“Elçibəy bizə ideoloji bir yol qoyub gedib” Siyasət

“Elçibəy bizə ideoloji bir yol qoyub gedib”

Yaşar Kələntərli: "Bu yol bizi Azərbaycanın bütövlüyünə aparır"

Yeganə Mehdibəyli: "Elçibəy insanlarda mübarizlik hissini oyada biləcək, onlara ruh verəcək bir lider idi"

Azərbaycan xalqı özünün qədim və təlatümlü tarixi mərhələlərində Cavanşir, Babək, Şəmsəddin Eldəniz, Şah İsmayıl Xətai, Cavad xan, Məhəmməd Əmin Rəsulzadə və bir çox digər görkəmli şəxsiyyətlər, sərkərdələr, dövlət və ictimai-siyasi xadimlərini yetişdirib. Həmin şəxsiyyətlər öz vətəninə və millətinə sədaqətlə xidmət edib, onun daha da inkişaf etməsi və çiçəklənməsi naminə fədakarlıqlarını əsirgəməyib və adlarını əbədi olaraq tariximizə yazıblar.
Belə şəxsiyyətlərdən biri də Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəydir.
Elçibəyin siyasi portreti haqqında müsbətli-mənfili müxtəlif fikirlər səslənsə də, istər tərəfdarları, istərsə də opponentləri tərəfindən o, xarizmatik və güclü lider kimi qəbul olunub.
Əbülfəz Elçibəy hələ tələbəlik illərindən sovet rejiminin müstəmləkə siyasətinə qarşı mübarizə aparıb, gizli tələbə dərnəkləri yaradıb və azadlıq ideyalarını geniş şəkildə yayıb. Eyni zamanda o, Bütöv Azərbaycan ideyasını da o dönmədən təbliğ edib. 1975-ci ildə həbs edilməsi də onu yolundan döndərə bilməyib. 1988-ci ildə Azərbaycan Xalq Hərəkatı başlayanda məhz Elçibəy onun öndərlərindən biri olub. O, Hərəkatın təşkilatlanan forması olan Azərbaycan Xalq Cəbhəsini yaradanlardan (iyul 1989) biri və ömrünün sonunadək onun əvəzedilməz sədri olub. Məhz AXC-nin gərgin mübarizəsi sayəsində Azərbaycanın müstəqilliyi haqqında tarixi Akt qəbul edilib (18 oktyabr 1991).
Əbülfəz Elçibəy təkcə Azərbaycan milli azadlıq hərəkatının öndəri yox, həm də bütün türk dünyasının aparıcı lideri və demokratiyanın carçısıydı.
8 iyun 1992-ci ildə Azərbaycan Respublikasında ilk dəfə demokratik yolla prezident seçilən Əbülfəz Elçibəy, ölkədə demokratiyanın bərqərar olması, Azərbaycanın tam suveren dövlətə çevrilməsi və xalqımızın rifahının yaxşılaşdırılması yolunda çox mühüm işlər görüb.
İyunun 24-ü Elçibəyin andan olmasının 80 illiyidir. Bu gün o, aramızda yoxdur, amma Elçibəyi sevən bütün dünya türkləri, azərbaycanlılarının qəlbində yaşayır. Azərbaycanın, millətin və xalqın bütövləşməsi uğrunda mübarizə aparan Elçibəy cəbhədaşları, Elçibəy məktəbinin məzunları da az deyil, onun ideyasını bu gün də qorxmadan, çəkinmədən həyata keçirən, böyük nüfuz sahibi təşkilat var - Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP).
Ənənəvi olaraq "Xalq Cəbhəsi" Elçibəyi öz səhifəsində yad etdi.
