“BMT-nin nüfuzu kifayət qədər aşağı düşüb” Siyasət

“BMT-nin nüfuzu kifayət qədər aşağı düşüb”

BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyinə 170 məsələ daxil edilib. Buraya Afrika ölkələrinin inkişafı, humanitar yardım, beynəlxalq hüququn inkişafı, Yaxın Şərqdə vəziyyət, beynəlxalq sülh və təhlükəsizlik, Fələstin, Əfqanıstan məsələsi və digər mövzular daxildir.
Bu sessiyadan gözləntilər və BMT-nin dünyada yeri və rolu barədə suallarımızı cavablandıran politoloq Fikrət Sadıqov bildirib ki, BMT ikinci dünya müharibəsindən sonra yaranan bir beynəlxalq strukturdur. Onun sözlərinə görə, BMT demək olar ki, dünyada olan bütün ölkələri öz sıralarında birləşdirir: "Artıq neçə onilliklər ərzində onun müxtəlif sahələrdə müəyyən fəaliyyəti var. Amma açıq deməliyik, reallıq bundan ibarətdir ki, axır illər ərzində BMT-nin nüfuzu kifayət qədər aşağı düşüb, tənəzzüllə müşaiyət olunur. Çünki bir tərəfdən BMT-nin sənədləri yerinə yetirilmir, digər tərəfdən BMT-nin qəbul etdiyi qərarları faktiki olaraq yerinə yetirmə mexanizmi yoxdur. Bundan əlavə, demək olar ki, aparıcı dövlətlər – BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bu təşkilata rəhbərlik edir. Biz bunu bilirik və istənilən zaman onlar hər hansı qərarın qəbul olunmasına nail olur. Yəni, bunlar faktiki olaraq BMT-ni idarə edən ölkələrə çevriliblər. Bu ölkələr BMT-nin əsas sponsoru, əsas donoru, həm də aparıcı oyunçularıdır. Ona görə də 1993-cü ildə qəbul edilən qətnamələr indiyədək yerinə yetirilməmiş qalır. Çünki bu, böyük dövlətlərin maraqları çərçivəsində deyil. Təbii ki, onların maraqları çərçivəsində olan bir sıra qətnamələr dərhal yerinə yetirilir və bu da aparıcı oyunçuların maraqlarına tam cavab verir. Vəziyyət bax, belədir".
Bununla belə, Fikrət Sadıqov qeyd edib ki, bu, heç də bizim BMT-dən imtina etməli olmağımız demək deyil: "Hələ BMT-nin müəyyən rolu, kifayət qədər səviyyəsi, nüfuzu var. Biz əlbəttə, bu meydandan səmərəli istifadə etməliyik. Bizim problemlərimizə BMT-nin diqqətini cəlb etməliyik və müəyyən qərarların qəbul olunmasına nail olmalıyıq".
Qeyd edək ki, "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" və "GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları" adlı qətnamə layihələri də Baş Assambleyanın 71-ci sessiyasının gündəliyinə salınıb. Sentyabrın 20-dən etibarən isə siyasi müzakirələr başlayacaq. Bu müzakirələrdə 100 ölkənin ən yüksək səviyyədə iştirakı gözlənilir.
BMT Azərbaycan, Fransa, Polşa, Misir, Sloveniya, Finlandiya, Böyük Britaniya, Çin, Türkiyə, Yəmən və Əfqanıstanın toplantıda ən yüksək səviyyədə iştirak edəcəyini açıqlayıb. Siyasi müzakirələr sentyabrın 26-dək davam edəcək.
Bu müzakirələrdən gözləntilərini də bölüşən Fikrət Sadıqov bunu yüksək qiymətləndirdiyini, hər iki layihənin Azərbaycan üçün çox mühüm olduğunu vurğulayıb: "Mənə elə gəlir ki, hər halda qəbul olunsa, bizim xeyrimizə işləyən, bizim maraqlarımıza cavab verən layihələrdir. Amma bilirsiniz, layihə irəli sürmək, qətnamə, qərar qəbul etmək və ya bəyanat vermək məsələnin birinci hissəsidir. İkinci hissəsi isə bu qətnamələrin yerinə yetirilməsi ilə bağlıdır. Qətnamələrin yerinə yetirilmə mexanizmləri yaranmalıdır. Əgər bu mexanizmlər olmasa, heç bir qərar və qətnamə yerinə yetirilməyəcək. İstər ən yüksək səviyyədə qərar qəbul olunsun, onun icra mexanizmləri də yaranmalıdır. Bu mexanizmlər həmin qətnamələrin yerinə yetirilməsinə faktiki olaraq kömək etməli və onları idarə etməlidir. Reallıq bundan ibarətdir".