“Azərbaycanda böyük əfv gözlənilir” Siyasət

“Azərbaycanda böyük əfv gözlənilir”

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələ daxil edilib. İclasda Milli Məclisin sədri Oqtay Əsədov Ağsaqallar Şurasının sədri, deputat Fəttah Heydərovu yubileyi münasibətilə parlament adından təbrik edib:
"Cənab prezident Fəttah müəllimi "İstiqalal" ordeni ilə təltif etdi. Bununla da, onun əmək fəaliyyətinə ən yüksək səviyyədə qiymət verildi". Daha sonra isə Milli Məclisin iclasının gündəliyi elan edilib və öncə cari məsələlər müzakirə olunub.
Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib ki, prezident İlham Əliyevin cəza siyasətinin yüngülləşdirilməsi ilə bağlı sərəncamından sonra 1500-dən artıq insanın cəzasının yüngülləşdirilməsi prosesinə başlanılıb.
Komitə sədri bildirib ki, bu, humanizmlikdir: "1993-cü ildən 70 əfv sərəncamı, 11 amnistiya aktı qəbul olunub. Bütün bunlar Heydər Əliyevin siyasətinin əasını təşkil edir. Müəyyən mətbuat orqanları bunu başqa istiqamətlərdə qələmə verməyə çalışırıar. Azərbaycanda siyasi baxışlarına görə həbs edilən yoxdur. Düzdür, ayrı-ayrı hakimiyyətlər dövründə repressiyalar olub, amma Yeni Azərbaycan Partiyası hakimiyyətdə olan zaman belə hallara yol verilməyib. Bəzən mənim fikirlərimlə bağlı xəbərləri fərqli təqdim etməyə çalışırlar. Bir daha bəyan edirəm ki, Azərbaycanda siyasi məhbus yoxdur, törətdiyi cinayətlərə görə cəzasını çəkən şəxslər var".
Milli Məclisin sədri Oqtay Əsədov isə deyib ki, son vaxtlar bəzi mətbuat orqanlarında bir çox məsələlər başqa cür təqdim olunur.
Oqtay Əsədov bildirib ki, yaxın zamanda böyük əfv sərəncamının imzalanması gözlənilir.
O qeyd edib ki, əfv sərəncamının imzalanması prezident İlham Əliyevin səlahiyyətindədir: "Amma söyləyə bilərəm ki, yaxın zamanda böyük əfv sərəncamının imzalanması gözlənilir".
Deputat Fərəc Quliyev bildirib ki, qarşıdan Novruz bayramı gəlir və adətən, bayramqabağı bazarlarda qiymət artımı olur. Fazil Quliyev bildirib ki, bayramqabağı bahalaşma nəzarətə götürülməlidir: "Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artdığı halda ucuzlaşma əvəzinə bahalaşma olması absurddur. Müvafiq icra strukturları inhisarçılara qarşı tədbirlər görməlidir. Kəndlilərin öz məhsullarını birbaşa bazara çıxarmasına şərait yaradılmalıdır, çünki arada olan vasitəçilər qiymətləri süni şəkildə artırır".
Deputat Fazil Mustafa deyib ki, vəkillik institutu ilə bağlı prezidentin imzaladığı sərəncamı müsbət qarşılayıram: "Xüsusilə də imzalanan sərəncamda imkansız vətəndaşların dövlət hesabına vəkillərlə təmin olunması, həmçinin vəkillərin ödəniş məbləğinin üç dəfə artırılmasını da təqdir olunandır".
Deputat vəkilliyə qəbulda keçid balının 60 baldan 50 bala endirilməsini də vacib sayıb: "Vəkillik bilavasitə təcrübə ilə bağlı fəaliyyət növüdür. 1800 adamdan əgər 600 nəfər keçirsə, bu, olduqca az adamdır. Həmçinin hesab edirəm ki, dövlət qulluğuna qəbul imtahanları zamanı müsahibə mərhələsi ləğv edilməlidir. Yalnız Dövlət İmtahan Mərkəzinin keçirdiyi test imtahanının nəticələri əsasında vətəndaşlar müvafiq vəzifələrə qəbul edilməlidir".
