Hesablama Palatasının sədri Milli Məclisdə hesabat verib Siyasət

Hesablama Palatasının sədri Milli Məclisdə hesabat verib

Vüqar Gülməmmədov: “2019-cu ildə 21,3 milyon manat vəsaitin bərpası təmin edilib”

Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyində Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında, Hesablama Palatasının illik (2019-cu il) hesabatının təqdim olunması və digər məsələlər daxil edilib.
İclasda öncə “Azərbaycan Respublikası Baş prokurorunun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb. Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatına əsasən Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə idarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev deyib ki, Prezident İlham Əliyevin təqdimatı ilə Milli Məclisə Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında məsələ daxil olub. O bildirib ki, K.Əliyevin fəaliyyəti dövlət tərəfindən yüksək qiymətlənidirilir: “Ümid edirəm ki, Milli Məclis Prezidentin təqdimatını dəstəkləyəcək. Hesab edirəm ki, Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyin edilməsinə razılıq veriləcək”.
Milli Məclis Sədrinin I müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyinin irəli sürülməsi hüquq ictimaiyyəti tərəfindən müsbət qarşılanır. O bildirib ki, bu illər ərzində Milli Məclislə Baş Prokurorluq arasında sıx əməkdaşlıq olub: “Kamran Bayram oğlu Əliyevin namizədliyini Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında komitənin üzvəri bütövlükdə dəstəkləyərək müsbət rəy veriblər. İnanıram ki, bundan sonra da belə olacaq”.
Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc çıxışını yazılı formada təqdim edib. O bildirib ki, Prezident Antikorrupsiya qurumuna mühüm kadr ehtiyatı kimi yanaşır: “Əvvəlcə Prezident Administrasiyası siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri hörmətli Ədalət Vəliyevin plenar iclasda ilk dəfə iştirakını və təqdimatını yüksək qiymətləndirir, Prezident və Parlament arasında birbaşa əlaqələrin qurulması baxımından bunu son dərəcə vacib struktur adlandırırıq. Bəli, bu gün dövlətçiliyimiz üçün son dərəcə əhəmiyyətli bir təqdimatı müzakirə edirik. İndi xalqımız, o cümlədən parlamentarilər Prezident İlham Əliyevin 2019-cu ildən bütün hakimiyyət qollarında apardığı genişmiqyaslı dəyişikliklərin, əslində yeni hakimiyyət quruculuğu siyasətinin növbəti ugurlu davamına şahidlik edir. Əslində bu addım ölkə rəhbərinin 3 aprel 2019-cu ildə “Məhkəmə və hüquq sistemində islahatları dərinləşdirilməsi”nə dair mühüm fərmanın tərkib hissəsidir…”.
Zahid Oruc yeni baş prokuror barədə də fikirlərini bölüşüb: “O, Korrupsiyaya qarşı mübarizə Baş İdarəsindən yüksək dövlət təyinatı alan artıq 2-ci şəxsdir. Bundan əvvəl hörmətli Əli Nağıyev yüksək peşəkarlıq keyfiyyətləri nəzərə alınaraq Milli Təhlükəsizlik orqanlarına rəhbər təyin olunmuşdu. Yeri gəlmişkən, təhlükəsizlik sisteminin nüfuzunun bərpasında, qanunsuzluğa qarşı mübarizədə bu dəyişiklik əhəmiyyətli rol oynadı. Deməli, prezident Antikorrusiya qurumuna mühüm kadr ehtiyatı kimi yanaşır. Kamran Əliyev maraqların toqquşduğu çətin bir sahədə adını və nüfuzunu qorumağı bacarıb. Biz inanırıq ki, istintaqın əsas hissəsini aparan, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında üzərinə böyük məsuliyyət düşən Prokurorluq orqanları və Baş prokuror yüksək ləyaqəti ilə dövlət başçısının və xalqın etimadını doğruldacaqdır!”.
Müzakirələrdən sonra məsələ səsə qoyulub. Deputatlar səsvermədə Kamran Əliyevin Baş prokuror vəzifəsinə namizədliyinin lehinə səs veriblər.
Qeyd edək ki, Kamran Əliyev Baş prokurorun müavini – Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisidir.
Azərbaycanın yeni Baş prokuroru Kamran Əliyev Milli Məclisin iclasında deyib ki, mənə yüksək etimat göstərdiyinə görə möhtərəm Prezident İlham Əliyevə öz dərin təşəkkürümü buldirirəm.
