XİN sözçüsü: ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində işlərə start verilib Siyasət

XİN sözçüsü: ABŞ-la Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində işlərə start verilib

"Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı faydalı əməkdaşlıq formalaşıb".

Bunu APA-ya müsahibəsində Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıq əlaqələri son administrasiya dövründə xeyli zəifləsə də, Prezident İlham Əliyevin ABŞ-a avqust ayında səfəri iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində tarixi əhəmiyyət kəsb edir: "Səfər zamanı iki ölkənin prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” imzalanıb. Bu çərçivədə növbəti 6 ay ərzində əməkdaşlığımızın əsas istiqamətlərini müəyyən edəcək Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması nəzərdə tutulur. Strateji İşçi Qrupunun prioritet sahələri enerji, ticarət və regional bağlantılar; rəqəmsal infrastruktur və süni intellekt; müdafiə, təhlükəsizlik və terrorla mübarizə və digər qarşılıqlı maraq doğuran sahələrdir. Bu, Azərbaycan və ABŞ-ın yalnız sözdə deyil, həm də real layihələrlə əməkdaşlığa sadiqliyini göstərir".

XİN sözçüsü qeyd edib ki, səfər çərçivəsində enerji sahəsində də mühüm nəticələr əldə edilib: "ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bu sənəd həm ənənəvi, həm də qeyri-ənənəvi enerji layihələrində əməkdaşlıq imkanlarını genişləndirəcək, enerji təhlükəsizliyimizi gücləndirəcək və regional əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Qeyd edilən razılaşmaların icra edilməsi istiqamətində Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması istiqamətində işlərə start verilib. Hazırda qeyd edilən Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə müvafiq İşçi Qrup fəaliyyət göstərir. Ümidvarıq ki, qeyd edilən razılaşmaların icrası ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirəcək".