“Ermənistan Konstitusiya dəyişikliyinə getməlidir və daxili təzyiqləri ən qısa zamanda kənarlaşdırmalıdır” Siyasət

“Ermənistan Konstitusiya dəyişikliyinə getməlidir və daxili təzyiqləri ən qısa zamanda kənarlaşdırmalıdır”

“Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton görüşündən dərhal sonra Azərbaycan media nümayəndələrinə verdiyi açıqlamada qeyd etdiyi fikirlər, xüsusilə də Ermənistanın üzərinə düşən məsuliyyəti dərk etməli olduğunu bir daha vurğulanması təsadüfi deyil. Ümumiyyətlə, Vaşinqton görüşü tarixi görüş idi və ABŞ Prezidenti Donald Trampın şəxsi təşəbbüsü, vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin bir araya gəlməsi fonunda baş verdi. Bu, həqiqətən də tarixi bir hadisə idi. Görüş kifayət qədər konstruktiv keçdi. Üçtərəfli bəyanat bunun ən real göstəricidir. Yəni tərəflər sülh sazişinin paraflanmasına razılaşdılar, ATƏT-in Minsk qrupunun ləğv edilməsi qərarlaşdırıldı və təbii ki, bizim Zəngəzur dəhlizi və bəyannaməyə görə “Tramp sülh yolu”nun açılmasına dair öhdəlikləri qəbul etdilər. Bura qədər hər şey aydındır. Şübhəsiz, bir razılaşma var və onun icra edilməsi lazımdır. Amma digər tərəfdən də Ermənistanı ən azından münaqişə tarixində 30 ildən artıq tanıyan və öncəki prosesləri də yaxşı bilən bir Azərbaycan var. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyev kifayət qədər uzaqgörən və məsələlərə praqmatik yanaşan, risk faktorlarını öncədən dəyərləndirib ona uyğun addımlar atmağı bacaran və bunu sevən bir liderdir. Faktiki olaraq razılaşmanın olmasına baxmayaraq əvvəllər də imzalanmış razılaşmaları dəfələrlə pozan Ermənistan nümunəsini bildiyi üçün belə bir açıqlama verdi”.

Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.

Politoloq əlavə edib ki, bu gün əslində Ermənistanda hələ də revanşist qüvvələr var, Rusiyaya sadiq beşinci kolon var, Rusiya hərbi bazaları var: “Yəni Ermənistana təsir etmək istəyəcək qüvvələr var. Paşinyanın əslində Azərbaycanla sülh sazişi imzalamaq və ya Vaşinqtonda görüşmək, razılıq əldə etmək bəlkə də bacara biləcəyi ən asan şey idi və əslində bu da oldu. Bunu daxili auditoriyaya izah etmək, başa salmaq və qəbul etdirmək, müxalifətin reaksiyalarına tab gətirmək, o cümlədən xarici təsirlərə qarşı immunitet yaratmaq lazımdır. Əslində Azərbaycan Prezidenti bununla demək istəyir ki, biz öhdəmizə düşəni etdik, top Ermənistandadır. Həqiqətən də Azərbaycanda bu gün faktiki olaraq müxalifətin də reaksiyasına baxanda görünən odur ki, yəni bir dəstə ifadəsinin artıq şahidi oluruq. İctimaiyyətdə də birmənalı şəkildə Prezident İlham Əliyev dəstəklənir. Bu, mediada gedən yazılardan, ekspert rəylərindən də aydın şəkildə hiss olunur və belə olan təqdirdə deyə bilərik ki, Azərbaycanda Vaşinqton görüşünün nəticələrinə etiraz edəcək hansısa bir qüvvə və yaxud da cəmiyyətin bir sferası yoxdur. Yəni bu siyasətə və bu siyasəti icra edən dövlət başçısına tam dəstək ifadə olunur”.

T.Rzayev bildirib ki, amma Ermənistanda vəziyyət elə deyil və belə olduğu üçün də Prezident İlham Əliyev faktiki olaraq bu mesajı verir ki, yəni baxın buradan geri dönüş yoxdur: “Əgər bir pozuculuq fəaliyyəti və təxribat olarsa, o cümlədən yayınma halları baş verərsə, bunun ilk növbədə Ermənistan üçün mənfi nəticələri olacaq. Nəzərə almaq lazımdır ki, burada vasitəçi və tərəfləri bir araya gətirən ABŞ, onun Prezidenti Donald Tramp olduğu üçün bu, həm də ona hörmətsizlik olacaq və prosesin gələcəyi baxımından risk faktorları yarada bilər. Ona görə də Ermənistan bu məsələdə əlindən gələni etməli və prosesi sürətləndirməlidir. Ələxsus da burada Konstitusiyanın dəyişdirilməsi vacibdir. Ermənistan Konstitusiyasında, o cümlədən Müstəqillik bəyannaməsində Azərbaycan və ətraf ölkələrə ərazi iddiaları var. Belə olan təqdirdə də, şübhəsiz, bu proses əleyhimizə işləyə bilər, sülh gündəliyinin gələcəyini təhlükə altında ala bilər. Ona görə Ermənistan tərəfi bunu nəzərə alıb, sülh prosesinə töhfə verəcək Konstitusiya dəyişikliyinə getməlidir və daxili təzyiqləri ən qısa zamanda kənarlaşdırmalıdır”.

Röya İsrafilova