Paşinyanın növbəti yalanı Siyasət
Ermənistan həqiqətən də reallıq hissini itirib
Ötən ayın son günlərində Ermənistanın baş naziri Paşinyan yenə də sərsəm fikirləri ilə gündəmdə qaldı. Beləki, Paşinyan Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddialarının irəli sürüldüyünü iddia edib.
“Azərbaycan Konstitusiyası 1991-ci ildə qəbul edilmiş Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edilir. Bildirilir ki, Azərbaycan 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycanın varisidir. O zamanı Azərbaycan bütövlükdə Zəngəzur, Dərəlyəz, Tavuş (Qazax qəzası), Göyçə, Vedi, Lori və Şirak bölgələrinə iddia edir”, - Nikol bildirib.
Politoloq Asif Nərimanlı qeyd edib ki, Paşinyanın “Azərbaycan Konstitusiyasında Ermənistana qarşı ərazi iddiaları var” sözü Bakının Ermənistanın ərazi iddialarının yer aldığı mövcud Konstitusiyasının dəyişdirilməsi tələbinə qarşı əks-həmləsidir. Paşinyan məsələni bu cür qoymaqla Konstitusiya tələbini gündəmdən çıxarmaq istəyir.
Paşinyan bilməlidir ki, Azərbaycanın AXC-nin varisi olmaq məsələsində ərazi iddiası açıq mətnlə qeyd olunmur. AXC-yə varislik məsələsi Azərbaycan Konstitusiyasında yox, Konstitusiya Aktında əks olunur. Ermənistan Konstitusiyasında isə qondarma “miatsum” iddiasının yer aldığı “istiqlal bəyannaməsi”nin müddəalarının yerinə yetirilməsi Ermənistan dövlətinin qarşısında vəzifə kimi qoyulur.
İrəvanın iddiası faktdan yox, ritorikadan ibarətdir. Hərçənd, Paşinyanın açıqlamasında mühüm məqam da yer alır: erməni baş nazir diqqəti Konstitusiya məsələsinə yönəltsə də, Zəngəzurun, Göyçənin, Dərəlyəzin və digər ərazilərin vaxtilə Azərbaycana məxsus olduğunu da dilə gətirir. Bu, Ermənistanın siyasi rəhbərliyinin Qərbi Azərbaycanla bağlı ən yüksək səviyyədə ilk etirafıdır. Həm sərhədin delimitasiyası, həm də Qərbi Azərbaycan məsələsində bundan istifadə etmək olar.
Onu da qeyd edək ki, Paşinyanın Azərbaycanın guya İtaliyadan silah-sursat alması barədə iddiaları yalandır. Azərbaycan İtaliyadan nəqliyyat xarakterli təyyarə alıb, bu da silah deyil. Amma Ermənistan Fransadan, ABŞ-dan, Hindistandan və digər ölkələrdən öldürücü silahlar alır, özü də buna ehtiyacı olmadığı halda. Paşinyan yalandan deyir ki, guya Azərbaycan ÜDM in 17 faizini hərbi məqsədlərə xərcləyir. Azərbaycanda bu rəqəm 4 faiz ətrafındadır, Ermənistanda isə bundan xeyli artıqdır. Üstəlik, Ermənistan görünməyən büdcə vəsaitlərinə də malikdir ki, onun da hansı məqsədlərə sərf edildiyi müzakirə mövzusudur.
Paşinyan deyir ki, Azərbaycan silahlandığı halda Ermənistan bunu niyə etməməlidir. Azərbaycanla Ermənistana fərq qoyulmalıdır. Ermənistan işğalçı dövlətdir və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayıb. İkinci dünya müharibəsindən sonra az sayda dövlət var ki, digər ölkənin ərazisinə təcavüz edib, onlardan biri də məhz Ermənistandır. Məsələn, İraqın Küveytə təcavüzündən sonra İraqa müvafiq qaydada silah məhdudiyyəti tətbiq edilmişdi. Ermənistan hərbi potensialını inkişaf etdirirsə, sonradan bunu istifadə etməyəcəyinə zəmanət yoxdur. Buna görə də Ermənistanın hərbi vasitələr əldə etməsinin üzərində hansısa nəzarət mexanizmi olmalıdır. Ermənistanı silahlandıran ölkələr də buna görə məsuliyyət daşıyırlar.
Paşinyanın Azərbaycan Konstitisiyası ilə bağlı iddiaları da ağ yalandır. Azərbaycanın heç kimə qarşı ərazi iddiası yoxdur. Paşinyanın dediklərinin heç bir hüquqi əsası yoxdur və aydın görünür ki, Ermənistan manipulyativ metodlardan istifadə edir. Ermənistanın Konstitusiyası miatsumu erməni xalqı qarşısında hədəf kimi müəyyən edir. Azərbaycan Ermənistan Konstitusiyasının dəyişdirilməsi zəruriliyini deyəndə onu nəzərdə tutur ki, erməni xalqı referendum vasitəsilə miatsum məsələsinə son qoymalıdır və Qarabağ məsələsinin birdəfəlik bitdiyini qəbul etməlidir.
Qeyd edək ki, artıq Azərbaycan XİN Ermənistan baş nazirinin bu yalanlarının bir qisminə cavab verib. Azərbaycanın İtaliyadan silah alması, o cümlədən hərbi xərclərinin guya ÜDM-in 17%-i qədər olması haqda sözləri tamamilə böhtan və ağ yalandır.
XİN rəsmisi Ayxan Hacızadə qeyd edib ki, Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar öz daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasında mövcud olan ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır: "Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır. Məhz buna görə də, Ermənistan tərəfinin “sülh sazişi” layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt, başda “Ermənistan və Dağlıq Qarabağın birləşməsi”nə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır.
