“Dövlət rüsumları qanunla müəyyənləşməlidir” Siyasət

“Dövlət rüsumları qanunla müəyyənləşməlidir”

Qüdrət Həsənquliyev: “Mən bilirəm ki, dövlət orqanlarının hazırda pula ehtiyacı var, amma tam əminliklə deyirəm ki, vətəndaşlarımızın ehtiyacı daha çoxdur”

“Konstitusiyanın 73-cü maddəsində qeyd olunur ki, qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa ödənişlər tələb oluna bilməz. Yəni həm verginin, həm də digər ödənişlərin həcmi qanunla müəyyənləşməlidir”.

Bunu parlamentin plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib. “Mən bilirəm ki, dövlət orqanlarının hazırda pula ehtiyacı var”, - deyən millət vəkili “amma tam əminliklə deyirəm ki, vətəndaşlarımızın ehtiyacı daha çoxdur”, - deyə vurğulayıb: “Mən sizə indi dövlət rüsumu haqqında qanunun 1.1-ci bəndini oxuyacağam. Orada göstərilir ki, dövlət rüsumu nə deməkdir. Dövlət rüsumu dövlət orqanları və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumlar tərəfindən hakimiyyət səlahiyyətlərinin icrası zamanı göstərilən hüquqi nəticələrin yaranmasına səbəb olan xidmətlərə və hüquqi hərəkətlərə görə, (sənədlərinn tərtibi, qeydiyyatı, razılıqların verilməsi və s.) ödənilən haqdır. Bunu nə üçün deyirəm? Burada biz həm “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna, həm də Torpaq Məcəlləsinə dəyişiklik edirik. Müvafiq dövlət qurumuna səlahiyyət veririk ki, o özü əlavə xidmət haqqı alsın. Halbuki konstitusiya da buna imkan vermir. Dövlət orqanı göstərdiyi xidmətə görə, rüsum ala bilər. Amma bu rüsumun həcmini də biz, dövlət rüsumu haqqında qanunla müəyyənləşdirməliyik. Və “Dövlət rüsumu haqqında” qanunun birinci bəndini oxudum ki, əslində o rüsum göstərilən xidmətlərə görə alınan vəsaitdir. Əgər hansısa xidmətə görə, daha çox pul almaq lazımdırsa, gəlin rüsumları qaldıraq. Amma dövlət orqanına səlahiyyət verə bilmərik ki, o özün əlavə xidmət haqqı alsın. Əli Hüseynli təsdiq edə bilər, bizim komitə iclaslarının birində mən bu məsələni qaldırdım. Bu məsələ həm də dövlət quruculuğu və hüquq siyasəti məsələsidir. Məsələn, “Dövlət rüsumu haqqında” qanunda yazılıb ki, kimsə mənzili üçün çıxarış alırsa, onun qiyməti 50 manatdır. Amma kimsə çoxmərtəbəli binada bir 14 kvadratmetr qaraj alırsa, burada ASAN Xidmət xidmət göstərmir. Onu göndərirlər Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və həmin şəxsə orada xidmət göstərilir. Xidmət də nədir? Ölçülərə baxırlar, onsuz da ölçülər var idi. Yenidən ölçülər götürürlər. Təqribən 500 manatdan artıq pul alırlar. Bir evin çıxarışı təqribən 920 manatdan artıq vəsaitə başa gəlir. Məhz belə halları nəzərə alaraq, deyirəm ki, biz, dövlət orqanlarına bu səlahiyyətləri verə bilmərik. Bu konstitusiyaya ziddir. Konstitusiyada da qeyd olunur ki, dövlət rüsumları qanunla müəyyənləşməlidir. Yəni biz qanunu qəbul etməliyik, Prezident də onu imzalamalıdır. Amma belə səlahiyyətlər verməklə həm də “Normativ hüquqi aktlar haqqında” konstitusiya qanunun pozuruq. Dövlət orqanlarına belə geniş imkanlar veririk, həm də vətəndaşlarımzın vəziyyətini ağırlaşdırırıq”.

Əli Zülfüqaroğlu