Kamran Əliyev bildirib ki, Azərbaycan müstəqillik illərində çətin və şərəfli inkişaf yolu keçib. O qeyd edib ki, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmiz ağır vəziyyətdən çıxaraq inkişaf yoluna qədəm qoyub.
Kamran Əliyev qeyd edib ki, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyada qabaqcıl mövqelərdən birini tutub. O əlavə edib ki, Prezident İlham Əliyevin qəti siyasəti nəticəsində koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlər öz nəticəsini verib, əhali və sahibkarlıq subyektləri tam olaraq dövlət dəstəyi ilə əhatə olunub.
Daha sonra Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti barədə hesabatı dinlənilib. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məruzə ilə çıxış edib. O qeyd edib ki, 2019-cu ildə 47 audit və 6 analitik fəaliyyət həyata keçirilib, yeni Qanunun tələblərinə uyğun olaraq 28 uyğunluq, 7 maliyyə, 8 maliyyə və uyğunluq auditi və ilk dəfə olaraq 4 səmərəlilik auditi aparılıb.
V.Gülməmmədov deyib ki, audit prosesi müxtəlif mərhələyə malik olan prosesdir və bu proses zamanı kənar dövlət maliyyə nəzarəti obyekti ilə müəyyən edilmiş hər pozuntunun müxtəlif səviyyələrdə müzakirəsi həyata keçirilib: “Hesabatda 43 maliyyə və uyğunluq auditinin nəticələri icmallaşdırılıb, yol verilən pozuntular təsnifləşdirilərək ayrı-ayrı audit olunan qurumlar üzrə say və ümumi məbləğdə xüsusi çəkisi müəyyən edilib. Ötən il Hesablama Palatasının auditorları tərəfindən 561 sayda nöqsan müəyyən olunub”.
Palata sədri əlavə edib ki, aşkar edilən nöqsan bir auditə orta hesabla 13,1 nöqsan deməkdir: “Əvvəlki illə müqayisə etsək 2019-cu ildə nəticələri üzrə müəyyən edilmiş nöqsanlar təsnifləşdirilmiş nəzarət tədbirlərinin sayı 18,9 faiz, nöqsan sayı isə 21,4 faiz azalıb, nəticədə 2018-ci illə nisbətən 1 tədbirə düşən nöqsan sayında azalma təqribən 3 faiz təşkil edib”.
Onun sözlərinə görə, maliyyə və uyğunluq auditin nəticələri göstərdib ki, əvvəlki illərdə olduğu kimi əsas pozuntular büdcə qanunvericiliyi, dövlət satınalmaları, dövlət əsaslı vəsait qoyuluşları kimi sahələrdə, eləcə də mühasibat uçotu və hesabatlılıqla bağlı pozuntular üstünlük təşkil edir: “Yol verilən nöqsanların təhlili və daha çox rast gəlinmiş pozuntular onu qeyd etməyə imkan verir ki, dövlət vəsaitlərinə nəzarət, ilk növbədə, dövlət satınalmalarının şəffaf keçirilməsinə və dövlət əmlakından səmərəli istifadəsinə nəzarətin təşkilindən keçir”.
Vüqar Gülməmmədov, həmçinin qeyd edib ki, 2019-cu ildə 21,3 milyon manat vəsaitin bərpası təmin edilib ki, həmin vəsaitin 19,6 milyon manatı dövlət büdcəsinə, 1,3 milyon manatı büdcədənkənar dövlət fondunun büdcəsinə və 335,4 min manat vəsait qurumların hesabına daxil olub: “2019-cu ildə 3 milyon manat dəyərində mal-materialın natura formasında bərpası təmin edilib, 1,1 milyon manat görülməmiş işlər yerinə yetirilib, 2,8 milyon manat artıq ödənilmiş vəsait sonrakı ödənişlər hesabına əvəzləşdirilib, 5,4 milyon manat məbləğində debitor borcun bağlanılması və 376 min manat məbləğində əsasız kreditor borcun ləğv edilməsi təmin olunub”.
