“Vergi və sığorta yükü azalır, vətəndaş qazancda!” Gündəm

“Vergi və sığorta yükü azalır, vətəndaş qazancda!”

“Bir müddət əvvəl gəlir vergisinin azaldılması fonunda vətəndaş üçün yaranmış müsbət balans sonrakı mərhələdə tibbi sığorta üzrə artımlarla müəyyən qədər zəiflədilmişdi. Onun sözlərinə görə, həmin dövrdə hökumət gəlir vergisini 7 faiz azaltdığı halda, tibbi sığorta ödənişini 2,5 faiz artırmışdı və nəticədə vətəndaş yenə də 4,5 faiz irəlidə qalırdı. Bu dəyişikliklərə isə ciddi narazılıq müşahidə olunmurdu”.

Bunu iqtisadçı ekspert Xalid Kərimli Xalqcebhesi.az-a açıqlamasında bildirib.

Ekspert qeyd edib ki, sonradan 3-5-7 faizli mərhələlərin tətbiqi vergi yükünün artması ilə nəticələndi və hazırda bu yükün aşağı salınması faktiki olaraq həm vətəndaşın, həm də işəgötürənin xərclərini yüngülləşdirəcək:
“Bu addım xüsusilə əmək bazarı üçün müsbət haldır. Çünki əlavə vergi və sığorta yükü sonda həm işçinin cibinə, həm də biznesin xərclərinə təsir göstərirdi.2500 manata qədər əməkhaqqı alan vətəndaşın aylıq 2 faiz tibbi sığorta ödəməsi illik təxminən 600 manat edir və bu məbləğə özəl sektorda kifayət qədər geniş tibbi sığorta paketləri əldə etmək mümkündür. Bu baxımdan tibbi sığorta yükünün aşağı gəlirli vətəndaşların üzərinə qoyulması müəyyən qədər ədalətsiz idi.
Yüksək maaş alan şəxslər üçün onsuz da proqressiv gəlir vergisi tətbiq olunur.
2500 manata qədər 7 faiz, 8000 manata qədər 10 faiz, daha yuxarı məbləğlər üçün isə 14 faiz gəlir vergisi mövcuddur. Vergi sistemi kifayət qədər proqressivdir. Lakin tibbi sığorta vergi deyil, sığorta haqqıdır və bunu sürətlə artırmaq vətəndaşın cibinə birbaşa müdaxilə demək idi”.

Xalid Kərimli hesab edir ki, gəlir vergisinin bərpası ilə paralel tibbi sığorta yükünün azaldılması həm işçinin, həm də işəgötürənin xeyrinədir:
“Çünki günün sonunda işəgötürən üçün əsas məsələ işçinin ümumi əməkhaqqı yüküdür. Şirkətlər aşağı maaş alan işçilərə kompensasiya verməyə məcbur qalırdı.
Ümumilikdə vergi yükünü azaldan bütün addımlar müsbət qiymətləndirilməlidir və bu dəyişikliklərin 2500 manatdan yuxarı əməkhaqqı alanlara da şamil olunması ədalətli yanaşmadır.Bu mənada hökumətin mövcud qərarı ədalətin bərpası və vətəndaşa qarşı pozitiv addım kimi dəyərləndirilə bilər”.

Günel Elxan