
Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən mühüm addımlardan biri təbii ki, işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsidir. Dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 8 noyabr Şuşa Şəhəri Günüdür. 2020-ci il noyabrın 8-də qüdrətli Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və zabitlərimiz uzun məsafə qət edərək, sıldırım qayalardan və dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən ürəyi olan Şuşadan qovub çıxardı. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Belə ki, Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli Bayrağımızı ucaltdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən bildirirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm Zəfərin memarı Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli Sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Müraciətində bütün bu illər ərzində Azərbaycan xalqının dəstəyini hiss etdiyini, bunun ona güc verdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə-belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq.
Bu gün böyük qürurla və əminliklə qeyd edirik ki, Şuşa azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaq, əbədi yaşayacaq. 8 noyabr şanlı Qələbəmizin, Zəfərimizin günüdür.
Vüqar Rəhimzadə vurğulayıb ki, biz uzun illər davam edən ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim Şuşa artıq böyük quruculuq, tikinti və təmir-bərpa işlərinin, möhtəşəm beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb. Ötən beş ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra olunub. Bunlardan biri igid oğullarımızın Şuşaya doğru dağların, meşələrin qoynu ilə irəliləyərək açdığı cığır boyu avtomobil yolunun salınmasıdır. Prezident İlham Əliyev 101 kilometr uzunluğu olan bu yolu “Zəfər yolu” adlandırdı. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2024-cü ilin 21 oktyabr tarixində “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq etdi. Şəhərin konseptual sxemi hazırlanarkən yerləşdiyi coğrafiyanın təbii xüsusiyyətləri, tarixi-mədəni strukturu və gələcək yönümlü həllər əsas rol oynayıb.
Millət vəkili bildirib ki, Şuşa şəhəri tarixən Azərbaycanın mədəni, ictimai, siyasi həyatının mühüm mərkəzlərindən biri olub. Lakin keçmiş işğal illərində düşmən Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələrini talan edib, şəhərin memarlığına və milli-mədəni irsimizə misli görünməmiş ziyan vurub. Şuşanın işğaldan azad edilməsindən dərhal sonra şəhərdə infrastrukturun qurulması ilə yanaşı, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana fəaliyyətə başlayıb. Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb, Şuşada yaşayış kompleksləri, turizm obyektləri tikilir. Bərpa işlərinin sürəti deməyə əsas verir ki, çox keçmədən Şuşa nəinki Azərbaycanın, eləcə də dünyanın ən gözəl şəhərlərindən biri olacaq.
Vüqar Rəhimzadə Prezident İlham Əliyevin 2021-ci ildə imzaladığı Sərəncam əsasında Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsindən, həmin il “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Qanunun qəbulundan, 2022-ci ilin ölkəmizdə “Şuşa ili” elan edilməsindən geniş bəhs edib. Onu da vurğulayıb ki, 2022-ci ildə Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, 2023-cü ilin sentyabrında Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi. 2023-cü ilin oktyabrında isə İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhəri 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan olundu.
Milli Məclisin deputatı qeyd edib ki, Şuşa azadlığına qovuşandan sonra orada bərpa, quruculuq və yenidənqurma işlərinə, infrastrukturun bərpasına start verildi və həmin vaxtdan etibarən burada mühüm sosial obyektlərin açılışı həyata keçirilir. Bu layihələr azad olunan ərazilərin, inzibati, tarixi və mədəni abidələrin bərpası ilə yanaşı, həm də tarixi torpaqlarımızda illərdir keçirilməyən mədəni tədbirlərimizin, ənənələrimizin bərpasını əhatə edir. Beləliklə, işğaldan azad olunan torpaqlarımız, o cümlədən Şuşa hazırda mənəvi cəhətdən də dirçəlir. Şuşa bu gün iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Qarabağın tacı, eyni zamanda, 30 illik işğaldan sonra dünya azərbaycanlılarını bu əsrarəngiz məkanda bir araya gətirərək birliyimizi, həmrəyliyimizi bir daha dünyaya çatdırdı. Şuşanın hər günü mühüm, əhəmiyyətli hadisələrlə zəngindir. Hər daşı, qayası bir tarix olan bu qədim şəhərin çal-çağırlı günləri hər birimizi sevindirir, qürurlandırır. Şuşa şəhəri də sakinlərinə qovuşan şəhərlərimiz sırasındadır. Son beş ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dəfələrlə Şuşa şəhərinə səfər edib, orada həyata keçirilən təmir, bərpa və yenidənqurma işləri ilə tanış olublar.
Vüqar Rəhimzadə qeyd edib ki, Şuşa artıq beş ildir ki, azaddır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazmaqda davam edən rəşadətli ordumuzun 2023-cü ilin sentyabrında həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Tariximizə yazılan Zəfər səhifələri təkcə bizim üçün yox, gələcək nəsillər üçün də qürur mənbəyi olacaq.