Bununla yanaşı, Baş nazirin Ermənistanın kütləvi silahlanma səylərinə bəraət qazandıran zaman səsləndirdiyi iddialar heç bir halda həqiqəti əks etdirmir. İlk öncə qeyd edək ki, 30 ilə yaxın müddətdə Azərbaycanın ərazilərini məhz elə istinad etdiyi beynəlxalq hüququn norma və prinsiplərinə, BMT nizamnaməsinə, Alma-Ata bəyannaməsinə zidd olaraq işğal altında saxlayan ölkənin Ermənistan olduğunu, hal-hazırda da qonşularına qarşı ərazi iddialarının mövcudluğunu nəzərə alaraq, Ermənistanın silahlanmasının regional sülh və təhlükəsizliyə necə təhdid olduğunu anlamaq çətin deyil"
A.Hacızadə bildirib ki, Ermənistan tərəfinin guya Azərbaycanın hərbi büdcəsinin ölkənin ümumi daxili məhsulunun (ÜDM) 14-15%-ni təşkil etdiyini və bunun Ermənistandan qat-qat çox olduğunu bildirməsi aidiyyəti beynəlxalq təşkilatların hərbi büdcə ilə bağlı yaydıqları məlumatlara tamamilə ziddir və bu dəfələrlə şişirdilmiş rəqəmdir: "Bununla yanaşı, Ermənistanın hərbi xərclərini ötən illə müqayisədə 46% artırması Ermənistanın militarizasiyasını sübut edən növbəti göstəricidir. Bununla yanaşı, Azərbaycanın guya İtaliyadan silah aldığı barədə Baş nazir tərəfindən səslənən iddia həqiqəti əks etdirmir. Minsk Qrupu ilə bağlı Baş nazirin mövqeyinə nəzər saldıqda da açıq-aydın görmək mümkündür ki, Ermənistan tərəfinin keçmiş münaqişənin qalığı olan Minsk qrupunun bərpasına yönələn cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir.
Ermənistan Baş nazirinin bu problemləri göz ardı edilə biləcəyi ilə bağlı məntiqi, bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə öz əməlləri ilə və real addımlara hörmət etdiyini göstərməlidir"
Politoloq Azər Qasımov deyib ki, Ermənistan rəhbəri Paşinyanın son çıxışı erməni məkri və hiyləgərliyinin dünya ictimaiyyətini regional hadisələrin mahiyyəti ilə manipulyasiya etmək cəhdi kimi dəyərləndirilməlidir.
O, qeyd edib ki, Paşinyanın Azərbaycanın İtaliyadan silah-sursat almasını iddia etməsi, hansı ki Azərbaycan İtaliyadan nəqliyyat xarakterli təyyarə alıb ki, bu da silah deyil, Fransadan, ABŞ-dan, Hindistandan və digər ölkələrdən silah alan Ermənistanın gizli planlarının mahiyyətini açır.
Silahlanmaya ehtiyac olmadığı halda öldürücü silahların alınması xoş niyyətdən xəbər vermir: "Paşinyan yalandan deyir ki, guya Azərbaycan ÜDM-in 17 faizini hərbi məqsədlərə xərcləyir. Görünən odur ki, erməni Baş nazir Azərbaycana şər atmaqla hansı dövlətlə söz güləşdirdiyini unudub. Kimin qalib, kimin məğlub ölkə olduğu gerçəyi yadından çıxıb. Qalib Azərbaycan ÜDM-nun 4 faizini hərbi xərclərə ayırır. Avropada bu bir faiz idi, indi iki faiz olması üçün tələblər qoyulur. Ermənistanda isə bundan dəfələrlə artıqdır. Üstəlik, Ermənistan görünməyən büdcə vəsaitlərinə də malikdir ki, onun da hansı məqsədlərə sərf edildiyi müzakirə mövzusudur. Ermənistan görünür ki, bu dəfə qat-qat çox hərbi büdcə ilə yeni xam xəyallara düşüb. Azərbaycan ordusu xəyalpərəst erməniləri gerçək dünyaya qaytarmağı yaxşı bilir".
Politoloq onu da vurğulayıb ki, Ermənistanın davranışlarından görünür ki, həqiqətən də reallıq hissini itirib. Artıq o özünü Azərbaycanla bir tutmağa başlayıb. Paşinyan deyir ki, Azərbaycan silahlandığı halda Ermənistan bunu niyə etməməlidir. Azərbaycanla Ermənistana fərq qoyulmalıdır: "Göründüyü kimi silahlanma gerçəyini Paşinyan şəxsən etiraf edir, eyni zamanda, çox həyasız müqayisə edir. Ermənistan işğalçı dövlətdir və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayır. İkinci dünya müharibəsindən sonra az sayda dövlət var ki, digər ölkənin ərazisinə təcavüz edib, onlardan biri də Ermənistandır. Ermənistan hərbi potensialını inkişaf etdirirsə, sonradan bunu istifadə etməyəcəyinə zəmanət yoxdur. Buna görə də Ermənistanın hərbi vasitələr əldə etməsinin üzərində hansısa nəzarət mexanizmi olmalıdır. Ermənistanı silahlandıran
ölkələr də buna görə məsuliyyət daşımalıdır. Azərbaycan hələ ki, sadəcə sözlə xəbərdarlıq edir. Sözdən işə keçilsə, Ermənistan adlı ölkənin ordu deyilən heç nəyi qalmayacaq. Bunu yaxşı başa düşsünlər, həm ermənilər, həm də onların havadarları".
Cavid