BAXCP-nin baş katibi Yaşar Kələntərli bildirdi ki, Azərbaycanda xalq hərəkatı başlayandan bu günə qədər ənənəvi olaraq 24 iyun bizim üçün ən əziz və yaddaşlardan silinməyəcək bir gün olaraq qalır və bu belə də davam edəcək: "Biz hər zaman bəyin sağlığında o hiss etmədən bu günü öz aramızda qeyd edirdik. Amma bəy dünyasını dəyişdikdən sonra partiya olaraq hər il iyunun 24-də bu tədbirə qatılmışıq və bundan böyük şərəf duyuruq. Elçibəy Rəsulzadənin davamçısı kimi tarixdə vətənpərvər şəxsiyyət kimi qalıb. O, xalqı dövlətin, müstəqilliyimizin qorunmasına, Azərbaycanın bütövləşməsinə səfərbər etmişdi. Beləcə Azərbaycan Xalq Cəbhəsini yaratdı. Bu gün ölkədə fəaliyyət göstərən bütün siyasi təşkilatlar Elçibəyin lideri olduğu AXC-nin köynəyindən çıxıb. Bu gün milli məfkurəyə bağlılıq Elçibəydən bizə qalıb. O, bizə ideoloji bir yol qoyub gedib, bu yol bizi Azərbaycanın bütövlüyünə aparır. Bu yolda biz heç vaxt öz əqidəmizdən dönə bilmərik, mübarizəmizi ildənilə daha da gücləndirəcəyik".
Y.Kələntərli onu da əlavə etdi ki, Elçibəyin vətənini, millətini sevməyi öyrətdiyi insanlar həmişə bunu özlərində qoruyub saxlayacaq və sonrakı nəsillərə də öyrədəcəklər: "Elçiubəy deyirdi ki, Təbrizdə, Zəncanda, Ərdəbildə göz bəbəyi kimi qorunub, gizlincə onu bağrına basıb sandıqlarda saxlanan Azərbaycan bayraqları vaxt gələcək yüksək tribunalardan dalğalanacaq. Bu gün İranda Azərbaycan bayraqları daha gizlədilmir, bərk əllərdə dalğalanmaqdadır. İnanırıq ki, Elçibəy ideyaları zaman-zaman gerçəkləşəcək. Biz də Elçibəy ideyalarını daşıyırıq. Bu ideyalar Azərbaycanı vahid, bütöv, qüdrətyli bir ölkəyə çevirəcək".
Yaşar Kələntərli onu da qeyd etdi ki, Elçibəy türk millətçilyinin bütövləşməsinə, Azərbaycanın müstəqillyinin, onun bütövləşməsi uğrunda mübarizə aparan şəxsiyyət olub:"O, həmişə deyirdi ki, vaxt gələcək Azərbaycan bütövləşəcək. Bu gün həmin proqnozun reallaşmasının şahidi oluruq. Bu gün Güneydə gedən proseslər ildən-ilə Azərbaycanın bütövləşməsinə aparır. Elçibəy Azərbaycanın, bütün türk dünyasının mübarizliyinə gəncləri cəlb etmişdi, gənclərin vətənpərvərlik ruhunda böyüməsini, millətini, dövlətini sevməsini istəyib və fəaliyyətini buna istiqamətləndirmişdi. Bu gün müxtəlif partiyalar var, həmin partiyaların rəhbərliklərində təmsil olunanların əksəriyyəti Elçibəy məktəbinin məzunlarıdır. Bizim partiya da adından göründüyü kimi Azərbaycanın bütövləşməsi, millətləşmə və dövlətləşmə ideologiyasına xudmət edir. Bu ideologiya Elçibəydən bizə ötürülüb. Gücümüz çatana qədər bu istiqamətdə fəaliyyət göstəririk. Hər il onun ölüm və doğum gününü məzarını ziyarət etməklə yad edirik. Biz Fəxri Xiyabana gedəndə Elçibəyin məzarını təkcə Azərbaycandan deyil, dünyanın müxtəlif yerlərindən gəlib ziyarət edənləri görürük. Bu onun böyüklüyündən və varlığından xəbər verir. Elçibəy bütün dünya türklərinin liderlərindən idi. Onun ideyaları yaşayır və yaşayacaq".
