“Daha BMT-nin, ATƏT-in məsləhətlərinə qulaq asan deyilik” Siyasət

“Daha BMT-nin, ATƏT-in məsləhətlərinə qulaq asan deyilik”

"Təkcə bu ilin aprel ayında erməni hərbi bölmələrinin ağır silahlardan, artilleriya və reaktiv qurğulardan açdığı atəş nəticəsində Ağdam və Tərtər ərazilərində 500-dən çox mülki ev dağılıb".
Bunu Milli Məclisin Dağlıq Qarabağdan seçilən deputatı, Xocalı rayon İcra Hakimiyyətinin keçmiş başçısı Elman Məmmədov deyib.
Deputat bildirib ki, erməni hərbi birləşmələrinin açdığı atəş nəticəsində müxtəlif infrastruktur obyektləri, elektrik xətləri, qaz və su boruları, əkin sahələri, habelə iaşə obyektləri dağıdılıb: "Ancaq beynəlxalq monitorinq qrupları bütün bunları görməzliyə vururlar. Təmas xəttində tez-tez monitorinq keçirən ATƏT-in fəaliyyətdə olan sədrinin ermənipərəst şəxsi nümayəndəsi Anjey Kaspirşikin gözü kor deyil ki, bütün bunları görməsin. Ancaq görmək istəmir. Hər gün erməni gülləsindən mülkü əhalimiz həlak olur, evləri dağılır. Ancaq bütün bunların qarşısını almaq üçün Anjey Kaspirşikin rəhbərlik etdiyi qrup heç bir tədbir görmür. Bəs bunun müqabilində biz nə etməliyik? Azərbaycanda məcbur qalıb, özünü müdafiə etmək üçün mülkü əhaliyə atəş açan düşmənin hərbi hədəflərini məhv etməlidir, dağıtmalıdır".
E.Məmmədov qeyd edib ki, Ermənistan hərbi bölmələri beynəlxalq konvensiyalarla qadağan olunan silahlardan istifadə edir: "Təbii ki, Azərbaycanda buna qarşı cavab tədbiri görməlidir. Biz daha öldürücü və sarsıdıcı cavab tədbirləri görməliyik və görürük də. Başqa əlacımız yoxdur. Ermənilər Azərbaycan tərəfinə atəş açan zaman biz dayanıb gözləməyəcəyik. İmkan vermərik ki, ermənilər Azərbaycanın dinc əhalisinə qarşı atəş açsın, öldürsün. Ermənistan təxribatlara əl atır, biz də BMT-nin, ATƏT-in məsləhətlərinə daha qulaq asan deyilik. Biz Ermənistana lazımı cavab verəcəyik. Bu, bizim haqqımızdır, hüququmuzdur. Çünki müharibə Azərbaycan ərazilərində gedir. Biz nə zaman Ermənistan torpaqlarına keçsək, o zaman beynəlxalq təşkilatların bizi qınaması haqlı olar. Ancaq beynəlxalq təşkilatlar hələ də işğalçı Ermənistana xəbərdarlıq etmirlər, demirlər ki, nə üçün Azərbaycan torpağında müharibə aparırsan".
Deputat bildirib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək və mülki əhalini qorumaq üçün Ermənistanın təxribatlarına layiqli cavab tədbiri görəcək: "Ermənilər mütəmadi olaraq təmas xəttində yerləşən kəndlərimizi atəşə tutur, mülki əhalini öldürür, evlərini dağıdırlar.
Xəritəyə də baxsaq, görərik ki, bu gün Ağdamın təmas xəttində yerləşən əksər kəndləri erməni silahlı bölmələri ilə 200-300 metr üzbəüz məsafədə yerləşir. Ən uzaq ərazidə yerləşən Ağdamın yaşayış məntəqəsi bir kilometr məsafədədir.
Ermənilər mütəmadi olaraq Ağdamın Çəmənli, Sarıcalı, Əhmədağalı və digər təmas xəttində yerləşən kəndlərini atəşə tuturlar. Həmin istiqamətdə təmas xəttinə ən yaxın erməni yaşayış məntəqələri 35-40 kilometr məsafədə yerləşir. Yəni, həmin ərazilərə yaxın erməni yaşayış məntəqələri yoxdur.
Həmin zonada ermənilərin müvəqqəti yaşadığı ən yaxın yaşayış məntəqəsi Xocalı və Xocavənd rayonları əraziləridir. Bu ərazilər də təmas xəttindən ən azı 35-40 kilometr uzaqlıqda yerləşir. Ona görə Azərbaycan silahlı bölmələri ancaq ermənilərin atəş bölmələrinə zərbə endirir. Azərbaycan tərəfi heç bir erməni yaşayan məntəqələrə atəş açmır.
Azərbaycan silahlı bölmələri ancaq bizə atəş açılan erməni hərbiçilərinin nöqtələrini vurur. Lakin murdar erməni düşmənləri isə Azərbaycanın mülkü əhalisini, onların əmlakını, mülkünü, obyektlərini vururlar".