“Xocalıda törədilmiş cinayətə görə Ermənistan Respublikası məsuliyyət daşıyır” Siyasət

“Xocalıda törədilmiş cinayətə görə Ermənistan Respublikası məsuliyyət daşıyır”

Hikmət Hacıyev:"Beynəlxalq hüquqa əsasən bu kimi əməllərə görə dövlətlərin məsuliyyəti ilə bərabər fərdlərin də məsuliyyəti aydın şəkildə müəyyən olunub"

"Xocalıda Ermənistan tərəfindən soyqırım, insanlıq əleyhinə cinayət və hərbi cinayətlər törədilib".
Bunu Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Xocalı soyqırımı, xüsusilə şahidlərin ifadəsi, beynəlxalq təşkilatların rəyləri, QHT və KİV-in materialları əsasında tam şəkildə sənədləşdirilib: "Bu əsasda Ermənistan Respublikasının məsuliyyəti danılmazdır. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalıda törədilmiş əməlləri "xüsusilə ağır hallar olaraq, hərbi cinayət və ya insanlıq əleyhinə cinayət" kimi qiymətləndirib. Ermənistan Respublikası beynəlxalq hüquqi öhdəliklərinə rəğmən Xocalı soyqırımının törədilməsi ilə beynəlxalq humanitar hüququ və insan hüquqlarına aid fundamental sənədləri, o cümlədən üzv olduğu "Soyqırım cinayətlərinin qarşısının alınması və cəzalandırılmasına dair Konvensiya"nı kobudcasına pozub. Konkret desək, Xocalıda Ermənistan irqi, etnik, milli və dini ayrı-seçkilik zəminində əvvəlcədən planlaşdırılmış şəkildə Xocalı sakinlərinin soyqırım məqsədilə fiziki məhv edilməsi əməllərini həyata keçirib. Xocalıda törədilmiş bu cinayətə görə Ermənistan Respublikası məsuliyyət daşıyır. Beynəlxalq hüquqa əsasən bu kimi əməllərə görə dövlətlərin məsuliyyəti ilə bərabər fərdlərin də məsuliyyəti aydın şəkildə müəyyən olunub. Ona görə də hərbi-siyasi rəhbərliyində olan və Xocalı soyqırımının həyata keçirilməsində iştirak etmiş şəxslər fərdi cinayət məsuliyyəti daşıyırlar".
H. Hacıyev bildirib ki, Ermənistan Xocalı soyqırımına görə daşıdığı beynəlxalq hüquqi məsuliyyəti etiraf etməli, Azərbaycan xalqından üzr istəməli və cinayətkarlar cəzalandırılmalıdır: "Bu cinayəti törədənlərin cəzasızlığı və Xocalı qurbanlarına münasibətdə ədalətin təmin olunmaması Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmasına maneə olan ciddi səbəblərdəndir. Münaqişənin həlli prosesində beynəlxalq humanitar hüquq və insan hüquqlarının kobud pozulması hallarına münasibətdə həqiqətin ortaya qoyulması və ədalətin təntənəsi, bu kimi əməllərin qurbanı olmuş şəxslərə təzminatların verilməsi, cinayətkarların cəzalandırılması və gələcəkdə belə halların qarşısını almaq üçün təsisatlanmış mexanizmlərin müəyyən edilməsi olduqca vacibdir. Xocalı soyqırımının insanlıq əleyhinə cinayət və soyqırım kimi tanınması və pislənilməsi üçün uğurlu işlər görülüb. Leyla xanım Əliyevanın təşəbbüskarı olduğu "Xocalıya ədalət!" kampaniyası çərçivəsində dünya miqyasında effektiv ictimai məlumatlandırma həyata keçirilir".