Bir adam ki öz milliyyətini dana... Siyasət

Bir adam ki öz milliyyətini dana...

Oqtay Əsədov: "Beləsindən nə gözləyəsən?!"

"Rusiya Federasiya Dövlət Dumasının vite-spikeri Vladimir Jirinovskinin növbəti sərsəm fikirləri Azərbaycan xalqının ciddi narahatlığına səbəb olub, eyni zamanda, Azərbaycan-Rusiya ikitərəfli əməkdaşlıq münasibətlərinə öz mənfi təsirini göstərir".
Bunu Milli Məclisin dünən keçirilən plenar iclasında deputat Fəzail Ağamalı dilə gətirib. O, təklif edib ki, Jirinovskinin hərəkətləri ilə bağlı Dövlət Dumasının rəhbərliyinə Azərbaycan parlamenti adından müraciət edilsin və bu müraciətdə həmin şəxsin bu cür yanlış hərəkətlərinin, davranışlarının dayandırılması, qarşısının alınması tələb olunsun.
Milli Məclis sədri Oqtay Əsədov isə cavabında bildirib ki, Jirinovski ilə bağlı hər hansı bir müzakirəyə və müraciətə ehtiyac yoxdur: "Jirinovskiyə Milli Məclis sədrinin I müavini tərəfindən çox tutarlı cavab verildi. Özünüz də görürsünüz ki, həmin gündən bu yana o heç nə danışmır. Bir adam ki öz milliyyətini dana, ondan nə gözləyəsən?!".