“Bu görüş bizi sülhə daha da yaxınlaşdırır” Siyasət

“Bu görüş bizi sülhə daha da yaxınlaşdırır”

“Abu-Dabidə Azərbaycan Prezidenti və Ermənistanın baş nazirinin görüşü çox müsbət bir atmosferdə keçirildi və hiss olunurdu ki, hər iki tərəf artıq sülh müqaviləsinin imzalanmasına doğru yekun addımlar artır”.

Bunu xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.

F.İsmayılzadə əlavə edib ki, açıq qalan məsələlər, o cümlədən Zəngəzur dəhlizinin detalları, yəni logistik detallar, təhlükəsizlik təminatı, Azərbaycan vətəndaşlarının və məhsullarının maneəsiz keçidi - bütün bu məsələlər artıq çox ətraflı, yəni uzun çəkən danışıqlar zamanı müzakirə olundu: “Hesab edirəm ki, bu görüş bizi sülhə daha da yaxınlaşdırır, son addımlara doğru gedirik. Sülh müqaviləsinin mətni hazırdır və biz çox ümid edirik ki, yaxın zamanlarda o, imzalana bilər və yaxud hansısa bir çərçivə sazişi, sənədi imzalana bilər. Bizim prezidentimizin ortaya qoyduğu qətiyyətli, mübariz diplomatiya artıq danışıqlarda da öz əksini tapır. Bütün Azərbaycanın tələbləri, bizim ortaya qoyduğumuz mövqe, həmçinin Azərbaycanın zəfərindən sonra ortaya qoyulan bütün regional məsələlər, Zəngəzur dəhlizi məsələsi, ATƏT-in Minsk qrupunun ləğvi və digər məsələlər sülh danışıqlarında öz əksini tapır”.

Röya İsrafilova