Könül Nurullayeva: “Vahid məktəbli forması nizam-intizama xidmət edir” Cəmiyyət

Könül Nurullayeva: “Vahid məktəbli forması nizam-intizama xidmət edir”

“Məktəblərdə tətbiq edilən qaydalar, o cümlədən şagird və müəllimlərin geyim məsələsi təhsil mühitində nizam-intizamın, peşəkarlığın və qarşılıqlı hörmətin qorunmasına xidmət edir”.

Bu barədə millət vəkili Könül Nurullayeva “Xalq Cəbhəsi”nə açıqlamasında bildirib.

Onun sözlərinə görə, müəllim təhsil prosesinin əsas iştirakçılarından biri olmaqla yanaşı, şagirdlər üçün davranış nümunəsidir: “Müəllimin biliyi, ünsiyyət tərzi, davranışı və peşəkar görünüşü uşaqların məktəb mühitinə münasibətinə təsir göstərir. Müəllimin şəxsi seçimləri ilə peşə fəaliyyətinin tələbləri arasında düzgün tarazlığın qorunması vacibdir. Vahid məktəbli forması da bu yanaşmanın tərkib hissəsidir. Müəyyən edilmiş geyim qaydalarına riayət olunması uşaqlarda məsuliyyət və intizam vərdişlərinin formalaşmasına töhfə verir”.

Millət vəkili dünyəvi təhsilin mahiyyətinə də toxunaraq bildirib ki, bu prinsip ümumi təhsil standartlarının təmin olunması və bütün uşaqlar üçün ortaq təhsil mühitinin yaradılması ilə bağlıdır: “Məktəbdə geyim mədəniyyəti peşə məsuliyyəti, vahid qaydalar və qarşılıqlı hörmət prinsiplərinə söykənir.Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində şagirdlərin geyimi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. 2026-cı ilin sentyabrında qaydalara edilən dəyişikliklə müəyyən olunmuş geyim formasının vahidliyini pozan, eləcə də ümumi təhsilin dünyəvilik prinsipinə uyğun olmayan digər geyim elementlərinə məhdudiyyət müəyyənləşdirilib”.

K.Nurullayeva qeyd edib ki, burada dini inanclara hörmətsizlikdən və ya hər hansı qadağadan söhbət getmir.Əsas məqsəd məktəblərdə müəyyən edilmiş qaydaların qorunması və vahid təhsil mühitinin təmin edilməsidir.

Günel Elxan