“Paşinyanın qurduğu planlar tamamilə alt-üst ola bilər“ Siyasət

“Paşinyanın qurduğu planlar tamamilə alt-üst ola bilər“

Elman Məmmədov: "Seçki ərəfəsində Ermənistanda ciddi qarşıdurmaların olması gözləniləndir"

"Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında yamaq, əlavə yükdür. Çünki Ermənistan bu təşkilata heç bir töhfə vermək iqtidarında deyil". Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib. Azərbaycanın KTMT-yə üzv olan 6 ölkənin 5-i ilə ən yüksək səviyyədə əməkdaşlıq münasibətlərinə malik olduğunu deyən deputat həmin ölkələrin Ermənistanla heç bir sərhədə və əlaqəyə malik olmadığını dilə gətirib. O deyib ki, Ermənistan KTMT-tə etibarsız, hörmətdən düşmüş üzv kimi qəbul olunur: "Bu, dəfələrlə Ermənistan nümayəndələrinə də deyilib. Buna sübut son baş verən hadisələrdir".
Deputatın sözlərinə görə, Ermənistan tək bu təşkilatda deyil, ümumiyyətlə üzv olduğu bütün təşkilatlarda problem, qarışıqlıq, təxribat yaratmaqdan başqa heç nəyə lazım deyil: "Ona görə də təşkilatlar bir növ Ermənistandan canlarını qurtarmaq istəyirlər".
Ermənistanın müstəqil dövlət olmadığını xatırladan E.Məmmədov söyləyib ki, bu ölkədə heç zaman hökumət rəhbəri erməni ictimaiyyətinin istəyi ilə seçilməyib, onlar təyin olunublar: "Bundan əvvəl Ter Petrasyan qərbyönümlü olduğu üçün oradan, Koçaryan, Sarkisyan şimal qonşumuz tərəfindən müdafiə olunduqları üçün onlar tərəfindən təyin olunublar. İndi Paşinyanın müqəddəratı da onun həyata keçirdiyi siyasətdən asılıdır. Çünki, o iki tərəfə oynayır. Amma hər kəsə məlumdur ki, Paşinyan qərbyönümlüdür və onların himayəsi ilə də hakimiyyətə gəlib. Hakimiyyətə gəldiyi ilk gündən də Rusiya əleyhinə mövqe göstərir. Bunu Moskva ona bağışlamayacaq".
Deputat hesab edir ki, seçki ərəfəsində Ermənistanda heç də sakitlik olmayacaq və Paşinyanın qurduğu planlar tamamilə alt-üst ola bilər: "Çünki, Koçaryan, Sarkisyan və müxalifətin digər qrupları hələ tamamilə təcrid olunub, zərərsizləşdirilməyiblər. Onların orduda, cəmiyyətdə, parlamentdə də kifayət qədər tərəfdarları var. Bu səbəbdən seçki ərəfəsində Ermənistanda ciddi qarşıdurmaların olması gözləniləndir".