“Rusiya Qarabağ məsələsində öz xəttini davam etdirir” Siyasət

“Rusiya Qarabağ məsələsində öz xəttini davam etdirir”

“Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi toplantısı keçirilirdi. Azərbaycan Prezidenti İlham Əliyev də bu toplantıda iştirak etdi. Bu toplantıda Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutmadı. Halbuki tərəflər bundan əvvəl bu kimi toplantılarda görüşləri baş tutmuşdu”. “Xalq Cəbhəsi”nin məlumatına görə, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Politoloq bildirib ki, Baş nazir Nikol Paşiyan bu konfransdan qayıtdıqdan sonra Rusiyadan tadarük edilən müdafiə sistemlərinə baxış keçirib, İrəvanda Qarabağdakı separtaçı rejimin başçısı Bako Saakayanla birgə Təhlükəsizlik Şurasının iclasına qatılıb: “Əlbəttə, bu, bir daha Ermənistan rəhbərliyinin Qarabağ danışıqlarından qeyri-konstruktiv mövqedə dayanmasının təzahürü idi. Görünən budur ki, Paşinyan ağası Rusiyadan arxayın olduğu üçün çox rahatlıqla bu kimi mövqelər ortaya qoyur.
Hesab edirəm ki, Moskva hələ də ənənəvi siyasətinə sadiq qalaraq, münaqişənin həllində danışıqlar aparamaqdan yayınır. Halbuki Rusiya Prezidenti Putin istəsəydi, məsələnin həllində irəliləyişə nail ola bilərdi. Amma Putin Ermənistanda siyasi hakimiyyətin dəyişməsindən asılı olmayaraq, yenə də danışıqlarda maraqlı deyil”.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya konfransın getdiyi vaxt işğalçı ölkəyə hava hücumundan müdafiə sistemləri göndərib: “Bu da Ruiyanın Azərbaycana mesajı idi. Moskvanın bizə göndərdiyi mesajın mahiyyəti belədir: baxmayaraq ki, qonşu ölkəyik, srtateji tərəfdaşıq və siyasi əlaqələr normaldır, amma Rusiya Qarabağ məsələsində öz xəttini davam etdirir. Bu mesaj həm də o mahiyyəti kəsb edir ki, Moskvanın şərtləri qəbul edilməyənə qədər Ermənistan hərbi yadım davam etdiriləcək.
Artıq Rusiya Ermənistana 4 ədəd “SU-30SM” qırıcılarının satışına icazə verib. Rusiya çalışır ki, hava hücumundan müdafiə sahəsində Azərbaycan və Ermənistan arasında balans yarada bilsin. Çünki Ermənistan bu məsələdə dəfələrlə Azərbaycandan geridə qalır.
Bir məqamı qeyd edim ki, Ermənistan tərəfi Rusiyadan aldığı yeni sistemləri işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirəcək. Göründüyü kimi, Rusiyanın bu addımları diplomatik və qonşuluq prinsipləri ilə uzlaşmır. Üstəgəl, Azərbaycanın Avrasiya İttifaqı layihəsinə qoşulmasına cəhdlər edir. Buna adekvat olaraq isə Ermənistandan işğal etdiyi ərazilərdən “geri çəkil” əmri vermir. Rusiya ilk addımın Azərbaycan tərəfindən atılmasında maraqlıdır”.