Azərbaycanlı diplomat “İlin səfiri” seçildi Siyasət

Azərbaycanlı diplomat “İlin səfiri” seçildi

Azərbaycanın Koreyadakı səfiri Rəmzi Teymurova Asiya Cəmiyyəti Koreya təşkilatının 10-cu ildönümü münasibətilə keçirilmiş təntənəli mərasimdə "İlin səfiri" mükafatı təqdim edilib.
Səfirlikdən bildirilib ki, BMT-nin sabiq baş katibi Pan Kimun və Asiya Cəmiyyəti təşkilatının idarə heyətinin üzvü Çarls Rokfellerin əsas məruzəçilər qismində çıxış etdikləri, Asiya Cəmiyyəti Koreya təşkilatının sədri Şin Donq-bin, Koreyanın sabiq baş naziri Li Honq-ku, Koreya xarici işlər nazirinin müavini Lim Sunq-nam, ictimai siyasi xadimlər, Seulda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Koreyada fəaliyyət göstərən aparıcı şirkətlərin rəhbərləri və KİV nümayəndələrinin iştirak etdikləri tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycanın mədəniyyəti, tarixi abidələri, turizm guşələri və adət-ənənələrindən bəhs edən video-rolik nümayiş olunub.
Asiya Cəmiyyəti Koreya təşkilatının 10-cu ildönümü münasibətilə təsis olunmuş "İlin səfiri" mükafatına Azərbaycanın Koreyadakı səfiri ilə yanaşı Hindistan və Küveytin Koreyadakı səfirləri də layiq görülüblər.
2008-ci ildə qeyri-kommersiya təşkilatı kimi təsis edilmiş Asiya Cəmiyyəti Koreya təşkilatı, baş qərargahı Nyu-York şəhərində yerləşən və 1956-cı ildə III Con D.Rokfeller tərəfindən əsası qoyulmuş Asiya Cəmiyyətinin Koreya ofisidir. Lotte şirkətlər qrupunun sədri Şin Donq-binin rəhbərlik etdiyi Asiya Cəmiyyəti Koreya ofisinin üzvləri əsasən Koreya şirkətlərinin nümayəndələri və ictimai-siyasi xadimlərdən ibarətdir.
İlk dövrdə Asiya regionun dünyada tanıdılması və başda ABŞ olmaqla digər ölkələrlə Asiya ölkələri arasında biznes əlaqələrinin qurulması məqsədilə təsis olunmuş Asiya Cəmiyyəti təşkilatı, hazırda öz fəaliyyət istiqamətinə təhsil sahəsində əməkdaşlığı da daxil etmişdir. Davos Dünya İqtisadi Forumunun keçmiş vitse-sədri Cozette Şiranın rəhbərlik etdiyi Asia Cəmiyəti təşkilatının Seul ilə yanaşı Honq Konq, Manila, Mumbay, Şanxay, Sidney və Zurixdə də ofisləri fəaliyyət göstərir.