BAXCP MNTK-nın sədri Yeganə Mehdibəyli isə bildirdi ki, Elçibəy dövlətini, millətini və bütün türk dünyasını sevən böyük bir insan idi: "Elçibəy o qədər nəhəng idi ki, bir çərçivəyə sığmırdı. Mən hazırda BAXCP-də fəaliyyyət göstərirəm və fəxr edirəm ki, təmsil olunduğum paritya onun ideyalarını daşıyan insanlardan təşkil olunub. Biz onun ideyaları ilə partiyanın fəaliyyətini daha da genişləndiririk. Onun ölkəyə rəhbərlik etdiyi dönəmdə də Azərbaycan xeyli inkişaf etdi, uğurlara imza atdı. O narazı olan insanları müxtəlif təşkilatlarda fəaliyyət göstərməsinə şərait yaradır, barışdırıcı mövqedən məsələyə yanaşırdı. Hamını bir ideya – Bütöv Azərbaycan ideologiyası ətrafında birləşdirdi. Bütöv Azərbayycan Birliyi də bu ideyanı daşıyan adamların mərkəzinə çevrilmişdi. Orada professorlar, alimlər, gənclər var idi. Amma hamı eyni səviyyədə bir- birinə yanaşırdı. Çünki hamını birləşdirən bir ideologiya vardı və orada olan insanlar bütün varlığı ilə buna inanırdılar. Təkcə Bütöv Azərbaycan deyıl, Turan ideologiyası da bu təşkilatın əsas prioritetlərindən idi və daim bu barədə müzakirələr aparılırdı. Elçibəyin qoyduğu ideyalar yaşayır. Elçibəy nəhəng şəxsiyyət idi. Hesab edirəm ki, onun həyat və fəaliyyəti bundan sonra da araşdırılacaq və gələcək nəsillərə çatrdırılcaq. Mənim üçün 2 ən böyük şəxsiyyət var – Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy".
Y.Mehdibəyli onu da əlavə etdi ki, Elçibəy hər bir insanın fikrinə, düşüncəsinə hörmətlə yanaışırdı, dəyər verirdi:"Elçibəy heç kimdən, heç nədən qorxmurdu, mübariz idi, tutduğu yoldan dönmürdü. Elçibəy xalqı arxasınca apara bilən şəxsiyyət idi. Elçibəy insanlarda mübarizlik hissini oyada biləcək, onlara ruh verəcək bir lider idi. Bu günün özündə də xalqımızın, millətimizin Elçibəyə, onun ideyasının davamçılarına böyük ehtiyacı var. Elçibəy dönəmində Azərbaycanın siyasi səhnəsində bir demokratiya, açıqlıq vardı. Hamı öz fikrini, düşüncəsinə maneə, təzyiq olmadan ifadə edə bilirdi. Bu gün BAXCP-də də belə bir mühit mövcuddur. Fəxr edirəm ki, belə bir partiyada təmsil olunuram və partiyamısızn lideri, millət vəkili Qüdrət Həsənquliyev digər millət vəkillərindən və partiya sədrlərindən fərqli olaraq düşüncəsini, fikrini çəkinmədən ictimailəşdirə bilir. Qüdrət Həsənquliyev Azərbaycan xalqına, millətinə, cəmiyyətinə və dövlətçiliyin qorunmasına xidmət edən fikirləri açıq şəkildə söyləyən liderdi. Bu da Elçibəy məktəbindən bizə qalan xüsusiyyətdir, demokratik ənənədir. O vaxtı necə, indi də partiyamızın bütün toplantılarında bu demokratiklik qorunub saxlanılır".
… Elçibəyə görə, "Bir gün gələcək bütün yollar dağlar sultanı, dağlar şahənşahı, dağlar piri Savalana gedəcəkdir!" Şübhəsiz, Savalana gedəcək yolların içərisində ikisi Azərbaycan türklüyü üçün həyati önəm daşıyır: M.Ə.Rəsulzadənin azadlıq və istiqlal yolu, bir də Elçibəyin bütövlük yolu!
… Bu gün müxalifəti birləşdirəcək Еlçibəy lidеrliyinə möhtac olduğumuz kimi, sabahkı milli dövlət quruculuğunda da bütün milləti birləşdirəcək Еlçibəy lidеrliyinə böyük еhtiyac var. Unutmayaq ki, milli dövlət quruculuğuna lidеrlik еdəcək şəxsdə hökmən birləşdiricilik qabiliyyəti, ağsaqqallıq, dеmokratik idarəеtmə təcrübəsi, insansеvərlik, saflıq, təmənnasızlıq və s. kеyfiyyətlərlə yanaşı, həm də mütləq iki mühüm özəllik olmalıdır. Həmin şəxs gеrçək bir millətçi və gеrçək bir dеmokrat olduğunu sözdə yox, həm də əməldə sübut еtməlidir. Çox üstün bir səviyyədə bütün bu kеyfiyyətlərə malik olan Əbülfəz Еlçibəy təkcə Azərbaycanda yox, bütövlükdə Türk Dünyasında millətçiliklə dеmokratiyanın ən optimal vəhdətini yaratmış və Türk Dünyasında milli dеmokratiyanın örnək lidеrinə çеvrilib.
Cavid