“Cərimələrin həddi ölkələrin inkişaf səviyyəsinə görə fərqli olur”- Qüdrət Həsənquliyev Siyasət

“Cərimələrin həddi ölkələrin inkişaf səviyyəsinə görə fərqli olur”- Qüdrət Həsənquliyev

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı fikirlərini bölüşüb.
Millət vəkili bildirib: “Bu məsələ komitə iclasında da çox geniş müzakirə olundu. Orada təklif verənlərdən biri də mən idim ki, “reallığı əks etdirməyən” ifadəsi normadan çıxarılsın, yaxud da onun yerinə yazılsın ki, “şəxsin şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna ziyan vuran foto, video və audio materialları hazırlama cinayət məsuliyyəti yaradır”. Niyə? Ona görə ki, mən orada da çıxışımda geniş söylədim, Cinayət Məcəlləsinin 14-cü maddəsində cinayətin anlayışı verilir. Orada qeyd olunur ki, cinayət qanununda nəzərdə tutulmuş hər hansı əməlin hərəkət və hərəkətsizliyin əlamətləri, formal cəhətdən mövcud olsa da, lakin az əhəmiyyətli olduğuna görə ictimai təhlükəli sayılmayan, yəni şəxsiyyətə, cəmiyyətə və yaxud dövlətə zərər yetirməyən və zərər yetirmək təhlükəsi yaratmayan əməl cinayət əməli hesab olunmur.
Buna görə mən orada qeyd elədim ki, bu, xüsusi ittihamlı iş olduğuna görə hər kəs özü müəyyənləşdirməlidir ki, o, onun şərəf və ləyaqətinə zərər vurur, yoxsa yox və bu halda məhkəməyə müraciət etməlidir. Məsələn, mənim 2 övladım var və onlarla harasa getmişəm. Kimsə süni intellektlə yaradır ki, Qüdrət Həsənquliyev 3 övladı ilə harasa gedib. Bu, reallığı əks etdirmir. Amma burada mənim şərəf və ləyaqətimə, işgüzar nüfuzuma toxunan heç nə yoxdur. Mənim razılığım olmadan bu yayılıb və reallığı əks etdirmir. Mən buna görə həmin şəxs barəsində cinayət işi başlanması ilə xüsusilə ittiham qaydasında müraciət edə bilərəmmi? Bu, əlavə vaxt itkisidir, məhkəmənin vaxtının alınmasıdır və s. Ona görə də bir çox hallarda cinayət əməlinin vurduğu zərər cinayət tərkibinin əlaməti kimi normanın özündə göstərilməlidir.
Mən, əslində, bu məsələ ilə bağlı çıxış etmək istəmirdim. Biz onsuz da indi növbəti məsələlərdə 282.1-ci maddəni də müzakirə edəcəyik. Ona görə də mən yeri gəlmişkən toxunmaq istəyirəm, orada da qeyd olunur ki, yəni əməlin süni intellekt texnologiyalarından, habelə xüsusi proqram təminatlarından istifadə etməklə törədilməsi.
Ona görə də təklif edirəm ki, Əli müəllim bunu müvafiq icra hakimiyyəti orqanı ilə müəyyən eləsin. Cinayət Məcəlləsinin 61-ci maddəsində cəzanı ağırlaşdıran hallar var. Orada 61.1.10-cü maddədə qeyd olunur ki, cinayətin odlu silahdan, partlayıcı vasitələrdən və ya digər ümumi təhlükəli üsullardan və texniki vasitələrdən istifadə etməklə törədilməsi cəzanı ağırlaşdıran hal hesab olunur. 61.3-də qeyd olunur ki, bu məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal cəza təyin edilərkən təkrar nəzərə alına bilməz.
Hesab edirəm ki, bu halda da son vaxtlar baş verən o tendensiyanı nəzərə alaraq, cinayətin burada da qeyd olunduğu kimi süni texnologiyalardan və habelə xüsusi proqram təminatlarından istifadə edilərək törədilməsi xüsusi təhlükəli üsuldur.
Biz elə bu gün İranda baş hadisələri müşahidə edirik ki, orada şəhərin ümumi təhlükəsizlik sisteminə qoşulur və məlumatlar əldə edilir, sonradan hansısa əməliyyatlar həayat keçirilir, insanlar qətlə yetirilir və s.
Bu baxımdan, əlbəttə, bu üsullardan istifadə təhlükəli üsul kimi qeyd olunmalıdır, amma hər dəfə bunu normaya daxil etmək əvəzinə qeyd elədim ki, biz bunu 61-ci maddəyə daxil edək ki, bu formada cinayətin törədilməsi ağırlaşdırıcı hal hesab olunur. Bu, daha doğru olardı”.
Millət vəkili əlavə edib: “Sonda bir məsələyə də toxunmaq istəyirəm. Hörmətli Əminə xanım qeyd elədi ki, cəzanın həcmi müəyyən olunarkən, əslində, ölkənin iqtisadi vəziyyəti, əhalinin orta gəlir səviyyəsi, sosial rifah göstəriciləri nəzərə alınmır. Bu, bir az həqiqətəuyğun deyil. Ona görə də bu məsələləri mən də dəfələrlə qaldırıram. Dünyanın müxtəlif dövlətlərində cərimələrin həddi ölkənin inkişaf səviyyəsinə görə fərqli olur. Bu, mütləq nəzərə alınmalıdır. Əgər biz qanunverici olaraq öz fəaliyyətimizdə elmilik prinsipini əsas götürürüksə - bu hüquq elminin tələblərindən biridir - bəs niyə cərimələri 1-2 milyon təyin etmirik? Çünki qeyri-realdır. Ona görə ki, cəza çox olanda onun icrasını həyata keçirmək mümkün olmur, az olanda da onun effekti olmur”.