XİN-dən Avropa Şurasına xəbərdarlıq Siyasət

XİN-dən Avropa Şurasına xəbərdarlıq

"Avropa Şurasının nümayəndələri Qarabağa yalnız Azərbaycanın razılığı əsasında səfər edə bilərlər"

"Biz bütün Avropada insan hüquqları standartlarının tam şəkildə tətbiqinin təmin olunmasının əhəmiyyətini və münaqişə zonalarında məskunlaşmış əhalinin müdafiəsinin zəruriliyini anlayırıq. Lakin bu müddəa müvafiq üzv ölkələrin ərazi bütövlüyünə zidd olaraq asanlıqla sui-istifadə və manipulyasiya edilə bilən bir vəziyyətə gətirib çıxara bilər. Məhz bu səbəbdən biz, mürəkkəb həll prosesini daha da çətinləşdirə biləcək bu kimi həssas məsələlərdə son dərəcə ehtiyatlı olmalıyıq".
Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Vyanada Avropa Şurasının Nazirlər Komitəsinin 124-cü sessiyasında çıxışında bildirib.
Nazir qeyd edib ki, qonşu Ermənistanın işğalçılıq siyasətindən, davam edən təcavüzündən və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində törədilmiş etnik təmizləmədən əziyyət çəkən dövlət kimi Azərbaycanın möhkəm və qəti mövqeyi ondan ibarətdir ki, Avropa Şurasının nümayəndələrinin və onun monitorinq mexanizmlərinin münaqişə zonalarına səfərləri yalnız aidiyyəti dövlətin açıq-aydın razılığı əsasında həyata keçirilə bilər: "Əks təqdirdə, bu səfərlər beynəlxalq hüququn normaları ilə ziddiyyət təşkil edəcək və qeyri-leqal addım kimi qiymətləndiriləcək".
XİN rəhbəri qeyd edib ki, Azərbaycanın sədrlik prioritetlərində də təşkilatın hazırkı siyasi gündəliyi və üzv dövlətlərin qarşılaşdığı təhdidlər nəzərə alınır.