Hərbi hissələrdə “Açıq qapı” günü keçirilib Cəmiyyət

Hərbi hissələrdə “Açıq qapı” günü keçirilib

Dövlət Sərhəd Xidmətində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının möhkəmləndirilməsi, hərbi qulluqçuların ailə üzvləri ilə əlaqələrin genişləndirilməsi və ictimaiyyətin sərhəd mühafizəsinin təşkili barədə məlumatlandırılması məqsədilə “Açıq qapı” günlərinin keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində təşkil olunmuş növbəti tədbirdə hərbi qulluqçuların valideynləri və yaxınları iştirak etmiş, övladlarının xidmət şəraiti və gündəlik fəaliyyəti ilə yaxından tanış olmuşlar.

Tədbirdə çıxış edənlər dövlət sərhədlərinin etibarlı mühafizəsinin yüksək peşəkarlıq, möhkəm intizam, məsuliyyət və Vətənə sarsılmaz sədaqət tələb etdiyini diqqətə çatdırmışlar.

Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə sərhədçilərin xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Şəxsi heyətə göstərilən dövlət qayğısı hərbi qulluqçuların ruh yüksəkliyinə, valideynlərin isə övladlarının xidmətinə olan inamının möhkəmlənməsinə müsbət təsir göstərir.

Bildirilmişdir ki, hərbi xidmət gənclərin yalnız fiziki və peşəkar hazırlığının deyil, həm də xarakterinin, iradəsinin və vətəndaşlıq mövqeyinin formalaşmasında mühüm mərhələdir. Bu prosesdə ailədən alınan tərbiyə, milli-mənəvi dəyərlərə bağlılıq və valideynlərin mənəvi dəstəyi xüsusi əhəmiyyət daşıyır.

Belə görüşlərin valideynlərlə hərbi hissə arasında qarşılıqlı etimadın güclənməsinə, gənc əsgərlərin xidmətə münasibətinin daha da məsuliyyətli xarakter almasına və kollektivdə sağlam mənəvi mühitin qorunmasına töhfə verdiyi qeyd olunmuşdur.

Valideynlər çıxışlarında övladlarının Vətən qarşısında borclarını şərəflə yerinə yetirmələrindən qürur duyduqlarını ifadə etmiş, onların hərtərəfli hazırlığına, sosial-məişət təminatına və sağlamlığının qorunmasına göstərilən diqqəti yüksək qiymətləndirmişlər.

Daha sonra qonaqlar hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmuş, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalarına baxış keçirmiş, şəxsi heyətin gündəlik fəaliyyətinin təşkili və sosial-məişət təminatı ilə yerində tanış olmuşlar.

Tədbirlərin sonunda səmimi ünsiyyət şəraitində valideynləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Cavid