
Gəncədə gələcək perspektivlər və münasibətlər müzakirə olunub
Cavid
Gəncədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı ilə üçtərəfli görüş keçirilib.
Görüşdə ölkələr arasındakı münasibətlər və regional əməkdaşlıq məsələləri, həmçinin Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin icrası məsələsi müzakirə olunub. Bu layihənin 2015-ci ilin əvvəlinədək başa çatdırılması nəzərdə tutulur.
Xarici işlər nazirlərinin görüşü Gəncə bəyannaməsinin imzalanması ilə başa çatıb. Bəyannamədə deyilir ki, bu sənəd 2012-ci il Trabzon bəyannaməsi və 2013-cü il Batumi kommunikesinin davamı olaraq üçtərəfli münasibətlərin bütün sahələr üzrə genişləndirilməsini nəzərdə tutur.
Üçtərəfli görüşdən sonra xarici işlər nazirləri birgə mətbuat konfransı keçiriblər.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, həm ikitərəfli, həm də üçtərəfli görüşlərdə Azərbaycan və Gürcüstan ərazisindəki həll olunmamış münaqişələr, enerji və infrastruktur layihələri, o cümlədən Bakı-Tiflis-Qars dəmir yolunun inşası məsələsi müzakirə olunub.
Növbəti üçtərəfli görüş Türkiyənin Qars şəhərində keçiriləcək.
Bundan başqa nazirlər Gəncədə Gürcüstanın baş konsulluğunun rəsmi açılış mərasimində də iştirak ediblər. Gəncədə Türkiyənin də baş konsulluğu fəaliyyət göstərir.
Bu görüşün ölkələr arasında əməkldaşlığa böyük təsir göstərəcəyi bildirilir.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli deyib ki, Gəncə şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşünün keçirilməsi özü-özlüyündə çox mühüm hadisədir. Çünki hər üç dövlət bir-birinin strateji tərəfdaşıdır.
Politoloqun sözlərinə görə, heç şübhəsiz ki, bu görüşün böyük siyasi əhəmiyyəti var: "İkincisi, bunun əhəmiyyəti ondan ibarətdir ki, həmin əlamətdar görüş paytaxt Bakıda deyil, məhz Gəncə şəhərində keçirilib. Bu bir daha onu göstərir ki, Azərbaycanın bütün regionları da inkişaf edib. Təbii ki, bizim üçün ən vacib məqamlardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlərin burada müzakirəsi ilə bağlıdır. Heç şübhəsiz ki, bu formatda danışıqlarda həmin məsələ ətrafında da müzakirələr olunub. Bu müzakirələrin nəticəsində isə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı fikirlər səslənib. Çünki bu məsələdə Gürcüstanın və Türkiyənin mövqeyi hər zaman Azərbaycanın mövqeyi ilə üst-üstə düşüb. Strateji tərəfdaşlar olaraq biz bu məsələdə ortaq məxrəcdən çıxış edirik. Gürcüstan prezidentinin Azərbaycana ilk rəsmi səfəri zamanı da bir daha tərəflər belə fikir vurğuladılar ki, Cənubi Osetiya və Abxaziya Azərbaycanı Gürcüstanın toprağı kimi, eyni zamanda da qarşılıqlı olaraq Gürcüstan dövləti Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Hesab edirəm ki, üç qonşu dövlətin xarici işlər nazirlərinin görüşü həm regional, həm də beynəlxalq məsələlərin müzakirəsi baxımından yaddaqalan olacaq".
Onu da qeyd edək ki, bu görüş ərəfəsində Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə "Azərbaycan-Gürcüstan-Türkiyə: üçtərəfli ittifaq və regional siyasətin gələcəyi" mövzusunda beynəlxalq konfrans keçirilib.
