,
Qızıl öküz duranda
Qızıl buğda bitəndə,
Dünya binnət olanda
Musa çoban olanda
Şişliyimiz erkəcdi...

Görkəmli pedaqoq ata-babalarımızın qoyunun xeyir-bərəkəti ilə bağlı yaratdıqları atalar sözü və məsəllərinə də müraciət edir: "Qoyunun yüz olunca, dərisi min olar" və ya:

"Qoyunun oldu əlli,
Adın oldu bəlli.
Qoyunun oldu yüz,
Gir içində üz" və s.

"Balalara hədiyyə" kitabında bəhs etdiyimiz janrlarla yanaşı, bu və ya digər folklor mətnlərini tamamlayan, fikri aydınlaşdıran atalar sözü və məsəllərə, tapmacalara, yanıltmaclara, həmçinin uşaq oyunlarına da geniş yer verib. Fikrimizcə, görkəmli pedaqoqun bu paremioloji vahidlərə "Balalara hədiyyə" kitabında yetərincə yer ayırması uşaqların hafizəsini güc-ləndirmək, nitqini zənginləşdirmək, düzgün tələffüz vərdişlərinə yiyələndirmək, fikrini aydın ifadə etmək, müstəqil düşünmək qabiliyyəti və s. aşılamaq məqsədi ilə izah edilməlidir. Məsəl, tapmaca, yanıltmac və s. kimi janrlar ayrıca deyil, hər mətnin sonunda onun məzmun və ideyasına müvafiq şəkildə verilmişdir. Məsələn, "Ərincək it" adlı alleqorik hekayə, "Şəngülüm, Şüngülüm və Məngülüm", "Tülkü və kəklik", "Nazikbənazik və Tazikbətazik" nağılları, bayatı formasında olan "Dağlar" şeiri və s. nümunələr müvafiq atalar sözləri ilə tamamlanıb.
F.Köçərli uşaqların zehni inkişafına kömək edən, onları əyləndirən və düşündürən tapma-caların təlim-tərbiyəvi əhəmiyyətini nəzərə almış, həyatın müxtəlif sahələrindən bəhs edən 41 maraqlı tapmacanı kitaba daxil edib. Tapmacaların özəlliklərini yaxşı bilən Firidun bəy Köçərli onların toplanmasına, nəşrinə, tədqiqinə böyük önəm verib. O, çox təcrübəli və səriştəli folklor toplayıcısı olduğundan həmin tapmacalar mətnlərinin mükəmməlliyi, təhriflə-rə daha az yol verilməsi ilə seçilir. Məsələn, müəllif "Yaz" şeirindən sonra "Üçü bizə yağıdır // Üçü cənnət bağıdır. // Üçü yığar gətirər, // Üçü vurar dağıdar ", "Qızlar nəğməsi"ndən sonra "Biz-biz idik // Yüz qız idik // Bizi üzdülər // İpə düzdülər //Qırğın gəldi qırıldıq // Şükr olsun ki, dirildik", İ.A.Krılovun "Tülkü və üzüm" şeirinin tərcüməsindən sonra "İki tülkü balası, üç anası, dörd atası, neçə eylər hamısı?" və s. nümunələr mətnin məzmununa uyğun verilib. Onun nəşr etdirdiyi tapmacalar arasında bayatı formasında, həmşinin riyazi hesablamalar üzərində qurulub və qıfılbənd şəklində qoşulmuş tapmaca nümunələrinə də rast gəlinir.
Düzgün tələffüz vərdişləri və düşüncə tərzinin yaranmasında mühüm rol oynayan yanıltmac janrı da "Balalara hədiyyə" kitabında xüsusi yer tutur. F.Köçərli "Balalara hədiyyə" kitabına yanıltmacları salmaqda yalnız əyləndirmək və güldürmək məqsədi güdməyib. O, habelə yanıltmaclar vasitəsilə uşaqlar da oxşar səs və sözlərin düzgün tələffüz vərdişlərini formalaşdırır, biliklərini dərinləşdirir, təsəvvür və təxəyyülünü inkişaf etdirir, onların nitqini canlı xalq danışıq dilinə yaxınlaşdırır, söz ehtiyatını zənginləşdirir. Kitabda verilmiş hər bir yanıl-tmac nümunəsində müxtəlif hadisə və məsələlər əks olunub. Bəzi yanıltmaclara nəzər salaq: "Ay qılquyruq qırqovul, gəl bu kola gir, qılquyruq qırqovul".
"Getdim, gördüm bir dərədə iki kar, kor, kürkü yırtıq kirpi var. Dişi kar, kor, kürkü yırtıq kirpi erkək kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamamaqdansa, erkək kar, kor, kürkü yırtıq kirpi dişi kar, kor, kürkü yırtıq kirpinin kürkünü yamayır". "Bazarda nə ucuz? Mis ucuz, küncüt ucuz, duz ucuz". Bu yanıltmac nümunələrindəki oynaqlıq, şirinlik uşaqların estetik tərbiyəsinə mühüm təsir göstərməkdədir. Görkəmli pedaqoqun "Balalara hədiyyə" kitabında Aşıq Əmrahın "Aranla yaylağın bəhsi" qoşmasına rast gəlirik. Həmin qoşmada Aşıq Əmrah aranın da, yaylağın da özünəməxsus gözəlliyə malik olmasını, mükalimə yolu ilə poetik bir dillə ümumiləşdirir:

Aran deyər, bağça mənim, bağ mənim,
Gecə-gündüz qulluq eylər bağbanım.
Geymək üçün yaşıl mənim, al mənim,
Süsən sünbül, gülşənliklər mənimdir.
Yaylaq deyər, mənəm çeşmələr başı,
Axar, heç qurumaz didəmin yaşı,
Pələnglər yatağı, ovçu sirdaşı,
Köksü ala, qarlı dağlar mənimdir.

F.Köçərli Xəstə Qasımın "Nəsihət" qoşmasını və ya sonrakı nəşrlərdə "Olmaz" adı ilə getmiş ustadnaməsini "Balalara hədiyyə" kitabına salmaqla xalqımızın müdrik sözlərini, istək və arzularını yeni nəslə çatdırmağı vacib sayır. Görkəmli ədib bu zaman Xəstə Qasımın həyat və cəmiyyət haqqındakı fəlsəfi düşüncələrinin, həmçinin müdrik kəlamlarının uşaqların başa düşəcəyi bir dildə yazıldığını nəzərə alır. Şeirdən göründüyü kimi, aşıq el arasında mövcud olan "Ağac bəsləgilən, barın yeyəsən", "Namərd yalançıya sirrin söyləmə", "Bivəfa dilbərdən sənə yar olmaz", "İgid odur tənə oxun atmasın, halal mayasına haram qatmasın" və s. bu kimi atalar sözləri və məsəllərdən istifadə etmiş, danışıq dili ilə ədəbi dil arasında əlaqə yaratmış, hər bir müdrik sözün mahiyyətini açmağa çalışıb.
"Balalara hədiyyə" kitabında Kərəmin dilindən deyilmiş "Durnalara xitab" qoşmasının bir qədər fərqli şəkildəki variantı "Azərbaycan dastanları "nın II cildində verilib. Bu variantda qoşma cəmi üç bənddən ibarətdir. Həmin kitabın qeydlər hissəsində göstərilir ki, dastanın başqa bir variantında bu qoşma 4 bənddən ibarətdir və burada olmayan III bənd belədir:

Zalım şahın pəncəsinə düşərsiz,
Uca dağı, ormanları keşərsiz,
Yaz gələndə, yaylaqlarda gəzərsiz,
Qırılmasın qanadınız, qolunuz.

Bu bənd "Balalara hədiyyə" kitabında verilmiş qoşmanın həmin bəndi ilə üst-üstə düşür.
"Balalara hədiyyə" kitabında həmçinin uşaqların tərbiyəsinə, əxlaqına dünyagörüşünün for-malaşmasına, kamilləşməsinə kömək edən "İt və pişik", "Dəvə və tikan" alleqorik hekayələri, İ.A.Krılovun "Tülkü və üzüm", Q.B.Zakirin "Tülkü və Qurd", "Dəvə və eşşək" təmsilləri və s. verilib.
Uzun müddət Azərbaycan məktəblərində bir dərslik kimi istifadə edilmiş bu kitabla F.Köçərli uşaq qəlbinin incəliklərinə yol tapmış, xalqımızın bu gözəl folklor örnəkləri ilə uşaqların psixologiyasının, dünyagörüşünün formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib. Vətənini, xalqını və dilini böyük bir məhəbbətlə sevən F.Köçərli vətənpərvər bir ziyalı kimi "Balalara hədiyyə" kitabında həm yazılı ədəbiyyatımızdan, həm də şifahi xalq yaradıcılığımızdan dəyərli örnəklər verməklə milli oyanış, özünüdərk, maarif və mədəniyyətin yüksəliş məsələsini ön plana çəkib. Firidun bəy Köçərli bu əsəri ilə Azərbaycan folklorşünaslığına yeni ruh, yeni nəfəs gətirib, onu yeni ideya-bədii keyfiyyətlərlə zənginləşdirib. Deməli, F.Köçərli qabaqcıl bir pedaqoq kimi folkloru cəmiyyətdə gənc nəslin tərbiyəsi və savadlanması üçün mühüm vasitələrdən biri hesab edib.

Məhəmməd Məmmədov
filologiya üzrə fəlsəfə doktoru