BAXCP sədri İran rəhbərliyinə səslənib Siyasət

BAXCP sədri İran rəhbərliyinə səslənib

"Əgər 30 milyon azərbaycanlının milli kimliklərinə hörmət etməyəcəklərsə, bu siyasətin acı nəticəsini dadacaqlar"
"Cənab Prezident Ilham Əliyev "Elm haqqında" qanunda magistrlərə və doktorantlara möhlət hüququ verərkən yəqin millət vəkillərinin parlamentdəki çıxışlarını da nəzərə alıb. Bir çox millət vəkilləri çıxış etdi və bunun vacibliyi ilə bağlı burada fikirlər səsləndirildi". Bu fikri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Parlamentin növbədənkənar plenar iclasında çıxışı zamanı deyib. O daha sonra İranla bağlanacaq sazişlərlə bağlı fikirlərini bölüşüb: "Nəzərinizə çatdırım ki, bu saziş Azərbaycanın milli və dövlət maraqlarına cavab verir. Ona görə, mən də buna səs verəcəyəm. Mən sizin, eyni zamanda, iqtidar təmsilçilərinin İranla bağlı səslənən fikirlərdə narahatlıqlarını başa düşürəm. İqtidar həmişə çalışıb ki, İranla dostluq münasibətlərini qoruyub saxlasın və inkişaf etdirsin. Amma bizdə gözəl el məsəli var- "səni sevəcəyəm, sən sevməsən də". Amma bu belə olmur. Çox təəssüf ki, biz İrana qarşı göstərdiyimiz münasibətin qarşılığını görməmişik. Sazişin tərəfi İran olduğuna görə, biz bu sazişi müzakirə edərkən bəzi məsələlərə öz münasibətimizi bildirməliyik və xahiş edirəm ki, siz də bizim narahatlığımızı bölüşəsiniz və qəbul edəsiniz. Əvvəla, sazişin preambulasında qeyd olunur ki, "tərəflər bu sazişi imzalayarkən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında 20 may 2002-ci ildə imzalanan müqaviləni, o cümlədən BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasının əhəmiyyətini nəzərə almalıdır". Bu çox əhəmiyyətli bir məsələdir. Digər önəmli bir məsələ də var. Sazişin 11-ci maddəsində qeyd olunur ki, "tərəflər tarixi Xudafərin körpülərinin bərpası, qorunması və saxlanması üzrə tədbirlər planı hazırlayacaqlar. O cümlədən tərəflər Xudafərin körpülərinin dünya irs siyahısına salınması üçün müvafiq sənədləri birgə hazırlayaraq qeydə alınması üçün YUNESKO-nun dünya irs mərkəzinə təqdim edəcəklər".
Amma burada suallar meydana çıxır. Birincisi, biz İranın rəsmilərindən və İranın din xadimlərindən soruşmalıyıq ki, İslamda, ümumiyyətlə, Şərqdə necə belə dostluq ola bilər? Biz eyni dinin, eyni zamanda, eyni məzhəbin daşıyıcılarıyıq. İranda 30 milyon azərbaycanlı öz tarixi ata baba torpaqlarında yaşayır. Həmçinin İran da qəbul edir ki, bizim torpaqlarımız işğal olunub. Amma İran işğalçı Ermənistanla əmkdaşlıq edir və bəyan edir ki, Ermənistan bizim ən yaxın siyasi müttəfiqimizdir. Sanki bizə acıq verirlər. Qeyri rəsmi söhbətlərdə də bildirirlər ki, "siz niyə İsraillə əməkdaşlıq edirsiniz?" Biz İsraillə ona görə əməkdaşlıq edirik ki, Israildən müasir silahlar alaq və işğal olunmuş müsəlman torpaqlarını – Dağlıq Qarabağı işğaldan azad edək".
Millət vəkili həmçinin "bəs İran niyə Ermənistanla əməkdaşlıq edir?",- deyə fikrini davam etdirib: "Əməkdaşlıq edir ki, Azərbaycan torpaqlarını işğalda saxlmağa davam etsin? Xarici mətbuatdan oxuduğuma görə, Seyid Əli Xamneyi parlamentarilərlə görüşündə deyib ki, "İranda etnik milli tektonik xətlər var və onu aktivləşdirmək istəyən düşmən qüvvələr səy göstərirlər". Əslində bu səyi İran hakimiyyətinin özü göstərir. Rəhmətlik Çingiz Mustafayev Xocalı soyqırımından sonra orada erməni canilərinin törətdiyi cinayətlərin bir qismini lentə almışdı. Azərbaycanlıları Sarkisyanın başçılığı ilə ermənilər qətlə yetiriblər. Qadınlara, uşaqlara divan tutublar. Bununla da kifayətlənməyiblər. 3-4 yaşında qız uşaqlarını soyundurub təhqir ediblər. Onların şəkilləri var və bu kadrlar dəfələrlə nümayiş etdirilib. Ola bilməz ki, İran rəsmiləri bunu görməsinlər. Axı onlar müsəlman uşaqlarıdır. Onlar həm də İranda yaşayan 30 milyon azərbaycanlının bacı qardaşları idi. Bu tektonik xətləri bu cür ədalətsiz yanaşma, aparılan bu siyasət aktivləşdirir, biz aktivləşdirmirik. Ona görə ki, bu həm də Güney Azərbaycanda yaşayan azərbaycanlıların da namusudur. Qarabağ həm də İranda yaşayan 30 milyon bacı-qardaşlarımızın torpaqlarıdır. Qüds günü keçirilir. Qarabağ da bizim üçün Qüdsdür. Biz də Qarabağı azad etmək istəyirik. Ona görə də mən hesab edirəm ki, bu məsələdə Azərbaycan hökuməti, din xadimləri susmamalıdır".
