“Birləşmiş Ştatlar çalışır ki, Mosul siyasətində Türkiyəni uzaq tutsun” Siyasət

“Birləşmiş Ştatlar çalışır ki, Mosul siyasətində Türkiyəni uzaq tutsun”

Məhəmməd Əsədullazadə: " ABŞ bu şəhəri Şimali İraqda kürd yönətiminin idarəsinə vermək niyyətindədir"

"Birləşmiş Ştatların Yaxın Şərq strategiyasının əsas hədəfi hazırda Mosulu azad etdikdən sonra Suriyada Əsədi devirmək olacaq". Bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, əsas üç şəhər olan Mosul, Rakka və Hələb Yaxın Şərqin gərgiləşən siyasətində mühüm rol oynamaqdadır: "Birləşmiş Ştatların başçılığı altında koalisiya qüvvələri Şimali İraqda Kürd bölgəsəl yönətiminə bağlı peşmərgələr və İraq ordusu İŞİD nəzarətində olan Mosulun azad edilməsi istiqamətində hərbi əməliyyatları aparmaqdadırlar. Regionda artıq, yeni humanitar fəlakət yaşanmaqdadır. İki milyona yaxın qaçqın və on milyona yaxın insanın bu, əməliyyatlardan zərər görəcəyi gözlənilir. Mosul azad olunduqdan sonra, bu şəhərə nəzarət uğrunda əməliyyatda iştirak edən ölkələr arasında fikir ayrılıqları mövcud olacaq. Gələn həftə, əməliyyatda iştirak edən ölkələrin xarici işlər nazirləri Brüsseldə görüşəcək. İran bu görüşdən şiə milislərini dəstəklədiyi üçün kənar saxlanılıb. Ardınca isə NATO müdafiə nazirləri toplantı keçirəcəklər. Hazırda, Birləşmiş Ştatlar çalışır ki, Mosul siyasətində Türkiyəni uzaq tutsun. ABŞ Mosul azad edildikdən sonra , bu şəhəri Şimali İraqda kürd yönətiminin idarəsinə vermək niyyətindədir. Ona görə də, Bərzanin peşmərgələri əməliyyatlarda iştirak edərək, İŞİD-dən azad edilən kəndlərdə möhkəmləndirir. Həmçinin,Türkiyə Mosulda İraq mərkəzi hökumətinə bağlı olan Şiə birliklərinin Mosulda möhkəmlənməsinə qarşıdır"ş Politoloq deyir ki, Mosul İŞİD -dən azad edildikdən sonra, bura nəzarət uğrunda Bağdad hökuməti ilə Şimali İraq Ərbil Kürd yönətimi arasında ciddi narazılıqların olması,qaçılmaz olacaq: "Birləşmiş Ştatlar kürdləri dəstəkləyərək, bu ərazilərdə kürdlərin möhkəmlənməsini təmin edəcək. İraqın parçalanması isə Mosul azad edildikdən sonra baş verə bilər. Peşmərgə gücləri ilə Bağdad gücləri arasında hərbi toqquşma alovlanarsa, İraq yeni fəlakətlərlə üzləşəcək. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, Mosul Yaxın Şərqin siyasi cizgilərinin cızılmasında mühüm rol oynamaqdadır. Türkiyəni bu əmıliyyatlardan kənar tutmaq isə alınmayacaq. Digər tərəfdən Mosula Türkiyənin nəzarət imkanlarının qarşısı isə beynəlxalq güclər tərəfindən alınacaq. Rakka da azad edildikdən sonra, bütün qüvvələr Əsəd üzərində cəmləşəcək". İnstitut rəhbəri hesab edir ki, Rusiyanın isə buna cavabı sərt ola bilər: "Putin cavab olaraq Ukraynada vəziyyəti gərginləşdirə bilər. Ümumiyyətlə, Yaxın Şərqdə çox ciddi mürəkkəb proseslər baş verməkdədir. Bu, gərginliklər regionda xəritələrin dəyişməsi ilə nəticələnəcək". Məhəmməd Əsədullazadə gələn ay Birləşmiş Ştatlarda keçiriləcək prezident seçkilərinin nəticələrinin də Yaxın Şərqdə cərəyan edəcək proseslərə təsir göstərəcəyi qənaətindədir. Politoloqun sözlərinə görə, Hillari Klinton prezident seçilərsə,Yaxın Şərqdə və Mərkəzi Asiyada problemlər dərinləşəcək, terorrizm inkişaf edərək müsəlman ölkələrini təhdid edəcək: "Çin də bu təhdidlə üz-üzə qalacaq. Həmçinin Rusiya ilə problemlər dərinləşəcək. Hillari və Tramp ikisi də Birləşmiş Ştatlar üçün uğursuz bir seçimdir.Trampın dəli-dolu çıxışlarına baxmayaraq o, daha sözə baxan və siyasətdən, müharibədən uzaq adamdır.Tramp yalnız Birləşmiş Ştatlar iqtisadiyyatının inkişafı haqqında fikirləşir və maraqlanır. Hillari Klinton isə Uzaq və Yaxın Şərqin çalxalanmasında mühüm rol oynayıb. İndidə bu missiyanı davam etdirmək üçün unikal şans əlinə keçmək ərəfəsindədir. Hillari Klinton Corc Buş kimi adfını müharibə prezidenti olaraq tarixə yazdıra bilər".