Deputat Əli Hüseynli isə deyib ki, prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam çox əhəmiyyətlidir.
Deputatı Tahir Rzayev bildirib ki, ölkədə mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışa çıxarıldığı və həmin məhsulların görüntüləri televiziyada yayımlanır: "Televiziyada təhlükəli cəmdəkləri görən insanlar bundan qorxuya düşür, başqa ətləri də almaq istəmir".
Deputat bildirib ki, bu cür məhsulları satan insanlarla bağlı hansı tədbirlərin görülməsi barədə cəmiyyətə heç bir məlumat verilmir: "Yaxşı olar ki, mütəxəssislər həmin satıcılara qarşı hansı tədbirlərin görülməsi barədə cəmiyyətə məlumat versinlər və insanlarda da bu məsələ ilə bağlı əminlik yaransın". T.Rzayev həmçinin deyib ki, son zamanlar 6-7 kiloqramlıq quzu və 50 kiloqramlıq buzovların kəsilməsi kütləvi hal alıb: "Belə ətin insanın sağlamlığı üçün faydalı olduğunu deyirlər. Lakin hesab edirəm ki, bu heyvanlar hələ yetişməlidir və ət tutmalıdır. Bu kimi hallar bizim heyvandarlığımıza ziyan vurub".
Deputat Elmira Axundova "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliklərin müzakirəsi zamanı deyib ki, "Yol hərəkəti haqqında" qanuna edilən dəyişikliklər çox mühüm və aktualdır: "Bbir çox hallarda, piyadaların yol hərəkəti qaydasını kobud şəkildə pozması nəticəsində qəzalar baş verir. Hətta özümüz şahid oluruq ki, avtomagistral və avtobanlarda insanlar yerüstü və yeraltı keçidlərdən yox, qadağan olunmuş yerlərdən keçir və bir çox hallarda bu faciəvi qəzalara səbəb olur". O bildirib ki, bu günlərdə Əfv komissiyasının iclası keçirilib və orada baxılan ərizələrin böyük əksəriyyəti piyadalar üçün faciə ilə nəticələnmiş yol qəzalarına aid müraciətlərdir: "Təsəvvür etsək ki, bu qəzalar nəticəsində iki və yadaha çox ailə birdən-birə bədbəxt olur onda bu faciələrin miqyasını təsəvvür etmək elə də çətin deyil. Ona görə piyadaların qadağan olunmuş yerlərdən keçməsinin qarşısını almaq və bu halları minimum səviyyəyə qədər azaltmaq üçün cərimə və cəzalar bir qədər də sərtləşdirilməli, nəzarət daha da gücləndirilməlidir.
İkinci tərəfdən bu dəyişikliklərdə müsbət məqamyük avtomobillərinin və avtobusların nəzarət qurğusu "taxoqraf" haqqındadır. Bu da çox mühüm bir dəyişiklikdir. Çünki belə qurğu qəza hadisələrinin qarşısını almaq, yol hərəkəti iştirakçılarının sağlamlığının qorunması vəzifəsini daşıyacaq. Bir məsələni də nəzərinizə çatdırım, "Yol hərəkəti haqqında" qanuna bir mühüm dəyişiklik etmək də yerinə düşərdi".
Deputat Əli Məsimli bildirib ki, Azərbaycanda benzinin qiyməti Rusiya və Qazaxıstanla müqayisədə yüksəkdir: "Azərbaycanda benzinin qiyməti dünya qiymətlərindən aşağıdır. Lakin dünya ilə deyil, inkişaf etmiş olkələrlə yox, Rusiya və Qazaxıstanla müqayisə etdikdə benzinin qiymətinin baha olmasını görürük. Belə ki, Rusiyada benzinin qiyməti 26% aşağıdır, ancaq əmək haqqı 2,1 dəfə yüksədir. Qazaxıstanda isə 6% ucuzdur, lakin əmək haqqı 1,5 dəfə yüksəkdir".