Millət vəkili həmçinin əlavə edib ki, hörmətli Şeyximiz Hacı Allahşükür Paşazadə kifayət qədər cəsarətli adamdır və Azərbaycan tarixinin müxtəlif keşməkeşli dövrlərində öz cəsarətli mövqeyi ilə həmişə seçilib: "Hesab edirəm ki, İranın din xadimlərinə, İran rəsmilərinə, Seyid Əli Xamneyiyə rəsmi müraciət etməlidir. Bizim hökumət də İranın bu davranışı ilə bağlı rəsmi müraciət ünvanlamalıdır. Nalbandyan Tehranda sanki bizə acıq vermək üçün az qala dünya səviyyəsində lider kimi qəbul edilir. Sarkisyanın Xocalıda əli qana batıb. Bu ən azı o cinayətlərə şərik olmaq deməkdir. Biz bu barədə açıq dasnışmalıyıq. Bundan başqa Azərbaycan İslam Əməkdaşlıq Təşkilatında da bu məsələni qaldrmalıdır ki, İranın bu davranışına, bu fəaliyyətinə mənəvi və siyasi qiymət verilsin. Bir tərəfdən Xudafərinlə bağlı YUNESKO-ya müraciət ünvanlamaq barədə danışırıq. Digər tərəfdən axı işğal olunmuş ərazilərdə minlərlə məscid dağıdılıb, belə deyək, İslam mədəniyyətinə, tarixinə məxsus nə qədər eksponatlar məhv edilib. Məscidlərimizin çoxu donuzxanaya çevrilib. Onlar bunu necə qəbul edirlər və biz niyə susmalıyıq? Ona görə də mən hesab edirəm ki, İranın bu günkü rəhbərliyinin Azərbaycana qarşı yürütdüyü syasət dost siyasəti deyil. Onlar Azərbaycanın inkişaf edən, öz ərazi bütövlüyünü bərpa edən, modern, dünyəvi bir dövlət olmasından yanlış olaraq həyəcanlanırlar. Amma burada onları narahat edən heç nə olmamalıdır. Əslində biz əlaqələrimizi inkişaf etdirməliyik. Azərbaycanla dostluq münasibətləri İranın sabitliyinə, regionun inkişafına xidmət edən faktordur. Əgər onlar 30 milyon azərbaycanlının - dini bir kənara qoyuram – milli kimliklərinə hörmət etməyəcəklərsə, bu formada həqarət edəcəklərsə, bu siyasətin acı nəticəsini dadacaqlar".
Millət vəkili Güney Azərbaycanda yaşayan azərbaycanlılara da müraciət edib: "Soydaşlarımız da öz səsini qaldırmalıdır. Vaxtilə ruslarla farslar Azərbaycanı iki yerə bölüblər. Azərbaycanın bir hissəsində biz öz dövlətimizi qurmuşuq. Hesab edirəm ki, bu torpaqlar, Qarabağ həm də onların torpaqlarıdır. Ona görə də baş verənlərə onlar da biganə qalmamaldıırlar".
Millət vəkili həmçinin Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-prisinə də münasibət bildirib. Qüdrət Həsənquliyev deyib ki, Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-prisi Azərbaycana turist gəlişi baxımdan çox əhəmiyyətlidir. Millət vəkili "Formula-1" Avropa Qran-prisi ilə bağlı Azərbaycan əhalisinə də müraciət edib: "Mən buradan Azərbaycan xalqına da müraciət edərək deyirəm ki, Bakıda keçiriləcək "Formula 1" Avropa Qran-prisinə sayılı günlər qalır. Bu yarışma çox bahalı və dünyada tanınan idman növüdür. Ona görə də xahiş edirəm ki, Azərbaycan əhalisi bu idman yarışını ailəvi olaraq gəlib izləsin və bundan həzz alsın, istirahət etsinlər. Bu oyunların əleyhinə aparılan kampaniyalara da fikir verməsinlər".