"Heydər Əliyev bütün dünya siyasətinin nəhəng dahilərindəndir" Siyasət

"Heydər Əliyev bütün dünya siyasətinin nəhəng dahilərindəndir"

Dost və qardaş Azərbaycan xalqının böyük oğlu‚ Azərbaycan xalqının böyük öndəri Heydər Əliyev nəinki Qafqazda‚ bütün dünyada fenomen şəxsiyyət‚ dahi lider‚ şəxsiyyətinə yüksək sayqı göstərilən rəhbər olub. O‚ hər zaman özünün yüksək dünya görüşü‚ parlaq siyasəti ilə dünya liderləri arasında seçilmiş və dünya siyasətində özünəməxsus yer tutmuşdur.

Bunu "Xalq Cəbhəsi"nə İsrail Təhlükəsizlik Akademiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyindən bildirib.

Qeyd olunub ki, 1990-cı illərin əvvələrində Azərbaycan daxilində baş verən ağır siyasi böhranlar‚ bu ölkəni sürətlə fəlakətə aparmaqda idi. Həmin vaxt Azərbaycan qardaş qırğınlarının astanasında‚ bölünüb parçalanmaq təhlükəsinin bir addımlığında idi. Belə demək mümkünsə Azərbaycanda bir çox zəmində separatçılıq meylləri baş qaldırmış‚ daxildə bir çox qüvvələr Azərbaycanı bölüb parçalamaq niyyətində idilər. Belə olan bir zamanda Azərbaycan xalqının təkidləri ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev Azərbaycan xalqının köməyinə yetişdi və Azərbaycan xalqının düşmənləri ilə siyasət meydanında mübarizə apararaq Azərbaycanı bölünməkdən və parçalanmaqdan xilas etdi. Beləcə 1993-cü ilin İyun 15-də Parlamentə sədr seçilən‚ 1993-cü ilin oktyabrın 3-də isə ölkəyə Prezident seçilən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı dağılmaqdan və işğal altına düşməkdən xilas etdi və qorudu. Mərhum prezident‚ dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsilə Azərbaycanın çiçəklənmə dövrü başlanmış oldu. Onun rəhbərlik etdiyi dövr Azərbaycanın xilası və intibah dövrüdür. Hakimiyyətə gəlişi ilə müasir‚ müstəqil‚ güclü Azərbaycan dövlətini quran Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtdı. O‚ Azərbaycana azadlıq və inkişaf gətirdi. Onun rəhbərliyi ilə Azərbaycan demokratik və hüquqi dəyərlər üzərində quruldu. Bütün ali dəyərlər əsas meyar olaraq ölçüldü. Və beləcə Heydər Əliyevin ərsəyə gətirdiyi müasir və müstəqil Azərbaycan dövləti nəinki Qafqazda‚ hətta bütün dünyada nümunə bir ölkə olaraq quruldu. Onun uzaqgörən və parlaq siyasəti Azərbaycan daxilində yaşayan bütün xalqları qardaşlaşdırdı. Onun dövründən başlayaraq Azərbaycandakı bütün xalqlar bir-birinə daha da doğmalaşdı və bu günümüzə qədər Azərbaycandakı bütün xalqlar və müxtəlif inanclı insanlar bir-birinə qardaş kimi yanaşır. Burada heçbir zaman ayrıseçkilik olmayıb. Heydər Əliyev təkcə Azərbaycan xalqına yox‚ burada yaşayan digər millətlərə də əmin-amanlıq bəxş edib.

Hakimiyyətə gəlişindən qısa müddət sonra 1994-cü ilin sentyabrın 20-də "Əsrin Kontraktı"nı imzalayan Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtdı və bu ölkənin siyasi çəkisini bütün dünyaya qəbul etdirdi. Onun zəngin dühası və parlaq siyasəti nəticəsində dünya dövlətləri Azərbaycanla hesablaşmağa başlamışdır. Onun rəhbərliyi altında Azərbaycan təşəkkül taparaq inkişaf və tərəqqiyə doğru addımladı. Bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi regionun ən güclü ölkəsi olması məhz dahi şəxsiyyət Heydər Əliyevin zəngin dühasının məhsuludur və onun siyasi ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsindədir.
Bütün Yəhudi xalqı hər zaman Heydər Əliyevi özünün ən yaxın dostu hesab edir. Azərbaycanda yaşayan və Azərbaycandan xaricə və İsrailə köçən bütün Yəhudilər Heydər Əliyevi hər zaman sonsuz sayqı ilə anırlar.

Dahi şəxsiyyət Heydər Əliyevi ölümünün 19-cu ilində hörmət və ehtiramla anırıq və Allahdan rəhmət diləyir‚ məkanı cənnət olsun deyirik.

Cavid