“Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik” Siyasət

“Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik”

Prezident: “Müharibə zamanı və atəşkəs dövründə beynəlxalq təşkilatlar düzgün qərar qəbul etsələr də, bu qərarların icrası üçün bir addım belə atmayıblar”

“Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür, tarixi bir gündür. Uzun fasilədən sonra ağdamlılar öz doğma şəhərinə qayıdırlar”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ağdam şəhərinə köçən sakinlərlə görüşündə deyib.

Bu münasibətlə onları ürəkdən təbrik edən dövlətimizin başçısı bildirib: “Əminəm ki, burada siz rahat yaşayacaqsınız, əmin-amanlıq şəraitində yaşayacaqsınız”.

Dövlət başçısı əlavə edib: “İşğal dövründə Ağdam demək olar ki, urbisidə məruz qalmışdır. Yəni şəhər Ermənistan dövləti tərəfindən tamamilə dağıdılmışdır. Bu, Ermənistan dövlətinin məqsədyönlü siyasəti, bizə qarşı olan düşmənçiliyin bariz nümunəsi idi. Məqsəd də tam aydın idi”.

Prezident həmçinin diqqətə çatdırıb: “Düzdür, indi Ermənistanla Azərbaycan arasında sülh prosesi gedir və bu sülh prosesinin təşəbbüskarı da biz olmuşuq. Onu da hamı bilir və bilməlidir. Birinci təklifi biz vermişik, sülh müqaviləsinin mətninin müəllifi də bizik və oraya salınan bütün maddələrin də müəllifi bizik. Ancaq biz işğalı necə unuda bilərik?! Şəhidlərimizi necə unuda bilərik?! Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını necə unuda bilərik?! Heç vaxt unuda bilmərik və unutmamalıyıq”.

Preziden həmçinin deyib: “Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir. Üç kənddə insanlar yaşayır. Mən bu kəndlərin yenidən istifadəyə verilməsi mərasimlərində iştirak etmişəm - Kəngərli, Sarıcalı, Xıdırlı”.

Orada indi bir neçə min insan yaşadığını və bu köç prosesinin davam etdiyini söyləyən dövlətimizin başçısı vurğulayıb: “Bu gün Ağdam şəhərində artıq insanlar yerləşir və bu yaşayış məhəlləsindəki 1268 mənzildə ağdamlılar yerləşəcək”.

Dövlətimizin başçısı qeyd edib: “Bu gün dünyada müxtəlif yerlərdə müharibələr, toqquşmalar, münaqişələr baş alıb gedir. Ya beynəlxalq təşkilatlar, ya böyük nüfuzlu ölkələr dərhal nə edirlər? Sanksiyalar tətbiq edirlər. Əlbəttə ki, sanksiyaların da böyük təsiri var. Xüsusilə Ermənistan kimi kiçik və zəngin olmayan, demək olar ki, kasıb ölkəyə əgər sanksiyalar tətbiq edilsəydi, əlbəttə, Ermənistan işğala son qoyardı. Ancaq nəinki sanksiyalar tətbiq edilmədi, əksinə, onlara bəziləri pulsuz silahlar verirdi, özü də bir milyon dollarlıq yox, milyardlarla dollar dəyərində”.

Preziden deyib: “Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik. Çünki torpaqlarımız işğal altına düşdü. ...Amma bütün belə hallar olduğu vaxtda beynəlxalq təşkilatlar, böyük dövlətlər və müxtəlif ölkələrin siyasi dairələri bu işğalı qınayır, işğalçını məcbur etmək üçün müxtəlif üsullardan istifadə edir, sanksiyalar tətbiq edir. Bunu biz görürük, indi yaxın tariximiz bunu göstərir.

Ermənistan-Azərbaycan müharibəsi zamanı və müharibədən sonra atəşkəs dövründə beynəlxalq təşkilatlar düzgün qərar qəbul etsələr də, bu qərarların icrası üçün bir addım belə atmayıblar”.