Deputat benzinin keyfiyyət məsələsinə toxunaraq qatqıların olmasını bildirib: "Qatqıların qatılması benzini 2 gün saxlayandan sonra açıq görünür. Keyfiyyətin aşağı olması isə avtomobillərin tez sıradan çıxmasına səbəb olur".
"Standartlaşdırma haqqında" qanunun layihəsinin müzakirəsi zamanı parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib ki, bu anlaşılmazlıq həll edilməsə "Standartlaşdırma haqqında" qanunun layihəsinin tətbiqi şübhə altında olacaq". O qeyd edib ki, müzakirə edilən qanun layihəsində anlaşılmazlıq var: "Qanun 1.1.2-ci maddəsində əsas anlayış verilir. Əsas anlayışlarda tətbiqi könüllü olan normativ sənəd kimi göstərilib. Qanunun 4.2.13-cü maddəsində isə standartların könüllü xarakter daşıdığı vurğulanır. 4.2.8-ci maddədə isə normativ sənədlərin hazırlanmasında insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurulmasının qarşısının alınması göstərilir. Bunu necə başa düşək? Mən xahiş edirəm ki, Ziyad Səmədzadə bununla bağlı izahat versin. Bu məsələ həll edilməsə qanun layihəsinin tətbiqi şübhə altında qalacaq".
Spiker Oqtay Əsədov isə bildirib ki, müzakirə zamanı bəzi deputatlar müxtəlif təkliflər səsləndirir: "Mən qeyd etdim ki, qanun layihəsi birinci oxunuşda müzakirə edildiyi üçün təkliflər konseptual xarakterli olmalıdır".
Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə bildirib ki, Ziyafət Əsgərovun qaldırdığı məsələ komitənin müzakirəsi zamanı da səsləndirilib: "Qeyd edim ki, Ziyafət müəllimin bəhs etdiyi 4.2.8-ci maddədə də normativ sənədlərin hazırlanmasında insanların həyat və sağlamlığına, ətraf mühitə, əmlaka və dövlətin maraqlarına zərər vurulmasının qarşısının alınmasının məcburi olduğu qeyd edilib".
Deputat əlavə edib ki, qanun layihəsi dövlətin istehsalatı deyil, bazarı tənzimləməsini əsas götürür.
Millət vəkili Naqif Həmzəyev isə "prezident cənab İlham Əliyev rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə bağlı zəruri addımlar atılır, bu istiqamətdə böyük layihələr icra edilir. Qeyri-neft sektorunun əsas sahələrindən biri də kənd təsərrüfatıdır. Dövlət başçısının son illərdə imzaladığı fərman və sərəncamlar, qəbul etdiyi qərarlar nəticəsində Azərbaycanda bu sahədə əsaslı dəyişikliklər baş verib, mühüm uğurlara nail olunub", - deyə diqqətə çatdırıb.
Naqif Həmzəyev bildirib ki, Azərbaycan Dövlət Aqrar Universiteti ölkəmizdə aqraq sahə üzrə yüksək ixtisaslı mütəxəssis hazırlayan yeganə ali təhsil ocağıdır. Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Aqrar Universitetin maddi-texniki bazası yüksək səviyyədədir. Regionda müasir standartlara cavab verən ilk tələbə yataqxanası da məhz Aqrar Universitetdə tikilib istifadəyə verilib. Lakin Universitetin ən böyük problemi təcrübə torpaqlarının olmamasıdır. Gəncə şəhərində təyinatı üzrə kənd təsəttüfatı torpaqları yoxdur. Bu da aqrar sahə üzrə mütəxəssislərin lazımi səviyyədə hazırlanmasında müəyyən problemlər yaradır.
Millət vəkili qeyd edib ki, bu məsəlinin aidiyyatı orqanlar tərəfindən həll edilməsi aqrar sahədə ixtisaslı kadrların hazırlanmasına böyük təkan vermiş olardı. Spiker Oqtay Əsədov deputatın təklifini dəstəkləyib.
Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Əli