“Emosiyalar yox, konkret nəticələr…” Gündəm

“Emosiyalar yox, konkret nəticələr…”

“Vladimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın Mar-a-Laqo iqamətgahına mümkün səfəri Ukrayna–ABŞ münasibətlərində yeni və daha praqmatik mərhələnin başlaya biləcəyini göstərir. Bu, emosiya deyil, real maraqlar və nəticələr üzərində qurulan diplomatiya modelidir”.

Bunu politoloq Tural İsmayılov Xalqcebhesi.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Trampın beynəlxalq siyasətdə klassik şablonlardan kənar, güc balansına söykənən liderlik üslubu bu görüşdə də özünü göstərir:
“Tramp üçün diplomatiya abstrakt dəyərlər yox, konkret nəticələrdir. O, ‘sonsuz müharibələrə son’ konsepsiyasını müdafiə edir və bu, ABŞ-ın resurslarının daha rasional idarə olunması deməkdir. Zelenskinin Mar-a-Laqoya dəvəti isə Vaşinqtonun Ukraynanı siyasi gündəmdən çıxarmaq niyyətində olmadığını, əksinə, birbaşa dialoqa üstünlük verdiyini göstərir. Bu təmas Ukrayna–ABŞ münasibətlərini daha realist müstəviyə keçirə bilər.Tramp Kiyevə dəstəyi ideoloji öhdəlik kimi yox, qarşılıqlı məsuliyyət və effektivlik kontekstində görür. Bu, Ukraynanı daha çevik və danışıqlara açıq mövqeyə gətirə bilər. Eyni zamanda Trampın Rusiya ilə birbaşa dialoq imkanları Ukrayna böhranının diplomatik həlli üçün müəyyən şans yaradır.Mar-a-Laqo görüşü qısa müddətdə hərbi və ya maliyyə paketləri ilə nəticələnməsə belə, strateji baxımdan həlledici əhəmiyyət kəsb edir.
Əsas məsələ Ukrayna məsələsinin Trampın şəxsi siyasi gündəminə daxil olmasıdır. Burada formalaşacaq istənilən model güc balansına söykənən və real icra mexanizmləri olan bir çərçivə üzərində qurula bilər. Bu səbəbdən görüş Ukrayna üçün risk yox, real siyasətə keçid fürsətidir”.

Günel Elxan