Azərbaycan diasporunun etiraz aksiyasına maneə olmağa çalışan erməni lobbisi acizliyini göstərdi Siyasət

Azərbaycan diasporunun etiraz aksiyasına maneə olmağa çalışan erməni lobbisi acizliyini göstərdi

İyulun 19-da Fransadakı erməni təşkilatları koordinasiya şurasının (CCAF) həmsədri Murad Papazyan və bu ölkədə erməni apostolik kilsəsinin primatı Vahan Hovanessyanın rəhbərliyi ilə erməni Daşnaksutyun partiyasının və beynəlxalq səviyyədə terror təşkilatı kimi tanınan ASALA-nın ideoloji tərəfdaşları və davamçıları olan “Gənc daşnaklar” (FRA Nor-Seround) fraksiyasının üzvləri parisdəki Azərbaycan səfirliyi qarşısında qeyri-qanuni yığıncaq keçirib.

AZƏRTAC xəbər verir ki, özü qeyri-qanuni yığıncaq təşkil edən erməni lobbi aktivisti M.Papazyan Azərbaycan diasporunun Ermənistan səfirliyi qarşısında qanuni təşkil etdiyi aksiyanın qarşısını almağa və onun Daxili İşlər Nazirliyinin müvafiq orqanları tərəfindən ləğv edilməsinə çalışıb. Bu məqsədlə M.Papazyan Parisin meriyasından başlayaraq bütün aidiyyəti instansiyalara yazılı müraciət edib. Hətta, Fransada rəhbərlik etdiyi erməni mətbuatında da müxtəlif aidiyyəti orqanların rəhbərlərinə müraciətlər dərc etdirib. Ancaq M.Papazyanın istəyi baş tutmayıb. Onun diasporamızın qanuni aksiyasına mane olmaq cəhdləri alınmayıb və əksinə, aksiya polis və jandarmlar tərəfindən mühafizə olunub. Heç bir instansiyadan müsbət cavab ala bilməyən lobbi aktivisti özünü rüsvay edib.

Azərbaycan icmasının Ermənistan təcavüzünə etiraz aksiyasına maneə olmaq üçün FRA Nor-Seround fraksiyasının üzvləri və M.Papazyan erməni icmasının üzvlərinə üz tutaraq, onları Ermənistan səfirliyinin qarşısına toplaşmağa və Azərbaycan diasporasının etiraz aksiyasına maneə olmağa çağırıblar. Artıq daşnakların mənfur ideologiyasını həzm edə bilməyən erməni icması bu çağırışlara cavab verməyib və onlara qoşulmayıb. Bu, son günlər tez-tez səsləndirilən məlumatı, Fransadakı erməni icması daxilində fikir ayrılığının daha da artdığını təsdiqləyir. Artıq Fransadakı erməni icmasının üzvləri daşnakların çağırışlarına cavab vermirlər. Azərbaycan diasporasının Ermənistan təcavüzünə etiraz aksiyasına maneə olmaq üçün gələn FRA Nor-Seround fraksiyasının bir neçə üzvü fransız polisi və jandarmları tərəfindən blokada edilib. Onların zorakı hərəkətlərinin qarşısı qətiyyətlə alınıb. Polisin qanuni fəaliyyətindən qəzəblənən ermənilər Paris küçələrində ayrı-ayrılıqda aksiya iştirakçılarına xəsarət yetirməyə çalışsalar da, onların zorakı hərəkətlərinin qarşısı polis tərəfindən vaxtında alınıb.

Dünyada erməni lobbisinin ən çox və ən güclü olduğu Fransada Azərbaycan diasporu Azərbaycan əsgərinə həmrəylik, dəstək və Ermənistan təcavüzünə etiraz aksiyasını dinc şəkildə həyata keçirib.

Parisdə Azərbaycan diasporasının Ermənistan hərbi təxribatına etiraz aksiyası azərbaycanlıların harada olmasından asılı olmayaraq, Ali Baş Komandanının ətrafında sıx birləşdiyini əks etdirir.