O qeyd edib ki, büdcə vəsaitlərinin bir hissəsi qanunauyğun şəkildə icra edilsə də, onlar müəyyən meyarlar üzrə səmərəsiz xərclər hesab edilir:
“Hesabat ilində səmərəlilik auditi ilə yanaşı, son illərdə olduğu kimi, səmərəsiz xərc hesab etdiyimiz bəzi əməliyyatları da icmallaşdırılıb və bu əməliyyatlar ümumilikdə 75 milyon manat məbləğində qiymətləndirilib. Səmərəsiz istifadə dedikdə, ayrılan vəsaitin il ərzində istifadə edilməməsini, tələbatdan artıq malların alınması və uzun müddət anbarlarda istifadəsiz qalmasını, daha az xərclə oluna biləcək alış və xidmətlərin həyata keçirilməməsini, dövlət vəsaitinin istifadəsi zamanı dövlət alışları üzrə bağlanmış müqavilənin münasib şərtlərinin seçilməməsini, dövlət proqramında müəyyən edilmiş hədəflərə nail olunmaması və ya qismən nail olunmasına aid edilib”.
Daha sonra millət vəkilləri məruzəni müzakirə ediblər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib ki, dövlət maliyyə nəzarəti orqanın fəaliyyətinin anlaşılan olması vətəndaşın inamını daha da artıran parametrlərdir.
O bildirib ki, daimi olaraq beynəlxalq təcrübənin öyrənilməsi palatanın elmi fəaliyyətinin güclənməsi deməkdir: “2019-cu ildə ilk dəfə təkcə xərclərin deyil, həm də büdcə gəlirlərinin audit edilməsi mühüm addımdır. Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsi ümumilikdə hesabata müsbət rəy verib. Amma bizi narahat edən bəzi məqamlar da var. 2019-cu ildə audit fəaliyyətinin azalması bizi narahat etməyə bilməz. Yoxlanılan təşkilatların informasiya sistemlərinə çıxışının az olması qarşıya qoyulan hədəflərə nail olunmasına ciddi əngəl yaradan amillərdəndir. Uğurlu fəaliyyətin əsas kriteriyası yalnız cəza vermək, büdcəyə vəsait cəlb etmək deyil. Azərbaycanda sosial dövlət konsepsiyasının həyata keçirildiyini nəzərə almalıyıq”.
O qeyd edib ki, hesabat həm də komitə qarşısında böyük çağırışlar yaradır: “Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var - xüsusilə Büdcə Məcəlləsinin qəbul edilməsinə. “Satınalmalar haqqında” qanunun təkmilləşdirilməsinə də zəruri ehtiyac yaranıb”.
Milli Məclisin Regional məsələlər komitəsininn sədri Siyavuş Novruzov isə bəzi nazirliklərin aparatlarında islahatların aparılmasını vacib hesab edir. Siyavuş Novruzov bildirib ki, bəzi nazirliklərin aparatları şişirdilmiş aparatlardır. Onun fikrincə, Hesablama Palatası bu məsələyə diqqət yetirməlidir. Siyavuş Novruzov dövlət qurumlarında aparat rəhbərlərinin də təyin olunması məsələsinə toxunub: “Hamı aparat rəhbəri təyin edir. Mənzil istismar sahəsindın tutmuş icra hakimiyyətinə qədər hamı aparat rəhbəri təyin edir. Bəs onda müavin funksiyası harda qalır?”.
Siyavuş Novruzov əlavə edib ki, bütün nazirliklərdə mətbuat xidmətlərin təyin olunmasına da toxunub. O qeyd edib ki, mətbuat xidməti ancaq zəruri qurumlarda olmalıdır: “Karantin dövründə də gördük ki, nazir qalıb kənarda, bunun mətbuat xidməti xalqa “əlləzinə” oxuyur. Əgər xalqın qarşısına çıxmağa üzü yoxdursa və ya qabiliyyəti çatmıra getsin otursun evdə. Nazirin vəzifəsi ictimaiyyət qarşısına çıxmaq və ictimaiyyəti birbaşa məlumatlandırmaqdır”.
Deputat Fazil Mustafa deyib ki, Hesablama Palatasının hesabatında bəzi çatışmazlıqlar var. O bildirib ki, hesabat ilində sadəcə 5 auditin nəticəsi ilə bağlı Baş Prokurorluğa müraciət edilməsi kifayət qədər azdır: “Bu say çox olmalı idi. Ayrılan vəsaitin niyə səmərəli xərclənməməsi ilə bağlı qurumlar üzərində məsuliyyət artırılmalıdır”.
Müzakirələrdən sonra illik məruzə səsə qoyularaq qəbul edilib.

Əli