Sülh bizim üçün zəruridir Siyasət

Sülh bizim üçün zəruridir

29 aprel tarixində keçirilmiş “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı konfransda Prezident İlham Əliyevin çıxışı olduqca əhəmiyyətli olmaqla, regionda sülhün və əməkdaşlığın təmin edilməsi istiqamətində də önəmli addımlardan biridir. Dövlət başçısının konfransdakı çıxışı zamanı səsləndirdiyi fikirlər Azərbaycan dövlətinin və xalqının mövqeyini göstərməklə, təhlükəsizliyin və qarşılıqlı dialoqun Cənubi Qafqaz regionunun inkişafında əsaslı rolunu və xalqlarının əmin-amanlıq şəraitində yaşaması üçün bütün təşəbbüslərin tərəfdarı olduğunu bir daha göstərmiş oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarının suallarını dünya səviyyəli, nüfuzlu, dünyada gedən prosesləri dərindən bilən, yüksək intellekt və dərin analitik təfəkkürə malik siyasətçi kimi, əsl liderə xas olan xüsusiyyətləri nümayiş etdirməklə cavablandırması 20-dən çox ölkədən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertlərinin, tədqiqatçı-alimlərinin və media nümayəndələrinin regionumuzun bugünkü real mənzərəsi haqqında dolğun məlumatlar əldə etmələrinə geniş imkanlar açdı.
Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaq.
Azərbaycan dövlətinin beynəlxalq hüquqa inam və etibarının sarsıldığını, beynəlxalq qərar və qətnamələrin bu məsələlərdə artıq qətiyyən nəticə vermədiyini dövlət başçısı İlham Əliyev də çıxışlarında dəfələrlə bildirib. Son 30 ildə Azərbaycanın tarixi torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlaması və həmin ərazilərdə insanlığa sığmayan, bəşər tarixində misli görünməmiş vəhşiliklərə imza atması beynəlxalq təşkilatları hərəkətə keçirmədi. Əksinə qəbul edilən sənədlər kağız üzərində qaldı, ancaq sözdə bəyanatlar verməklə kifayətləndilər. Bir sözlə, beynəlxalq təsisatlar öz addımları ilə, qəbul etdikləri qərarların icrasına etinasız və laqeyd münasibətləri ilə özləri haqqında bu rəyləri formalaşdırmış oldular. İndi qürurla bildiririk ki, Azərbaycan öz qətiyyətli mövqeyinin arxasında dayandı. Bütün təzyiqlərə baxmayaraq, ardı-arası kəsilməyən erməni təxribatlarının qarşısını almaq, torpaqlarımızı azad etmək məqsədilə 2020-ci ilin 27 sentyabr tarixində başlatdığı əks-hücum əməliyyatında öz gücünü bütün dünyaya sübut etdi. 44 gün davam edən və Azərbaycanın aşkar qələbəsi ilə başa çatan Vətən müharibəsində böyük tarixi zəfərə imza atdı.
Prezidend İlham Əliyev çıxışında bildirmişdir ki, İkinci Qarabağ müharibəsindən sonra erməni cəmiyyətinin də yaraları var. Bunu başa düşmək olar. Əgər yaralarımız otuz ilə sağalmadısa, bilirik ki, onların da yaraları qanlı qalacaq. Bu, reallıqdır. Biz məsuliyyəti öz üzərimizə götürməliyik və ölkələrə rəhbərlik edən liderlər məsuliyyəti eyni olaraq qəbul etməlidirlər. Paralel olaraq cəmiyyəti hazırlamalıyıq. İnsanlar, jurnalistlər və ziyalılar arasında təmasların qurulmasına dair mənim təklifim buna yönəlir. Sülh üçün əsaslar olmalıdır. Bu, uzun vaxt tələb edəcək, lakin alternativ yoxdur, alternativ daha pisdir.
Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycan cəmiyyətinin dünyəvi xarakterini gücləndirəcək. Bu, bizim dövlət siyasətimizin önəmli tərkib hissəsidir. Bu dövlət siyasəti Azərbaycan əhalisi tərəfindən geniş şəkildə dəstəklənir. Dünyəvilik bizim dövlətçiliyimizin fundamental sütunlarından biridir və Avropa İttifaqı ilə sıx əlaqələr Azərbaycanın gələcək dünyəvi inkişafına müsbət təsir göstərəcək.
30 il ərzində çaylarımızdan məhrum olmuşduq. Ermənistan yaz və yayda, bizim suya ehtiyacımız olanda Tərtər çayının qarşısını bağlayır və yüz minlərlə hektar ərazilərimizdə quraqlıq yaradırdı və sonra qışda onlar çayın qarşısını açır və sel yaradırdılar.
Qarabağ və Şuşa üzrə xüsusi nümayəndələr təyin olunub. Digər ərazilər üçün də xüsusi nümayəndələr təyin ediləcək. Bu yeni idarəçilik modelini sınaqdan keçiririk. Çünki mövcud regional idarəçilik sistemi Sovet İttifaqının çökməsindən sonra yaradılıb və o qədər də hərtərəfli düşünülməmişdir. Qarabağda sınaqdan keçirdiyimiz yeni sistem fərqli olacaq və yekun sınaqlar bitəndən sonra bu sistemi Azərbaycanın digər ərazilərinə də tətbiq etmək və regionlarda dövlət idarəçiliyini təkmilləşdirmək mümkün olacaq.
Qardaş Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi isə öz tarixi əhəmiyyəti ilə daha da seçilir. Bəyannamə Azərbaycanın ərazi bütövlüyünün qorunması istiqamətində dünyaya çox önəmli bir mesajdır. Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə və məqsədlərə uğurla nail olur. Bu proses başlayıb və uğurla həyata keçirilir. İnanırıq və əminliklə bildiririk ki, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağımız yenidən dirçələcək, çiçəklənəcək və soydaşlarımız üçün əsl təhlükəsiz məkana çevriləcək.

Xətai rayon İcra Hakimiyyəti, rayon Təsərrüfat şöbəsinin müdiri Rafiq İsayev