SAM-ın direktoru Fərhad Məmmədov qeyd edib ki, Azərbaycan-Türkiyə-Gürcüstan münasibətlərinin çoxşaxəli olması dövlətlər arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Lakin rəsmi münasibətlərin fonunda ölkələrin strateji araşdırmalar mərkəzləri arasında münasibətləri daha zəif görünür: "Bu baxımdan bu konfrans bu əlaqələrin inkişafına təkan verəcək. Regionda sülh və təhlükəzilik inkişafı səciyyələndirən xüsusiyyətdir. Biz isə ictimai rəydə hər üç ölkə haqqında müsbət rəyin formalaşmasında öz töhfəmizi verə bilərik. Biz inkişaf baxışlarımızı sinxronlaşdıra bilmişik. Uzunmüddətli məqsədlərimiz də birdir. Biz regionda təhdid görmək istəmirik. Biz Azərbaycan olaraq regionun daxili inteqrativ funskiyasını artırmaq niyyətindəyik və digər regionlara inteqrasiyanı da dəstəkləyirik".
Qara Dəniz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yalçın Sarıkaya isə bildirib ki, Azərbaycan, Gürcüstan və Türkiyə son 10 il ərzində müxtəlif sahələrdə uğurla əməkdaşlıq edir. Hər üç ölkənin birgə həyata keçirdiyi böyük layihələr əməkdaşlığın inkişafının bariz nümunəsidir.
Ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın da inkişaf etdiyini deyən Y.Sarıkaya bildirib ki, Azərbaycan son illər çox sürətlə inkişaf edir. Rəsmi Bakının digər ölkələrə olduğu kimi, Türkiyəyə də böyük investisiya yatırımlarını xüsusi qeyd etmək lazımdır.
Gürcüstanın Siyasət Mərkəzinin direktoru Karneli Kakaçia isə hər üç ölkə arasında nümunəvi dostluq əlaqələrinin olduğunu söyləyib. K.Kakaçia Azərbaycanın hər zaman Gürcüstanın yanında olmasının ölkəsində yüksək qiymətləndirildiyini vurğulayıb.
Onu da vurğulayaq ki, Azərbaycan-Gürcüstan-Türkiyə strateji əməkdaşlığı ölkələrin liderləri ilə yanaşı xalqların tarixi əlaqələrinə əsaslanır. Üç ölkəni həm də regional təhlükəsizlik, böyük iqtisadi layihələr, ərazi bütövlüyü, qarşılıqlı faydalı investisiya maraqları birləşdirir. Regionun digər ölkəsi Ermənistan isə qərb-şərq vektorundan kənar maraqlara xidmət edir. Hər üç dövlətin münasibətlərinin çoxvektorlu olduğu və müttəfiqliyin çətin günlərin sınağından çıxdığı göz qabağındadır. Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstanın iqtisadi yüksəlişinin dəstəklənməsi, 2006-cı ilin çətin qışında Gürcüstanın Azərbaycan tərəfindən enerji ilə təmin etməsi bunu deməyə əsas verir. Bundan başqa Azərbaycan hazırda Gürcüstanda ən böyük sərmayədardır. Türkiyədə isə 2018-ci ildə birinci böyük sərmayədara çevriləcək. BP şirkətinin hesablamalarına görə, yalnız TAP layihəsi Gürcüstana 2 milyard dollar gəlir gətirəcək, 17 000 yeni iş yeri açılacaq. Türkiyədə isə 5 min yeni iş yeri açılacaq.
Ekspertlər eyni zamanda üç ölkə gənclərini birləşdirən fondun yaradılmasını, birgə səfərlərin təşkilini, təhsil əlaqələrinin genişləndirilməsini, turisti və ticarət əlaqələrinin inkişafını vacib sayırlar. Qara Dəniz Strateji Araşdırmalar Mərkəzinin direktoru Yalçın Sarıkaya bildirib ki, bu baxımdan Gürcüstan türkiyə əlaqələri nümunə ola bilər. İki ölkə vətəndaşları sərhəd keçid məntəqələrindən sadələşdirilmiş şəkildə keçir, pasport tələb olunmur. Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri yüksəkdir. Əlaqələr Türkiyənin bütün təhsil səviyyələrində yer alır.