İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb Siyasət

İstanbulda XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb

Fevralın 6-da İstanbul şəhərində XXII Avrasiya İqtisadi Zirvə toplantısı işə başlayıb.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.
AZƏRTAC-ın da informasiya dəstəyi verdiyi toplantıda qırxa yaxın ölkənin yüksək səviyyəli dövlət və hökumət nümayəndələri, sabiq prezidentlər, deputatlar, beynəlxalq təşkilatların təmsilçiləri, ictimai-siyasi xadimlər iştirak edirlər. Builki tədbir "Gələcək üçün məsuliyyət" devizi altında keçirilir.
Zirvə toplantısının açılışında Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlətimizin başçısı İlham Əliyevin iştirakçılara təbrik məktubunu oxuyub.
Sonra Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver, İstanbul Geyim Əşyaları İxracatçıları Birliyinin rəhbəri Mustafa Gültəpə və başqaları çıxış ediblər.
İki gün davam edəcək toplantıda texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular müzakirə olunacaq.
Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi 22 ildir ki, Avrasiya İqtisadi Zirvəsini sülh və dialoq layihəsi olaraq həyata keçirir. Bu toplantılar aktual problemlərin müzakirə edildiyi mühüm platforma olmaqla bərabər regionun inkişafına və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verir.